18 Noyabr

Dilerlər ilə avtomobil istehsalçılar arasında münaqişə yaranıb

Fiat Chrysler konserninin dilerləri avtomobil istehsalçısını sifariş etmədikləri avtomobillərin göndərilməsində ittiham ediblər. Dilerlər müştərilər tərəfindən öncədən sifariş edilməmiş 40 min avtomobili məcburi şəkildə anbarlara qəbul etdiklərini bildiriblər.

Fiat Chrysler Automobiles konserninə daxil olan brendlərin amerikan dilerləri, anonimliyin saxlanması şərti ilə, mətbuata konsernin pərakəndə satış şirkətlərini sifariş etmədikləri avtomobilləri almağa məcbur etdiyini bildiriblər.

Bu sayaq tədbirlər FCA konserninə satışların düşdüyü bazarda istehsalın müsbət dinamikasını qoruyub-saxlamağa və xərcləri azaltmağa imkan verir. Eyni zamanda, dilerlər əlverişsiz vəziyyətə düşüblər, çünki onlardan tələbatın azalması fonunda satışların sayını artırmaq tələb olunur. Bundan başqa, satılmamış avtomobillərin saxlanılması üzrə xərclər (anbarların kirayəsi və qorunması) də artmış olur. Öz növbəsində FCA nümayəndələri ittihamları qəbul etmədiklərini bildiriblər. Onlar, konsernin tətbiq etdiyi yeni idarəetmə sisteminin dilerlərin sifarişlərini “qabaqcadan proqnozlaşdırdığını” və istehsal planlarına düzəlişlər etdiyini bildiriblər.

Konsernin əlaqələndirmə üzrə direktoru Nil Qoyatli istehsalçının “proqnozlaşdırılan tələbata” uyğun olaraq nəqliyyat vasitələrini istehsal etdiyini və “dilerlərin ehtiyac duyduqları an gərək olan avtomobilləri aldıqlarını” söyləyib. Eyni zamanda, FCA konserni cari ilin üçüncü rübünün nəticələrinə görə anbarlarda sifarişlə təmin olunmamış 1000 avtomobilin qaldığını bildirib. Edmunds agentliyinin apardığı müstəqil araşdırma dilerlərin haqlı olduğunu təsdiq edib. Məlum olub ki, FCA konsernə daxil olan markaların avtomobilləri diler anbarlarında rəqiblərin modellərindən daha çox qalırlar. Ortastatistik amerikan avtomobilinin zavoddan müştəriyə çatdırılmasına 75 gün tələb olunur. Dodge, Jeep və Chrysler modelləri dilerlər anbarlarında 69-100 gün arasında, Fiat və Alfa Romeo isə 94-187 gün arasında qalırlar. Bir ay bundan öncə, konsern amerikan nəzarət orqanları tərəfindən yanacaq qənaətcilliyi standartlarını gözləməkdə ittiham edilib. Bu səbəbdən konsern 79 milyon dollar məbləğində cərimə ödəməlidir.