05 Dekabr

“BRENT” yatağında hasilat başa çatır

“Royal Dutch Shell” şirkəti gələn ildən dünyanın ən məşhur neft markasının adını daşıyan yataqda neft hasilatını tamamilə dayandıracaq.

2020-ci ildən etibarən “Brent” markalı neftin tərkibində bu növün adını daşıyan elalon neft qarışığı olmayacaq. Bu barədə “Wall Street Journal” xəbər verir. Məlumatda bildirilir ki, “Royal Dutch Shell” şirkəti gələn ildən Şimal dənizində, Şetland adaları və Norveç arasında yerləşən “Brent” yatağında hasilatı tamamilə dayandıracaq.

Şotlandiya sahillərindən 186 kilometr uzaqlıqda, 140 metr dərinlikdə yerləşən yataq 1917-ci ildə kəşf edilib və həmin dövrün ən böyük yataqlarından biri hesab edilib. Yataq Şimal dənizində yaşayan qara vəhşi qazların (brent goose) şərəfinə “Brent” adlandırılıb. Artıq 1975-ci ildə burada neft-qaz hasilatına start verilib. Hasilat durmadan artıb. 1982-ci ildə bir-birinin ardınca dörd platforma (Alpha, Bravo, Charlie və Delta) quraşdırılan yataqdan sutkada 500 min bareldən çox neft hasil edilib. 1990-cı illərin əvvəllərində yataq Böyük Britaniyanın neft tələbatının 13%, qaz tələbatının isə 10%-ni təmin edib.

İstehsalın pik nöqtəsində “Brent” markalı neft etalona çevrilib, digər markaların qiyməti onun qiymətinə görə hesablanmağa başlayıb.

“O, 40 ildən çoxdur hasilat sahəsinin təməl daşı olub”, - “Royal Dutch Shell” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Stiv Fimister (Steve Phimister) qeyd edib.

Lakin 1990-cı illərin sonlarına doğru “Brent”-in hasilat həcmi kəskin şəkildə aşağı düşüb və etalon qarışığa çevrilib. Şimal dənizindəki digər yataqlardan hasil edilən neft (2020-ci ildə “Forties and Oseberg”, 2007-ci ildə “Ekofisk”, 2018-ci ildə “Troll”) həmin qarışığa əlavə edilib. Əldə olunan “BFOET” qarışığında “Brent”-in payı azalmağa başlayıb. “Royal Dutch Shell” tədricən yatağa quraşdırılan platformaları istismardan çıxarıb. “Delta” hasilatı 2011-ci ilin dekabr ayında, “Alpha” və “Bravo” isə 2014-cü ilin noyabr ayında dayandırıb.

Konsernin məlumatına əsasən, hazırda “BFOET” qarışığında “Brent” markalı neftin payı sadəcə 1% təşkil edir. 2020-ci ildə “Charlie” platforması fəaliyyətini dayandırdıqdan sonra “Brent” markalı neftin hasilatı başa çatmalıdır.

“Bu nəhəngləri yığışdıranda gözlərimiz dolur, - şirkətin yaşlı işçilərindən biri Alan Lori (Alan Lorie) nəşrə bildirib, - Amma bu, fəaliyyət göstərdiyimiz sahənin yaşam dövrünün təbii hissəsidir”.

“Royal Dutch Shell”-in məlumatına görə, “Brent” yatağının fəaliyyət göstərdiyi illər ərzində burada 2 milyard bareldən çox neft və təxminən 161 milyard kub metr qaz hasil edilib.