Bank

06 August
1

Banklar müştərilərdən çəkinməyə başlayıb - KREDİT ŞƏRTLƏRİNDƏ YENİLİK

Azərbaycanın bank sektorunda yaranan problemlər, xüsusilə də problemli borcların həcminin artması ölkə banklarını müştərilərə qarşı daha tələbkar olmağa vadar edib. Xüsusilə bu sahəyə dövlətin diqqətinin artmasından sonra bank əməkdaşları müştərilərə ehtiyatla yanaşır, onun ödəmə qabiliyyətini daha dəqiq araşdırırlar.

«Qeyri-rəsmi gəlirləri artıq nəzərə almırıq»

Bank sektorundan fins.az-a verilən məlumata görə, bu dəyişikliklər nəticəsində əvvəllər nəzərə alınmayan risklərə indii ehtiyatla yanaşılır. Məsələn, İstehlak kreditləri ilə məşğul olan bank mütəxəssisi bildirir ki, əvvəllər müştərinin ödəmə qabiliyyətini qiymətləndirəndə onun rəsmi gəlirləri ilə yanaşı, təqribən elə o məbləğdə qeyri-rəsmi gəlirlərinin olması da qəbul edilirdi: «Yəni əgər müştəri bildirdisə 300 manat rəsmi maaşı var və 300 manat da qeyri-rəsmi qazanır, biz onun aylıq gəlirlərini 600 manat kimi qəbul edirdik. İndi isə qeyri-rəsmi gəlirlər ya nəzərə alınmır ya da çox cüzi götürülür – məsələn 300 manatın üzərinə cəmi 50-100 manat gəlirik. Yəni müştərinin gəlirini əvəlki kimi 600 manat yox, 350-400 manat qəbul edirik».

Amma gəlirlərin aşağı qəbul edilməsi təkcə bankların özlərini sığortalaması ilə bağlı deyil. Bank əməkdaşları bildirir ki, bəzi müştərilərin gəlirləri doğrudan da azalıb və bunu özləri də bildirirlər.

«İş yeri arayışlarına inanmırıq»

Bankların gördüyü ehtiyat tədbirlərindən biri də müştəriləin iş yerindən arayışların diqqətlə araşdırılmasıdır. Əvvəllər bəzi banklar möhürlü arayışda əmək haqqı ilə bağlı istənilən məbləği doğru hesab etməyə hazır idi, hətta bəzi hallarda bu rəqəmin düzgün olmadığını bilsələr də. İndi isə vəziyyət dəyişib. Banklar arayışlardakı məlumatları müxtflif üsullarlda yoxlayırlar. Özü də bu təkcə iş yerinə zənglə başa çatmır (müştərilərin əksəriyyəti belə zənglərin ediləcəyin bildiklərinə görə, iş yerindəkiləri əvvəlcədən xəbərdar edirdilər). Banklar müştərinin vəzifəsi və ixtisas ilə onun aldığı maaşı müqayisə edirlər. Burada iş yerinin vəziyyəti də rol oynayır. Banklar bildirir ki, belə vəziyyətdə elektron arayışın tətbiq onların işini asanlaşdırıb: «Əvvəla bu arayışı almaq asandır, vətəndaş arayışı vaxt itirmədən bankın özündə də ala bilər. Həm də bu arayışlardakı məlumatlar daha dəqiqdir».

Banka gələn hər 10 nəfərdən yalnız 2-si kredit alır

Ehtiyat tədbirləri nəticəsində bankların «yaşıl işıq» yandırdıqları müştərilərin sayı təqribən 2 dəfə azalıb. Əvvəllər kredit üçün müraciət edən hər 10 nəfərdən təqribən 5-i kredit ala bilirdisə, indi bu yalnız 2-3 nəfərə nəsib olur.

Verilən kreditlərin məbləği də azalıb. Müştərilərin gəlirlərinin azalmasını nəzərə alan banklar izafi kredit verib, sonra problemlə üzləşməmək məbləğləri azaldıblar: «Əvvəllər eyni şərtlərlə 10 min manat verdiyimiz müştərilərə indi maksimum 5-6 min manat verməyə çalışırıq». Amma bu, bankın sınaqdan keçmiş - etibarlı və normal tarixçəsi olan müştərilərinə aid deyil.

«Müştərilər krediti ehtiyatla görürürlər»

Amma ehtiyatlı olan təkcə banklar deyil. Müştərilər də kredit almağa ehtiyatla yanaşırlar. Ağılsız, sadəcə imkan var deyə kredit götürmək dövrü geridə qalıb. Xüsusilə krediti vaxtında qaytarmayan şəxslərə qarşı görülən tədbirlər insanları ehtiyatlı olmağa məcbur edib. Bu özünü ilk növbədə kreditlərin məbləğində göstərir. Bank mütəxəssisləri bildirir ki, müştərilər getdikcə daha az kredit götürməyə çalışırlar: «Əvvəllər 8-10 min manat kredit istəyən müştərilər idn 4-5 min manat vəsaitlə kifayətlənirlər». Başqa sözlə, müştərilər elə məbləğ götürmək istəyirlər ki, sonra onu qaytara bilsinlər. Ona görə də kreditlərin məbləğində 2 dəfəyə yaxın azalma var.

«Pis tarixçəsi olan müştərilər artır»

İstehlak kreditləri ilə yüklənmə və bəzi hallarda düşünülmədən kredit götürmə praktikası müştəriərin kredit tarixsələrini əməlli-başlı korlayıb. Bank mütəxəssisləri bildirir ki, kredit üçün müraciət edən müştərilərin kredit tarixçəsi araşdırılanda getdikcə daha pis nəticələr üzə çıxır: «Əvvəllər hər 10 nəfərdən 1-2 müştəridə kredit tarixçəsi pis idisə, indi hər 10 nəfərin təqribən 3-4-də problem görürük».

«Kredit verə bilmərik, sizdə yoxlama var»

Son vaxtlar iri şirkətlərdə baş verən pozuntu və ya müflisləşmə halları da bankları ayıq-sayıq olmağa vadar edib. Qeyd edək ki, bəzi banklar maliyyə vəziyyəti dayanıqlı olan iri şirkətlərin əməkdaşlarına krediti daha həvəslə verirlər. Bu şirkətin həm sabitliyi, həm də burada çalışanların əmək haqlarının yüksək olması onların statusunu artırırdı. İndi vəziyyət dəyişib. Banklarda bildirirlər ki, son vaxtlar ayrı-ayrı şirkətlərdə gözlənilməz problemlərin yaranması nəticəsində artıq həmin şirkətlərin işçilərinə əvvəlkitək etibar etmirlər: «Bu hətta hansısa neft şirkəti də ola bilər. Elə neft şirkəti ola bilər ki, işçilərinin ixtisarı ehtimalları yaranır, biz öz üsullarımızla bütün bu məsələləri dəqiqləşdiririk».

Hər hansı iri şirkətdə vergi pozuntularının üzə çıxması və vergi yoxlamasının başlanması da onun əməkdaşlarının kredit almaq şansını azaldır: «Belə hal olanda yoxlama başa çatana qədər həmin şirkətin işçilərinə bir müddət ehtiyatla yanaşırıq».

Zaminlər də ehtiyatlı olmağa başlayıblar

Bankların kredit siyasətində dəyişiklikərdən biri zaminlərlə bağlı tələbin sərtləşməsidir. Banklar getdikcə aşağı məbləğlər üçün də zamin tələb etməyə başlayıblar. Belə ki, əvvəllər 5 min manata qədər kredit üçün zamin tələb edilmirdisə, indii zaminsiz krelitlərin limiti 3-4 min manata qədər azaldılıb.

Zaminlər də ehtiyatlı olmağa başlayıblar: «Əvvəllər adamlar necə gəldi zamin durardılar, amma indii buna daha məsuliyyətlə yanaşırlar. Ehtiyat edirlər, çünki artıq bilirlər ki, zamin də borcalan qədər məsuliyyət daşıyır».

İş o yerə çatır ki, bəzən zaminlər eyni adama yenidən zamin durmaqdan imtina edirlər: «Xüsusilə qrafiki dəyişənlərlə bağlı. Bəziləri krediti ödəməyə çətinlik çəkəndə onların qrafikini dəyişir, müddəti azaldırıq. Bunun üçün yeni razılaşmanı zamin də imzalamalıdır. Amma dəfələrlə şahidi oluruq ki, zamin müştərinin probleminini olduğunu biləndən sonra ona yenidən zamin dayanmaqdan imtina edir. Çünki görür ki vəziyyəti pisdir».

adviad