Analitika

01 January
1

İcbari sığorta qaydaları dəyişir

Rusiyada avtomobillərin icbari sığortası mexanizmi dəyişəcək. Rusiya Antiinhisar Xidməti (RAX) təklif edib ki, sığorta şirkətləri avtomobillərin icbari sığortalanması prosesində yalnız agent kimi iştirak etsinlər. Sığorta hadisələrinə görə ödənişlər isə yalnız Rusiya Avtomobil Sığortaçıları İttifaqı (RASİ) tərəfindən həyata keçirilsin.

İcbari sığorta artıq sərf eləmir

Bu təklifin ortaya çıxmasının səbəbi icbari sığorta bazarında yaranan vəziyyətdir. Qeyd edək ki, Rusiyada avtomobillərin icbari sığortası ilə bağlı zərərlilik getdikcə artmaqdadır. Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF) Rusiyanın Milli Avtomobil Sığortaçıları Assosiasiyasının vitse-prezidenti Svetlana Nikitina deyib.
Onun sözlərinə görə, 2013-cü ildə bu sahədən yığımlar 11% artdığı halda, ödənişlərin məbləği 24% artıb. Beləliklə, avtomobillərin icbari sığortası ilə bağlı tariflər artıq sığorta şirkətlərinə sərf etmir və müflis olan şirkətlərin sayı artır.

Svetlana Nikitinanın fikrincə, bu vəziyyət müştərilərin öz hüquqlarını daha yaxşı bilməsi və icbari sığortadan əvvəlki illərlə müqayisədə daha çox faydalanmasının nəticəsidir. Nəticədə icbari sığorta üzrə ödəniş-yığım nisbəti 77%-ə çatıb.

Şirkətlər icbari sığortadan yayınırlar

İcbari sığorta üzrə zərər o həddə çatıb ki, son vaxtlar sığorta şirkətləri avtomobilləri icbari sığorta etməkdən yayınırlar,
Hazırda Rusiyanın 31 regionunda sığorta şirkətləri icbari sığorta polisi satmaq istəmirlər, ya da, bu zaman hökmən əlavə sığrta xidmətləri də satmağa cəhd edirlər. Belə ki, son 1ildə quruma Rusiyanın 56 regionundan 1200-dən çox vətəndaş müraciət edib və bildirib ki, avromobillərini icbari qaydada sığorta edən zaman sığorta şirkətləri onlara əlavə sığorta polisləri də satmağa cəhd edir. Əgər əvvəllər belə şikayətlər yalnız Rusiyanın Dövlət Sığorta Şirkətindən edilirdisə, hazırda siyahıda 30 özəl şirkətin adı var.

Son nəticədə 300-400 rubla (təxminən 10 dollara) başa gəlməli olan avtomobillərin icbari sığortası üçün 1,5-2 dəfə çox xərc çəkmək lazım olur. Sığorta şirkətləri bu üsulla icbari sığortada üzləşdikləri itkiləri qarşılamaq istəyirlər. Çünki, şirkətlərin icbari sığorta üzrə ödənişləri avtomobillərin icbari sığortasından yığdıqları pul onların etdikləri ödənişlərlə müqayisədə azdır.

Riskləri dövlət öz üzərinə götürür - sığorta şirkətləri yalnız agent olacaq

Vəziyyəti düzəltmək üçün RAX təklif edir ki, sığorta şirkətləri yalnız müştərilərlə müqavilə bağlayıb sığorta məhsullarını satsınlar və bunun müqabilində yığılmış sığorta haqqının 20%-i həcmində xidmət haqqı götürsünlər. Baş verən yol qəzalarına görə ödənişləri isə RASİ həyata keçirir. Əgər bu zaman əlavə vəsaitə ehtiyac yaranarsa həmin pul dövlət büdcəsindən verilir. RAX-da hesab edirlər ki, bu ideya reallaşsa sığorta şirkətləri itkiyə məruz qalmayacaq və sığorta hadisələrinə daha məsuliyyətlə yanaşacaqlar. Hazırda bu təklif Rusiya Mərkəzi Bankında nəzərdən keçirilir.

Azərbaycanda vəziyyət hələ o həddə çatmayıb

Avtomobillərin icbari sığortası üzrə zərərlik göstəricisi Azərbaycanda da artmaqdadır. Amma mütəxəssislər bizdə Rusiyada olduğu kimi ciddi dəyişikliklərə ehtiyac olmadığını bildirirlər. Fins.az-a açıqlama verən İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib ki, hələ ki, ölkədə belə bir modelin tətbiqinə ehtiyac yoxdur. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanın sığorta şirkətləri icbari sığortadan 69,4 milyon manat sığorta haqqı topladıqları halda, 25,3 milyon manat ödəniş ediblər. Başqa sözlə zərərlik həddi 36% olub.

Doğrudur, 2014-cü ilin ilk 4 ayı ərzində bu nisbət 41%-ə qalxıb, amma hətta bu da narahatlığa əsas vermir: “Nisbətdən göründüyü kimi, Büronun iştirakçıları olan sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirmək qabiliyyətində olduqlarına görə, qeyd etdiyiniz modelin Azərbaycanda tətbiqinə hazırda zərurət yoxdur”.

adviad