13 Noyabr

Trampdan Ərdoğana 100 milyard dollarlıq razılaşma təklifi -TƏFƏRRÜATLAR

Amerika lideri türk həmkarına ticarət razılaşması, həmçinin Rusiyadan aldığı zenit-raket sistemlərinə görə tətbiq edilmiş sanksiyalarla bağlı həll variantı təklif edib.

Fins.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp (Donald Trump) Türkiyə lideri Rəcəb Tayyip Ərdoğana 100 milyard dollarlıq ticarət razılaşması və Rusiyadan “S-400” zenit-raket sistemlərini aldığına görə tətbiq edilmiş sanksiyalarla bağlı həll variantı təklif edib. Bu barədə “The Washington Post” məlumat verib.

Nəşrin mənbələri bildirir ki, Ankaranın Suriyada başlatdığı hərbi əməliyyatdan sonra ABŞ və Türkiyə arasında münasibətləri yoluna qoymaq məqsədilə ötən həftə Ərdoğana məktub göndərilib.

Noyabrın 12-i Ərdoğan ikigünlük rəsmi səfər çərçivəsində Vaşinqtona yola düşüb. O, burada Trampla təkbətək formatda görüş keçirməyi planlaşdırır. Ötən ay ABŞ Konqresi Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiya paketini dəstəkləyib. “Ərdoğan Suriyada kürd müttəfiqlərimizə hücum etdikdən, türk qüvvələri administrasiyanın öz təbiri ilə desək, hərbi cinayət törətdikdən sonra Trampın onu Ağ Evə dəvət etməsi dəhşətdir”, - demokrat senator Kris Van Hollen (Chris Van Hollen) deyib.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” zenit-raket kompleksinin dörd diviziyasının tədarükü ilə bağlı 2,5 milyard dollarlıq saziş imzalayıb. İyulun ortaları kompleksin komponentlərinin Ankaraya ilk tədarükü başlayıb. Təslimat işlərinin cari ilin noyabr-dekabr ayında başa çatacağı gözlənilir. ABŞ cavabında “Patriot” sistemlərini Ankaraya tədarük etməkdən imtina edib, həmçinin “F-35” proqramında Türkiyənin iştirakına xitam verəcəyini deyib.