13 Noyabr

Nadir Qasımov: "Şəhərin əhalinin sıx məskunlaşdığı hissəsinin yenidən qurulmasına xüsusi diqqət yetirilməlidir"

Müstəqil Azərbaycan dövləti inkişaf etməkdə davam edir. Respublikamızda aparılan tikinti quruculuq işləri buna əyani sübutdur. Azərbaycanda aparılan quruculuq işləri Respublikamıza gələn bütün qonaqlarda xoş təsurat yaradır. Tikinti quruculuq işləri inkişafın göstəricisidir desək yanılmarıq. Bu gün tikintidən, daha doğrusu tikintidə misilsiz əməyi olan memarlardan danışacağıq. Həmsöhbətimiz memarlıq sahəsində uzun müddətli iş təcrübəsinə malik, Respublikamızın bir cox şəhər və rayonlarında tikilmiş layihələri ilə tanınan, Müasir Azərbaycan Memarlığının parlaq simalarından biri, Azərbaycan Memarlar İttifagının üzvü Nadir Qasımovdur.

Bakıda aparılan tikinti-quruculuq işlərində nə baş verir.

Düzünü desəm, hazırda Bakıda aparılan tikinti quruculuq sahəsində baş verənləri ifadə etmək üçün konkret bir söz tapmaq çox çətindir. Ancaq əminliklə deyə bilərəm ki, indi tikinti quruculuq sahəsində baş verənlər nə ürək açandır, nə də göz oxşayan. Müstəqillikdən əvvəl biz sosializm rejimində yaşayırdıq. Hamımıza məlumdur ki, o zaman ictimai mülkiyyət forması mövcud idi. Bütün məsələlərin həlli ilə dövlət məşğul olurdu. Nəyin tikiləcəyini, harada və necə tikiləcəyini müəyyən etmək bir başa dövlətin səlahiyyətində idi.

Sosializmin dağılmasından sonra şəxsi mülkiyyət, sərbəst bazar iqtisadiyyatı və s. terminlər meydana gəldi. Sosializmdə Bakı şəhərinin inkişafı üçün hazırlanan tikinti abadlıq layihələri yeni quruluşun tələblərinə cavab verə bilmədiyi üçün yararsız hala düşdü. Şəxsi mülkiyyət, mövcud olanı istifadə etmək üçün və eyni zamanda yeni tikinti işləri aparmaq üçün fərqli yanaşma tələb edirdi. Hal hazırkı tikinti işlərindəki vəziyyət, inkişaf üçün köhnə qayda və qanunların yararsızlığı, yenilərinin isə tam hazır olmamasının nəticəsində yaranan bir vəziyyət kimi də izah oluna bilər. İndi zamanın tələbinə cavab verəcək layihələri necə tikmək, köhnə tikililərlə yeni tikililərin arasında yaranan ziddiyyətli vəziyyətdən necə çıxmaq və inşaatın gələcək inkişafını davam etdirmək üçün yollar axtarılır və tədbirlər planı həyata keçirilir.

Hansı layihələri memarlıqın səhvləri adlandıra bilərsiniz?

Heç birini. Çünki memarlıqda xüsusi normalar, qaydalar və konkret həll yolları yoxdur. Mövcud normalar və qaydalar tikinti normaları və qaydalarıdır. Memarlıq layihəsi səhv ola bilməz. O sadəcə yaradıldığı dövrlə uzlaşmaya bilər. Hansı olur olsun heç bir memarlıq layihəsinin səhv olduğunu demək düzgün deyil. Misal üçün bir zamanlar Eyfel qülləsi Fransanın ən pis tikintisi hesab edilirdi . Bu gün isə o Fransanın rəmzinə çevrilib.

Heç kim bunu ağlına belə gətirə bilməzdi. Bu gün Fransaya, hətta qısa bir ziyarətə gedənlər, Versaldan daha çox Eyfel qülləsini görməyə üstünlük verirlər. Əlavə edim ki, ətraf mühit memarlıqda mühüm rol oynayır. Bir anda şəhəri qurmaq mümkün deyil. Elə layihələr var ki, şəhərin hər hansı bir hissəsində tikilir və ərazisində tamamlama işləri aparılmadığından istədiyiniz kimi görünmür. Bir müddət sonra bu layihə ətrafında onu tamamlayacaq başqa bir layihələr inşa olunur və bu kompleksin daxilində bir zamanlar istədiyimiz kimi görünməyən bina dominantlıq təşkil edir. Nə qədər ki inkişaf var bir birini tamamlayacaq memarlıq layihələri də mövcud olacaqdır. Bu mütləq olacaq. Çünki inkişafın geri dönüşü yoxdur.

Bakının yeni simvollarına münasibətiniz necədir (Flame Towers, Port Baku Towers və başqaları). Yoxsa bunları belə hesab etmirsiniz?

Yaxşı. İlk öncə ona görə ki, bu binalar şəhərimizi bəzəyir və ona müasirlik verir. Bundan əlavə, hər hansı bir dövlətdə bu cür tikililər nəinki iqtisadi, hətta mədəni inkişaf səviyyəsini göstərir. Simvola gəldikdə deyə bilərəm ki, bu binalar tikilərkən qarşıya məqsəd qoyulmamışdır ki onlar şəhərimizin simvolu olmalıdırlar. Bu binalar sizdən və bizdən asılı olmayaraq Bakınin simvoluna çevrilmişdir. Yalnız bir şəxs hər hansı binanin simvol olub olmadığını müəyyənləşdirmir. Bakıya gələn bütün insanlar şəhərimizlə tanış olarkən bəyəndikləri binaların şəkillərini çəkir. Buradan gedərkən onlar öz təəssüratlarını dostları ilə yaxınları ilə bölüşür, fotoları sosial şəbəkələrdə paylaşır. Bu və ya buna bənzər hadisələrlə üzləşəndə görürsən ki, onlar artıq bu tikililəri şəhərimizin simvoluna çeviriblər.

Köhnə tikililər sökülməsinə, onların yerinə yeni pilot layihə adlanan binaların tikilməsinə münasibətiniz necədir?

Əlbəttə birmənalı deyil. Pilot layihə müvəqqəti xarakter daşıyır, və o hər hansı təklif olunan bənzərsiz həllin həyatda qalıb qalmadığını yoxlamaq üçün nəzərdə tutulub. Yəni pilot layihə yeni ideyaları sınamaq üçün istifadə olunur. Şəhərdə indi baş verənləri (pilot layihə adı altında), bilmirəm nə dərəcədə pilot layihə adlandırmaq olar.

Bu köhnə məhəllələrin kütləvi şəkildə dağıdılmasıdır və burada nə əhalinin sıxlığı, nə kommunikasiya imkanları, nə iqtisadi məsələlər nə də ərazidəki nəqliyyat qovşaqları nəzərə alınmır.Nədənsə yerindən, ölçüsündən və şəraitdən aslı olmayaraq bütün bu tikililər on altı mərtəbəlidir, hətta bəziləri eybəcər mansardlarla tamamlanır. Düşünürəm ki, şəhərin əhalinin sıx məskunlaşdığı hissəsinin yenidən qurulmasına xüsusi diqqət yetirilməlidir.

Qafqazın incisi sayılan Bakını Dubayla müqayisə edilməsi sizi narahat edirmi?

Bakını Dybaya bənzətmək tamamilə yanlış fikirdir. Bakı qədim tarixə malik bir şəhər və eyni zamanda şərq və qərb mədəniyyətlərinin görüşdüyü bir məkandır. Yerləşdiyi coğrafi mövqeyi, malik olduğu təbii sərvətləri, mədəniyyəti dünyanın diqqətini bu və ya digər şəkildə özünə cəlb etmiş və bu diqqətin nəticəsində Bakı bir şəhər kimi formalaşmışdır. Sadəcə bu gün Bakı ümumi şəkildə öz tarixini qoruyub saxlamaqla yanaşı müasirliyə doğru inteqrasiya etmiş bir şəhərdir. Dubay dedikdə ilkin olaraq insanda müasirliyə doğru cəsarətli və sürətli inkişaf təsəvvürü yaranır və bu da özünü müasir formalı tikililərdə göstərir. Yəqin Bakını Dubaya bənzədənlər cəsarətli və sürətli inkişaf edib qısa bir zamanda dəyişməsini nəzərdə tuturlar. Bakı bu gün də Qafqazın incisi hesab olunur.

Hündür binaların tikintisi şəhərə necə təsir etdi?

Əgər üzdə bir xal olarsa gözəllikdir deyirlər, ikisi – yaraşıqlıq verir, amma əlli dənəsi artıq xəstəlikdir. Eyni şəkildə hündür binalar. Şəhərin bəzi rayonlarında , bəzi kvartallarda həddindən artıq çoxluq təşkil edir. Hərdən perimetri boyu yüksək mərtəbəli binalar tikilən məhəllərə daxil olanda bu eybəcərliyin aradan qaldırılması yolunun olmadığını görəndə ümidsizliyə qapılırsan.

Bakının baş planı haqqında nə deyə bilərsiniz? Nə qədər ona ehtiyac var. Onda nəyi əks etdirmək istəyərdiniz?

Bildiyiniz kimi, şəhərin baş planı şəhərin abadlaşdırılmasını və planlaşdırmasını tənzimləyən əsas şəhərsalma sənədidir. Baş plan şəhərin ərazi inkişafının uzun müddətli perspektivlərini, sənaye, yaşayış, təssərrüfat anbarlarının və digər fəaliyyət zonalarının, əhalinin xidmət şəbəkəsi, nəqliyyat sisteminin və mühəndis avadanlıqlarının, həmçinin ətraf mühiti qoruması prinsiplərini müəyyən edir.

Yuxarıda sadaladıqlarımdan göründüyü kimi, bu çox vacib bir sənəddir. Bəzən belə başa düşülür ki, baş plan hazır olarsa bütün tikinti işləri öz qaydasına düşəcək. Düşünürəm ki, bu belə deyil. Burada çox çalışmaq, nəzərdə tutulan məsələləri, qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün ciddi səy göstərmək lazımdır. Bundan əlavə, tikinti baxımından artıq əldə edilmiş vəziyyəti qorumaq lazım gələcək.

Perimetri boyunca yüksək mərtəbəli binalarla əhatə olunmuş həyətlərdə ofislər adı altında əlavə tikililər, avtomobil yuma yerləri tikilir, həyətyanı sahələr kimi nəzərdə tutulmuş yerlərdə üstü örtülü avtodayanacaqlar tikilir. Və yaxud daha çox qazanc əldə etmək üçün bəzi ticarət mərkəzlərinə bitişik əlavə yerlər tikilir və s. Bu kimi neqativ halların qarşısını almaq üçün sərt tədbirlər görmək lazımdır.