Bank

01 January
2

Azərbaycanda plastik kartlardan oğurluq olub?

Azərbaycanda elektron ticarətdən istifadə edən plastik kart sahibləri qəribə vəziyyətlə üzləşib. Fins.az-ın məlumatına görə, manatın kəskin ucuzlaşmasına qədər öz plastik kartları ilə ödəniş etmiş şəxslərin hesabından yeni məzənnəyə uyğun əlavə məbləğlər çıxılmağa başlanıb.

164 manat şişib 219 manat olub

Yəni, tutaq ki, kimsə internetlə fevralın 18-də 5 dollarlıq mal alıb. Həmin gün Azərbaycanda 1 dollar 0,785 manata bərabər olduğundan məntiqlə manatla olan hesabdan təxminən 4 manat çıxılmalıdır. Amma bu gün məlum olub ki, əməliyyat dolların kəskin bahalaşmasına qədər həyata keçirilsə də, hesabdan çıxan vəsait 5 manatdan çox, yəni məzənnəyə (1,05 manat) olub.
Məsələn, “Bank of Baku”nun “Bolkart”ının istifadəçisi olan Nəsimi Babayev deyir ki, o, fevralın 18-də “e-bay”dan 208 dollarlıq alış-veriş edib və onun hesabından 164 manat çıxılması barədə bankdan bildiriş alıb. Onun sözlərinə görə, bu günlərdə bankın saytındakı şəxsi kabinetinə baxıb və məlum olub ki, hesabından çıxılan məbləğ 219 manatdır. Alış-veriş tarixi isə fevralın 21-i göstərilib. Müştəri banka müraciət etsə də, ona məsələ ilə bağlı 10 gün ərzində araşdırma aparılacağı bildirilib.

928 manatın əvəzinə 1338 manat

Oxşar iş “Azərbaycan Beynəlxalq Bankı”nın plastik kartının istifadəçilərindən birinin də başına gəlib. Müştəri deyir ki, o, fevralın 19-da booking.com saytı vasitəsilə İsveçrə otellərindən birində yer bron edib. Həmin nömrə geri qaytarılmamaq şərti ilə nisbətən ucuz təklif olunduğundan istifadəçi öz kartı ilə 1100 İsveçrə frankı məbləğində ödəniş edərək oteli bron edib. Bu ödənişə görə onun hesabından həmin günə olan məzənnə əsasında 928 manat çıxılıb. Fevralın 23-də isə məlum olub ki, kartdan çıxılan məbləğ 1338 manat, yəni 410 manat artıqdır.
Həmsöhbətimiz deyir ki, əgər bilsəydi ki, otel ona bu qiymətə baha başa gələcək, nömrəni bron etməzdi və daha ucuz variantlar axtarırdı. Şikayətçi bankla əlaqə saxlayıb və ona bildirilib ki, xarici tərəfdaşlardan onlara ödəniş sorğusu fevralın 19-da deyil, 23-də daxil olub və buna görə də hesabdan pul yeni məzənnəyə uyğun çıxılıb. Bu cavabdan sonra məsələyə nöqtə qoymaq olardı, əgər bir məqam olmasaydı. Belə ki, bankın izahatından narazı qalan müştəri tənbəllik etməyərək İsveçrədəki otelin özünə müraciət edib və ödədiyi pulun otelin hesabına nə vaxt oturduğunu soruşub. Oteldən gələn “mail”də isə bildirilib ki, onlar ödənişi fevralın 19-da qəbul ediblər.
Bu cür vəziyyətin “Bank of Baku və “Azərbaycan Beynəlxalq Bankı”ından əlavə “Unibank kimi kütləvi şəkildə plastik kart emissiyası ilə məşğul olan bankdakı hesablarla bağlı da yarandığı bildirilir.

“Beynəlxalq Bank”: “Qarşı tərəfin hesabı bloklanmış olub”

“Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev fins.az-a açıqlamasında bildirib ki, kiminsə hesabından artıq məbləğin çıxılması xaricdəki tərəflə bağlı ola bilər: “Ola bilsin ki, kimsə ödəniş edəndə qarşı tərəfin hesabı bloklanmış olub, həmin vaxt hesabdan pul çıxılmayıb. Ödənişin təmin olunması Azərbaycanda manatın ucuzlaşmasından sonraya düşüb və avtomatik olaraq pul hesabdan yeni məzənnə ilə silinib. Bu məsələdə bankın heç bir marağı yoxdur. Yəni, pul müştərinindir və movcud məzənnəyə uyğun olaraq onun hesabından pulun çıxılması təmin olunur. Yaxşı olar ki, bu vəziyyətlə üzləşmiş adam ona xidmət edən bank filialına yaxınlaşsın. Yalnız filialda əməliyyatçı dəqiq məlumat verə bilər ki, problem necə yaranıb, hesabdan pul niyə gec və yeni məzənnə ilə çıxılıb?”.

“Unibank”: “Hesablaşma proseduru uzun çəkir”

“Unibank”dan isə bildirirlər ki, plastik ödəniş kartı ilə əməliyyat aparan müştərinin internetdə daxil etdiyi rəqəmlər sayta bank xidmətlərini göstərən “Ekvayer Bank” tərəfindən “Visa” və yaxud “MasterCard” ödəniş təşkilatlarına (ÖT) yönəldilir. O, isə bu sorğunu kartı emissiya edən bankın prosessinq mərkəzinə ötürür. Prosessinq mərkəzi əməliyyatın valyutasını həmin günün məzənnəsinə əsasən kart hesabının məzənnəsinə çevirməklə vəsaiti kart hesabında blok edir. Vəsaitin blok olması, onun artıq hesabdan silinməsi anlamına gəlməməlidir. ÖT qaydalarına uyğun olaraq, vəsaitin silinməsi 7-30 təqvim günü ərzində baş verə bilər. Və silinmə zamanı əməliyyat valyutasının hesab valyutasına konvertasiyası silinmə gününün məzənnəsinə əsasən baş verir. Bu qayda bütün ölkələrdə belədir və bütün banklar bu qaydada çalışırlar.

“Bank of Baku”: “Məzənnə fərqi yarana bilər”

“Bank of Baku” sadəcə bəyan edib ki, kart hesabının valyutasından fərqli valyutada xaricdə aparılan əməliyyatlar üzrə mübadilə kursu bu əməliyyat üzrə klirinq aparılan tarixdə kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq, “Visa” və ya “MasterCard” beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə əsasında aparılır.

adsgarden