Analitika

05 November
2

Xaricdə alış-veriş zamanı nə qədər pul geri qaytarılır? - ÖLKƏLƏRİN SİYAHISI

Xaricə səyahətin ən gözəl cəhəti alış-veriş etməkdir. Bəziləri xaricə elə buna görə gedirlər. Bahalı brendlər, qat-qat sərfəli qiymətlər, gözəl hədiyyələr və s. adamı yoldan çıxarıb, getdikcə daha çox pul xərcləməyə həvəsləndirir. Alış-verişə sərf elədiyin pulun bir hissəsinin geri qayıtması isə adamı az qala xoşbəxt edir.

Azərbaycan turistlərinin əksəriyyəti xaricdə olarkən «tax-free» xidməti ilə rastlaşıblar.

Söhbət alınan mala görə ödənilən vergilərin bir hissəsinin adamın özünə qaytarılmasından gedir. Məsələ bundadır ki, adətən belə vergilər (Əlavə Dəyər Vergisi -ƏDV) ölkə vətəndaşlarına aid olur. Turistlər isə yerli vətəndaş olmadıqlarına görə, onların ödədiyi vergi ölkədən çıxanda özlərinə qaytarılır. Ona görə də «tax-free» xidmətləri adətən aerportlarda və ölkənin digər çıxışlarında göstərilir.

Amma «tax-free»nin şərtləri ayrı-ayrı ölkələr üçün fərqlənir. Fins.az Azərbaycan turistlərinin ən çox səyahət etdiyi ölkələr üzrə «tax-free» şərtlərini araşdırıb.

1. İtaliya

İtaliyada «tax-free» xidmətindən yalnız Avropa İttifaqına aid olmayan ölkələrin vətəndaşları istifadə edə bilər. Bundan başqa, İtaliyada ƏDV-ni geri almaq üçün turistin yaşı 18-dən yuxarı olmalıdır. Yaşı 18-dən az olan uşaqlar üçün edilən alış-verişlər valideynlərin mallarının içində təqdim olunmalıdır. Bu zaman ümumi məbləğə daixl ediləcək və ƏDV-si geri qaytarılacaq

Yalnız bu halda Avropanın ən məşhur alış-veriş mərkəzi olan Milan və ya digər şəhərlərdən arxayınca alış-veriş etmək olar.

Amma İtaliyaya səhayət edirsinizsə, minimum 154.94 avroluq alış-veriş etməlisiniz ki, ƏDV-nizi geri ala biləsiniz. Moda, tekstil, dəri məhsulları, zərgərlik, şüşə qablar, optika, şərab və spirtli içkilər aldıqda ümumi məbləğin 22%-i, qida (ət və bu qəbildən olan) məhsullarının 10%-i, süd, tərəvəz və meyvələrin 4%-i vergidən azaddır.

Əgər alınan mal əl yükündə daşımaq üçün çox böyükdürsə, əvvəldən gömrüklə əlaqə saxlayıb məlumat vermək və məsləhətləri dinləmək vacibdir. İtaliyada kitablar üçün ƏDV olmadığına görə, bunun üçün turistə heç bir məbləğ qaytarılmır. Yalnız alınan kitabların məbləği ümumi alış-veriş məbləğinin ən az hissəsini təşkil edirsə, bu zaman onların qiyməti də ümumi malların məbləğinə daxil edilir və vergisi qaytarılır. Alış-veriş etdiyiniz mağazadan vergidən azad olduğunuza dair blankı tələb etməyi unutmayın. İtaliyada benzin və avtomobillər üçün də turistlərə ƏDV qaytarılmır.

2. Fransa

Fransada da etdiyiniz alış-veriş üçün ƏDV almaq istəyirsinizsə, qeyri-Avtopa İttifaqı vətəndaşı olmalı və yaşınız 16-dan yuxarı olmalıdır. Alış-verişin ümumi məbləği isə 175.01 Avrodan çox olmalıdır. ƏDV-dən azad olmağınıza dair aldığınız hər blanka görə maksimum 15 çeşid məhsul almalısınız. Yəni, «tax-free» almaq üçün 175 avroluq al-ver etmək kifayət deyil, bu pulu uzağı 15 çeşid mala xərcləməlisiniz.

Alış-verişinizin məbləği kifayətdirsə, sizə qaytarılan miqdar ümuminin 20%-nə bərabər olacaq. Tibbi ləvazimatlar üçün 10%, qida məhsulları və kitablar üçün 5,5%, əvvəldən müəyyənləşdirilmiş bəzi məhsul və xidmətlər üçün 2,1%-lik ƏDV geri qaytarılır. Maksimum 50 hissədən ibarət olan mallar üçün ƏDV-nizi geri ala bilərsiniz, əgər məhsul 50-dən artıq olan hissədən ibarətdirsə, vergi geri qaytarılmır. Fransada tütün, dərmanlar, avtomobil və ehtiyat hissələri, silah, 50 ildən artıq müddətdən qalma tarixi-mədəni əşyalar və poçt markaları üçün ƏDV qaytarılmır.

3. İngiltərə

Londonun ən məşhur ticarət küçəsi olan Oksford stritdə alver edənlər bilsələr ki, aldıqların malın vergisini geri alacaqlar, daha arxayın alver edərlər. İngiltərədə turistlərə qaytarılan ƏDV həcmi standartdır - bütün məhsullar üçün 20%. Yalnız avtomobillərə yerləşdirilən uşaq oturacaqları üçün 5%-lik ƏDV qaytarılır. Xərclədiyiniz ümumi məbləğ 30 Funt Sterlinqdən az olmamalıdır. İngitərədə qida məhsulları, kitab, qəzet və jurnallar, uşaq geyimləri, əlil arabaları və avtomobil ehtiyat hissələri üçün, avtomobil, qayıq və yelkənli qayıq, ABŞ istisna olmaqla xaricdə biznes məqsədilə alınan mallar (ümumi məbləği 600 funt sterlindən çox olarsa), həcmi 125 qr-dan çox əntiq əşyalar və zinət əşyasına birləşdirilməmiş qiymətli daş-qaşlar, çəkisi 2,75 unsiyadan artıq olan külçələr, hotel əşyaları, ətirlər və internet vasitəsilə sifariş olunan məhsullar üçün ƏDV qaytarılmır.

4. Türkiyə

Əgər siz Türkiyə vətəndaşı deyilsinizsə və Türkiyədə birdəfəlik 6 aydan çox vaxt keçirməmisinizsə, aldığınız məhsulların ƏDV-si sizə qaytarılır. Tekstil və geyim, dəri mallar, xalçalar, ayaqqabı, çanta, optika, kitablar, ərzaq üçün 8%, aksesuarlar, elektronika, saatlar, optika, kosmetik, çini və ev əşyaları üçün 18%-lik ƏDV qaytarılır. Alış-verişin minimum məbləği 100 lirə olmalıdır. Tələb etdiyiniz blank sizə verilən gündən etibarən 3 ay etibarlıdır, bu müddət ərzində blank Türkiyə gömrüyündə möhürlənmiş olmalıdır. Blankda Maliyyə Nazirliyinin möhürü və qırmızı rəngli faktura nömrəsi olmalıdır.

5. Almaniya

Almaniyada bu xidmətdən yararlanmaq üçün turist qeyri-Aİ vətəndaşı olmalı və yaşı 18-dən yuxarı olmalıdır. Qaytarılacaq məbləğ standart faizlə ölçülür, ümumi məbləğin 19%-i, yalnız qida və kitablarda 7%-i qaytarılır. Alış-veriş məbləği 25 avrodan çox olmalıdır. Almaniyada isə avtomobil və ehtiyat hissələri, neft, naviqasiya sistemi radio avadanlıqları, telefon və simkartlar üçün ƏDV qaytarılmır.

6. Dubay

Bəlkə də təəccübləəcəksiniz, amma Dubaydan alınan mallara görə, vergi geri qaytarılmır. Çünki burada heç vergi də tutulmur. Heç bir mal üçün vergi alınmadığı üçün hüç bir turistə əlavə ödəniş də edilmir.

Bilməli olduğunuz xırdalıqlar

Amma «tax-free» alınması üçün məsələ təkcə alış-verişin məbləğində və faiz dərəcələrinə deyil. Qeyd edək ki, getdiyiniz ölkələrdə etdiyiniz alış-verişin müqabilində sizə nə qədər pul qaytarılacağını bilmək istəyirsinizsə, səyahətdən əvvəl bu barədə maraqlanın. Bundan başqa, ən yaxşısı bu barədə alış-veriş etdiyiniz mağazanın əməkdaşlarından soruşmaqdır. Ola bilər ki, sizin alış-verişinizin ümumi məbləği ƏDV qaytarılması üçün lazım olan məbləğdən cəmi 5-10 dollar (avro) ucuz olsun, məbləği tamamlayaraq satıcıdan blankınızı istəməyi unutmayın.

Digər məsələ, bəzən aeroportlarda «tax-free» xidməti göstərən qurum turistlərdən alıb apardıqları malları göstərməyi tələb edir. Yəni siz sübut etməlisiniz ki, vergisini geri alacağınız malları doğrudan da ölkənizə aparırsınız. Buna görə də, yükünüzü təhvil verməmişdən əvvəl «tax-free» xidmətinə yaxınlaşmalısınız. Yükünüzü təhvil versəniz aldıqlarınızı göstərə bilməyəcəksiniz və sizə düşən məbləğdən məhrum ola bilərsiniz

adsgarden