05 Dekabr

Avropanı və Asiyanı dəyişdirəcək qaz kəmərləri

Bir il ərzində dörd böyük yeni qaz kəməri istismara verilməlidir. Onlar Avropa və Asiyada təchizat sistemini əhəmiyyətli dərəcədə dəyişdirəcəklər. Boruların keçdiyi ölkələrdə mövcud güc balansı sarsılacaq. Bu barədə jurnalist Eduard Ştayner (Eduard Steiner) “Die Welt” nəşrində yazır.

Başlanğıcı Azərbaycan və Türkiyə qoyub. Şənbə günü hər iki ölkənin dövlət başçısı və digər rəsmi nümayəndələr Xəzər dənizindən Türkiyə üzərindən Transadriatik qaz kəməri vasitəsilə Albaniya, İtaliya və daha sonra Qərbi Avropaya uzanan qaz kəmərini işə salmaq üçün Türkiyə-Yunanıstan sərhədinə gəliblər. Boru kəməri tam gücü ilə işə düşəndə bu marşrutla Avropaya ildə 10 milyard kubmetr təbii qaz tədarük etmək mümkün olacaq.

Bu rəqəm Avropa tələbatının 2% -ni təşkil etsə də, açılış mərasimi bir çox səbəbdən səbirsizliklə gözlənilib. Bir tərəfdən, yeni qaz dəhlizi Avropanın rus qazından asılılığını bir qədər zəiflədəcək. Digər tərəfdən, boru kəmərinin buraxıcılıq qabiliyyətini tez bir zamanda iki dəfə artırmaq olar. Avropa ölkələrinin çoxu da qaz idxalını diverfikasiya etmək üçün məhz belə bir imkandan yararlanmaq istəyir.

Türkiyə də razıdır. Çünki tranzit ölkə kimi özünü əlavə gəlirlə təmin edib və geoiqtisadi əhəmiyyət qazanıb. Lakin ən çox Azərbaycan sevinir. Belə ki, ölkə məhz bu hadisə sayəsində infrastruktur təcriddən çıxa bilib.

Bütün bunlar hələ bir neçə il öncə Avstriyanın “OMV” enerji şirkətinin rəhbərliyi ilə həyata keçirilən “Nabukko” qaz kəməri layihəsi çərçivəsində planlaşdırılmışdı. Amma o vaxt plan baş tutmadı: Avropa ölkələri və qaz hasilatı ilə məşğul olan Xəzəryanı ölkələr razılığa gələ bilmədilər. Onda Azərbaycan və Türkiyə işi öz əlinə alaraq ötən il istismara verilən Transanadolu qaz kəmərini tikməyə başlayıb. Beləliklə, cənub nəqliyyat marşrutu işə düşüb.

Azərbaycan qazı və bütün dünyadan maye təbii qaz (MTQ) ilə Türkiyə ruslardan xilas olmağa başlayıb. Ancaq Ankara 2015-ci ildə Qara dənizdə “Qazprom” şirkətinin “Türk axını” boru kəmərinin tikintisinə razılıq verib.

Məqalədə deyilir ki, Rusiya şirkəti çətin iqtisadi vəziyyətdə olan Ukraynanı tranzit gəlirindən məhrum etmək istəyir. Baltik dənizi ilə Almaniyaya çəkilən “Şimal axını – 2” qaz kəmərinin tikinti işlərinin bu qədər uzanması da təsadüfi deyil.

Nəhayət, bütün icazələr alınıb. Ərazi sularında tikinti işlərinə sonuncu Danimarka icazə verib. 55 milyard kub metr gücə malik yeni qaz kəməri bir qədər gecikmə ilə 2020-ci ilin ortalarında fəaliyyətə başlayacaq. Əlbəttə, əgər ABŞ layihənin maliyyələşdirilməsində “Qazprom”u dəstəkləyən Avropanın enerji şirkətlərinə güclü sanksiya zərbəsi endirmək qərarına gəlməsə.

Şübhəsiz , Rusiya və onun ən böyük vergi ödəyicisi olan “Qazprom” şirkətinə Avropa hava-su kimi lazımdır. Təsadüfi deyil ki, “Qazprom” Asiya bazarına (Çin bazarı) ilk çıxışını asılılıqdan xilas kimi bayram edir. Dekabrın əvvəlində Baykal bölgəsindən Çinə uzanan “Sibir gücü” qaz kəməri istifadəyə verilib.

Kreml rəhbəri Vladimir Putin bir vaxtlar Moskvadan 7800 kilometr uzaqlıqda “dünyanın ən böyük tikilisi” barədə danışırdı. Tikili ilə eyni zamanda qaz hasilatı üçün infrastruktur yaratnaq və boru kəmərinin köməyi ilə Rusiyanın Yaxın Şərq bölgəsini qazla təchiz etmək lazım idi.

2014-cü ildə Pekin Rusiyanın beynəlxalq təcrid vəziyyətində olmasından və zəifliyindən istifadə edərək 30 il müddətinə qaz tədarükü ilə bağlı saziş imzalayıb. Söhbət hər il 38 milyard kub metrlik tədarükdən gedir. Ümumilikdə ixrac 400 milyard dollar dəyərində qiymətləndirilir.

“Qazprom” 3000 kilometr uzunluğa malik qaz kəmərinin tikintisinin öhdəsindən gəlmək üçün “cibini yaxşı-yaxşı eşələməli olub”. Bu investisiyaların özünü doğruldub doğrultmayacağı da bəlli deyil. Belə ki, Çin istənilən halda Avropa ilə müqayisədə daha az ödəyir.

Buna baxmayaraq, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, Çin bazarı hesabına Rusiyanın qaz ixracı artmağa davam edəcək. 2030-cu ildə ixrac həcmi ötən illə müqayisədə 26% artaraq 290 milyard kub metr təşkil edəcək. 2040-cı ildə 16%-lik artım sayəsində bu rəqəm 336 milyard kub metrə çatacaq