05 Dekabr

“SOCAR Trading” 2020-ci ilin birinci yarısında “Dung Quat” NEZ-ə 5 milyon barel həcmində “Azeri Light” markalı neft tədarük edəcək

“SOCAR Trading” şirkəti (SOCAR-ın ticarət törəməsi, ARDNŞ) 2020-ci ilin birinci yarısında Vyetnama 5 milyon barel həcmində “Azeri Light” markalı neft tədarük edəcək. Bu barədə Vyetnam neft qrupunun (Petrovietnam) məlumatında deyilir.

“Noyabrın 29-da “Petrovietnam”ın tərkibinə daxil olan “Binh Son Refining and Petrochemical Co” (BSR) ASC Hanoyda “Dung Quat” NEZ-ə neft tədarükünə dair “SOCAR Trading” ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, “SOCAR Trading” 2020-ci ilin ilk 6 ayı ərzində NEZ-ə “Azeri Light” markalı neft tədarük edəcək. Tədarükün ümumi həcmi 5 milyon barel təşkil edəcək”, - məlumatda qeyd olunur.

“Azərbaycan nefti “WTI Midland”, “Bonny Light”dan başqa “Dung Quat” NEZ-ə tədarük olunan strateji neft növlərindən biridir”, - məlumatda BSR-nın baş direktoru Buy Min Tyanın sözlərindən sitat gətirilir.

O, həmçinin vurğulayıb ki, BSR və “SOCAR Trading” Azərbaycan neftinin “Dung Quat” NEZ-ə tədarükünə dair uzunmüddətli əməkdaşlığa ümid edirlər. Eyni zamanda, yeni saziş “Petrovietnam” ilə SOCAR və onun bölmələri, xüsusilə ümumilikdə Vyetnamla Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcək”, - Tyan qeyd edib.

O cümlədən, məlumatda bildirilir ki, Vyetnam hökumətinin 16 sentyabr 2019-cu il tarixli qərarı ilə 1 noyabr 2019-cu il tarixindən etibarən neft idxalı üçün vergi üzrə dərəcə 5%-dən 0%-dək endirilib. “Bu qərar yerli NEZ-lərə Azərbaycan neft daxil olmaqla, rəqabət qabiliyyətli qiymətlərlə idxal olunan neftə çıxışı təmin edir”, - məlumatda vurğulanır.

“Azeri Light” markalı neft Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” blokundan hasil olunur.

Azərbaycan hökumətinin məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində $57 milyon 135,17 dəyərində Azərbaycan neftinin Vyetnama idxalı 139 min 300,58 ton təşkil edib. 2018-ci ildə $73 milyon 638,85 məbləğində Azərbaycan neftinin bu ölkəyə tədarükü 136 min 578,42 ton təşkil edib.

“SOCAR Trading” “Dung Quat” NEZ-ə neft tədarükü üzrə BSR-nın köhnə tərəfdaşıdır. **