Analitika

01 January
1

Azərbaycan jurnalistlərini kim sığortalayacaq? - QAYNAR NÖQTƏLƏRDƏ

2 gün əvvəl, Fevralın 26-da Xocalı faciəsinin 22 il dönümü qeyd edildi. Qeyd edək ki, dünya ictimaiyyəti bu hadisədən jurnalistlərin qəhrəmanlığı sayəsində, o cümlədən Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlar vasitəsilə xəbər tutdu. Azərbayan-Ermənistan müharibəsi dövründə daima qaynar nöqtələrdən xəbər verən Çingiz Mustafayev Xocalı hadisələrindən bir neçə ay sonra Ağdam rayonunda gedən döyüşlər zamanı həlak oldu.
Nəzərə alsaq ki, müharibə hələ bitməyib, bu gün də jurnalistlərin bir qismi cəbhə bölgəsində həyatını təhlükəyə atıb operativ reportajlar hazırlayır, təmas xəttindən son informasiyaları çatdırırlar. Bəzi jurnalistlər isə təkcə Azərbaycanda yox, xaricdəki qaynar nöqtələrdə də hadisələri işıqlandırırlar. Bu vəziyyətdə onların həyat və sağlamlıqlarının sığortası məsələsi gündəmə gəlir. Dünyada, xüsusilə də qərb ölkələrində qaynar nöqtələrdə çalışan jurnalistlərin həyat və sağlamlıqlarının sığortası qanunvericilikdə nəzərdə tutulub. Hətta Rusiya Dövlət Duması qaynar nöqtələrdə çalışan jurnalistlərin həyat sığortası təşəbbüsü ilə çıxış edib.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov fins.az-a bildirdi ki, xarici ölkələrdə curnalistlərin sığortalanması adi hal sayılsa da, bizdə bu hələ inkişaf etməyib: “Xarici ölkələrdə, o cümlədən Belarusda qaynar nöqtələrdə çalışan jurnalistlərin icbari sığortalanması qanunvericilikdə yer alıb. Azərbaycan qanunvericiliyində isə bu məsələ öz əksini tapmayıb. 2-3 il bundan qabaq bu məsələni gündəmə gətirdik, müzakirələr apardıq, amma nəticə olmadı”. Bununla yanaşı, Mətbuat Şurasının sədri bu məsələni yenidən gündəmə gətirməyi planlaşdırır.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı da qaynar nöqtələrdə çalışan jurnalistlərin həyatının sığortalamasını vacib sayır. Amma hesab edir ki, bu barədə qanunun olmaması buna mane olur. “Bu halda jurnalistlərin həyat sığortası artıq onların özlərinin üzərinə düşmüş olur”-deyən AJB sədri bildirir ki, mətbuatın da maliyyə imkanı böyük olmadığına görə, bu məsələyə pul ayıra bilmirlər.
E.Şıxlı jurnalistlərın Azərbaycan Jurnalistlər Birliyinin Jurnalist Fondu vasitəsilə sığortalanmasını təklif edir: "Hər bir hər bir jurnalist bu fonda müəyyən miqdarda pul yönəltməklə də özünü sığortalamış olar. Amma Fondun sağlam işləmə mexanizmləri də diqqətdə saxlanılmalıdır.”

Jurnalistlərin həyat sığortasının çox vacib məsələ olduğunu deyən ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov isə bildirir ki, hətta SSRİ dövründə “”Vremya”da çalışanda Amerikalı jurnalistlərın həyat sığortası olduğunun şahidi olub". M. Məmmədov qeyd edir ki, bu məsələ hazırda Azərbaycanda da aktualdır: "Müharibə şəraitində yaşayırıq və hər an müharibə yenidən başlaya bilər, qaynar nöqtələrdə çalışan jurnalistlər mütləq sığortalanmalıdırlar.”

Doğrudur, hazırda Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta mövcuddur. Bu sığorta növü digər sahələrdə olduğu kimi, mətbuat işçilərinin də sığortalanmasını nəzərdə tutur.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin qərarına əsasən jurnalist fəaliyyəti 1-ci, yəni ən aşağı risk qrupuna aid edilib. Həmin qərara əsasən, jurnalistlərin bədbəxt hadtisələrdən və peşə xəstəliklərindən sığortalanması üçün onların illik əmək haqqının 0,2-0,4% məbləğində sığorta haqqı ödənilməlidir. Aylıq əmək haqqı 500 manat olan jurnalistin sığortalanması üçün ildə 12-24 manat tələb olunur.

Baş verə biləcək hadisə nəticəsində jurnalistə və ya onun ailəsinə veriləcək kompensasiya isə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası"na əsasən hesablanır.

Həyat sığortası şirkətlərindən verilən məlumata görə, bu sığorta ilə sığortalanmış jurnalistlər (aylıq əmək haqqı 500 manat, yaşı 30 olmaq şərtilə) həlak olsalar 80 min manata qədər, 1-ci və 2-ci qrup əlil olduqda isə 6500-7500 manat ödəniş ala biləcəklər. Jurnalistin yaşından və maaşından asılı olaraq bu məbləğlər dəyişə bilər.

İcbari Sığortalar Bürosunun hüquqşünası Nazilə Hüseynova fins.az-a bildirib ki, adı çəkilən sığorta növü jurnalistlərin Azərbayan ərazisində sığortalanmasını təmin edir. Eləcə də jurnalistlər öz peşə fəaliyyətləri dövründə ölkə daxilindəki qaynar nöqtələrdə hər hansı hadimsə ilə üzləşsələr bu sığorta vasitəsilə ödəniş ala bilərlər: "Əgər jurnalist peşə vəzifəsini yerinə yetirmək üçün qaynar nöqtəyə gedibsə, sığorta hadisəsi baş verəcəyi təqdirdə, bu sığorta üzrə ona ödəniş verilir".

Bununla bağlı əlavə məhsullar da var. “Qala Həyat” sığorta şirkətindən bildirdilər ki, təkcə jurnalistlərin deyil, günün 24 saatı ərzində dünyanın istənilən nöqtəsində çalışan digər peşə sahiblərinin də həyatını sığortalamaq mümkündür. Bunun üçün cəmi 20 manat ödəməklə bir il müddətində 10 min manat sığorta ödənişi ilə sığorta paketi əldə etmək mümkündür.

adsgarden