22 Noyabr

65,4 milyard manatlıqdan çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur

2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artmışdır

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3 faiz artmış, tikintidə isə 6,2 faiz azalmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olmuşdur.