Bank

01 January
1

Bu bankın problemli krediti cəmi 1,5%-dir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank Respublika”nın aktivləri 493 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. Son 1 ildə bankın öhdəlikləri 12,8% artaraq 430 milyon manat, o cümlədən depozitləri 14,9% artaraq 323 milyon manat olub. Bankın məcmu kapitalı isə 2,4% artaraq 63,4 milyon manata çatıb.

İstehlak kreditləri 55%-dir

9 ayın yekunlarına görə, “Bank Respublika”nın kredit portfeli 301,2 milyon manat təşkil edib. Bu, 2013-cü ilin ilk 9 ayına nisbətən 14% çoxdur. Bank ən çox fiziki şəxslərə istehlak kreditləri ayırıb. Bu növ kreditlər portfeldə 55%-lik və yaxud 165,7 milyon manatlıq paya malikdir. Ötən ilin eyni dövründə isə istehlak kreditləri 148,4 milyon manat və yaxud kredit portfelinin 56% -i qədər olub.

Bank ticarət və xidmət sektoruna isə 89,3 milyon manat və yaxud ümumi portfelin 29,7%--i qədər kredit verib. 2013-cü ildə bu növ kreditlərin portfeldə payı isə 27,9% və yaxud 73,7 milyon manat olub.
Bankın kənd təsərrüfatına ayırdığı kreditlər isı portfelin 8%-ni və yaxud 24,3 milyon manat təşkil edib. Ötən il bu rəqəmlər müvafiq olaraq 6,6% və 17,5 milyon manat olub.

“Bank Respublika” sənaye müəssisələrin ayırdığı kreditlərin məbləğini 2,1 dəfə artıraraq 9 milyon manata (portfelin 3%-i), tikinti sektoruna ayırdığı kreditlərin məbləğini isə 12,3% artıraraq 9,7 milyon manata (portfelin 3,3%-i) çatdırıb.

Sənaye müəssisələri banka problem yaradıb

“Bank Respublika” müştərilərinə verdiyi kreditlərin cəmi 1,5%-i və 4,5 milyon manatı vaxtı keçmiş olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər 2,4% və yaxud 6,3 milyon manat təşkil edib. Xatırladaq ki, hazırda ölkə üzrə problemli kredit nisbəti 5,5%-dir.

Banka ən çox problem yaradan sənaye müəssisələri olub. Bu sahəyə ayrılmış kreditlərin 8,4%-nin və yaxud 762 min manatının geri qaytarılmasında problem yaranıb. Təxminən elə bu qədər – 738 min manatlıq kredit də ticarət və xidmət sektorunda vaxtında qaytarılmayıb. Amma bu, tacirlərə verilmiş kreditlərin cəmi 0,8%-idir.

Fermerlər isə aldıqları kreditin 1,9%-ni geri qaytarmayıblar. Kənd təsərrüfatında problemli portfel 450 min manat təşkil edib. İstehlak kreditləri üzrə problemli kredit nisbəti isə orta göstərici qədər – 1,5% və yaxud 2,55 milyon manat təşkil edib. Tikinti sahəsinə verilmiş kreditlərin isə hamısı normal ödənilib.

Kreditlərinin yarıdan çoxu Abşeronda verib

“Bank Respublika” kreditlərinin 68%-ni Bakı və onun ətrafındakı müştərilərinə verib. Ötən il bu rəqəm 70% idi.
Aran bölgəsində yaşayanlar isə bankdan ümumilikdə 30,8 milyon manat və yaxud ümumi portfelin 10,2%-i qədər kredit alıblar. Lənkəran-Astara zonasında 17,2 milyon manat, Şəki-Zaqatalada 15,1 milyon manat, Quba-Xaçmazda 13,7 milyon manat, Gəncə-Qazaxda 13,6 milyon manat, Şirvanda 3,6 milyon manat, Qarabağda 2 milyon manat, Naxçıvanda isə cəmi 28 min manat kredit verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın bütün bölgələrə verdiyi kreditlər artıb.

11,4 milyon manat təmiz mənfəəti olub

Yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank Respublika”nın faiz gəlirləri 31,5% artaraq 37,8 milyon manat, faiz xərcləri 25,7% artaraq 13 milyon manat, qeyri-faiz gəlirləri 21% azalaraq 11,1 milyon manat, qeyri-faiz xərcləri isə 12,4% artaraq 22 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 13,9 milyon manat olub ki, bunun da 2,5 milyon manat məcburi ehtiyat normalarının yaradılması, vergilərin ödənilməsi kimi xərclərə yönəldilib. Beləliklə, bank 9 ay ərzində 11,4 milyon manat xalis mənfəət əldə edib.

adviad