18 Noyabr

Azərbaycanda "Peugeot" avtomobillərinin istehsalı daxili bazar tələbatına uyğun qurulacaq

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobil istehsalçısı ("Azərmaş" ASC – red.) tərəfindən daxili bazarda müxtəlif modellərə olan tələbat araşdırılır ki, istehsal prosesini ona uyğun qurulsun. Bunu fins.az-a Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, sənaye məhəlləsində fəaliyyət göstərən istehsalçı tərəfindən bu günədək artıq üç minə yaxın “Peugeot” avtomobilləri istehsal olunub. “Bu proses genişlənir və mütəmadi olaraq model növləri yeniləcək. Paralel olaraq avtomobil ixracı ilə bağlı xarici bazarlar da araşdırılır. Onların sırasında Rusiya, Ukrayna və Gürcüstan bazarlarını qeyd etmək olar”,- deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, hazırda "Azərmaş" zavodunda “Peugeot Khazar” modeli istehsal edilir. Gələcəkdə isə müəssisə tərəfindən "Peugeot-301", "Peugeot-206" və "Peugeot-207" modellərinin də istehsalı nəzərdə tutulub. Ümumilikdə şirkət tərəfindən gələcəkdə “Peugeot”nun 9 modelinin istehsalı nəzərdə tutulub. Layihə "Iran Khodro Industrial Group" şirkəti ilə müştərək olaraq icra olunur.