Analitika

03 September
2

Sığorta şirkətləri işçiləri necə seçir?

Sığorta şirkətləri yeni işçiləri seçərkən əsasən bir neçə xüsusiyyətə diqqət yetirirlər. Fins.az-ın məlumatına görə, ali təhsillə yanaşı, təcrübənin olması namizədin üstünlüklərindən hesab olunur. Lakin hər şey ilk növbədə özünü təqdimatdan aslıdır. Yəni, ilk müsahibə zamanı namizəd arzuladığı işi uğurla yerinə yetirəcəyini sübut etməlidir.

"İşçilərimiz İqtisad Universiteti, Qafqaz, BDU və ADİA məzunlarıdır"

“Ata sığorta” şirkətində işçilərin seçimi 3 mərhələdə aparılır. Şirkətin insan resursları şöbəsindən fins.az-a bildirilib ki, əvvəlcə namizədlərin bacarlıqları insan resursları şöbəsində yoxlanılır. Sonra namizədlər uyğun departamentdə təcrübə keçməyə göndərilir. Minimum 2 həftə təcrübə keçən uğurlu namizədlə daha sonra “Atasığorta”nın rəhbərliyi ilə müsahibə təşkil edilir. Şöbədən bildirilib ki, yeni qəbul edilən işçilərin yarısı İqtisad Universitetinin məzunlarıdır. Digər işçilər isə BDU, Qafqaz Universiteti və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının məzunlarıdır.

“Yeni işçilərimizin 50%-i İqtisad Universitetinin məzunlarıdır”

“Bakı sığorta” şirkətinin insan resursları departamentindən isə bildiriblər ki, seçimlər zamanı namizədlərin hansı universiteti bitirməsi deyil, ali təhsilli olması vacibdir. Məsələn, hüquqşünas vakansiyası üzrə işçinin ali hüquq təhsilli olması, hüquq sahəsində 1 illik iş təcrübəsi tələb edilir. Namizəd bu sahə üzrə sığorta şirkətinə tələb edilən vəzifələri yerinə yetirə bilməlidir. Məsələn, sığorta şirkətinin hüquqi sənədlərinin tərtibi, daxili sənədlərin ekspertizası, məhkəməyə qədərki sənədlərin tərtib edilməsi və s. kimi tapşırıqları bacarmalıdır. Bununla yanaşı, son bir ildə işə qəbul edilən namizədlərin 50 %-nin İqtisad Universitetinin məzunlarıdır. Digər yeni işçilər Texniki Universitet, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti və İstanbul Mərmərə Universitetinin məzunlarıdır.

“Hansı universitetin məzunu olması önəmli deyil”

“Azsığorta” şirkətində isə yeni işçilər seçilərkən diplomdan əvvəl işçinin özünü necə təqdim etməsinə diqqət yetirirlər. Şirkətin kadrlar şöbəsindən fins.az-a bilidirilib ki, əsasən ali iqtisad təhsili olan namizədlərə üstünlük verilir. Namizədlərin işləyəcəyi vəzifə üzrə təcrübə, bilik və bacarıqları yoxlanılır: «Məsələn, sığorta şirkətində satış meneceri işləmək istəyənlər ünsiyyətcil olmalı, ali təhsillə yanaşı, təqdimetmə bacarıqları da olmalıdır. Hansı universitetin məzunu olması isə əhəmiyyətli deyil».

adsgarden