14 Noyabr

Gələn ilin büdcəsi daha çox sosialyönümlüdür

Milli Məclisdə Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi birinci oxunuşda qəbul olunub. Mütəxəssislər gələn ilin büdcəsini həmişəkindən daha çox sosialyönümlü hesab edirlər. Bu fikir Milli Məclisdə bu mühüm sənədin müzakirəsi zamanı edilən çıxışların əksəriyyətində səsləndi. Yəqin ki, birinci oxunuşda bəzi deputatların səsləndirdiyi təkliflər nəzərə alındıqdan sonra ikinci və üçüncü oxunuşda sənəd daha çox sosialyönümlü olacaq.

2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat, yaxud proqnozda nəzərdə tutulan ÜDM-in 2,3 faizinə bərabər olacaq. Gəlirlər isə ÜDM-in 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat, yaxud 4,2 faiz çoxdur.

Qeyd etməliyik ki, büdcə layihəsində sosial xərclər 2019-cu ilə nisbətən 8 faizdən də çox artıb. Büdcənin xərclər hissəsində 3 milyard manata yaxın artım var ki, bunun da əhəmiyyətli hissəsi sosial istiqamətdə olan xərclərdir. Ümumilikdə büdcənin 40 faizi sosialyönümlüdür və burada təhsilə, elmə, səhiyyəyə ayrılan vəsaitlərdə ciddi artım var. Büdcə xərclərinin böyük hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri 2019-cu ilə nisbətən 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanacaq ki, bu da əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir.

Təhsil xərclərinə ayrılan vəsait keçən ildəkindən 38,3 faiz çoxdur. Sosial ödənişlərin, təqaüdlərin artırılması, dövlət sifarişi ilə təhsil alanların sayının çoxalması, güzəştli kateqoriyadan olan vətəndaşların təhsil, səhiyyə xərclərinin, müavinətlərinin artırılması – bütün bunlar 2020-ci ilin dövlət büdcəsinin xarakterini əyani göstərir.

Qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 16 ildə həyata keçirdiyi çevik və uzaqgörən sosial-iqtisadi strategiya, qlobal proseslərə və müasir çağırışlara uyğun islahatlar proqramı milli iqtisadiyyatın dinamik inkişafını, əmək resurslarından səmərəli istifadəni və məşğulluq səviyyəsinin mütəmadi olaraq artımını, bununla paralel olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edib.

Teymur ZEYNALOV, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent