05 Dekabr

Türkiyədə oxumaq istəyənlərə vacib məlumatlar – Sizə bu sualları verəcəklər

Türkiyədə təhsil çoxlarının arzusu olsa da, bu istək bir sıra hallarda maddi çətinliklərə görə reallaşmır. Elə buna görə də Türkiyə Cümhuriyyəti “Türkiyə Bursları” vasitəsilə 150-dən çox ölkənin vətəndaşlarına təqaüdlü təhsil imkanı verir.

Məlum olduğu kimi Türkiyə burslarına müraciət üçün əsas şərt universiteti bitirmək və ya cari ilin sonunda məzun olmaqdır. Azərbaycan vətəndaşları üçün müraciət müddəti adətən yanvar-fevral aylarında olur. Müraciəti uyğun olan tələbələr may ayının ilk həftəsi müsahibəyə dəvət edilirlər. Mayın sonunda isə müsahibədən keçənlər müəyyən olunur.

Türkiyə burslarına müraciət üçün lazım olan sənədlər isə bunlardır: xarici pasport və ya şəxsiyyət, attestat, IX, X, XI sinif transkript, beynəlxalq imtahan nəticəsi ( SAT, GMAT, ALES, YÖS və s), CV, niyyət məktubu... Həmçinin, müraciət üçün referans məktubu, DİM imtahan nəticəsi tələb olunur.

“Türkiyə burslarına müraciət üçün lazım olan niyyət məktubu digər niyyət məktublarından fərqlənir. Burada namizədlərə suallar verilir və bu sualları cavablandırmaqları tələb olunur”.

Bu sözləri 2014-2017-ci illərdə Türkiyə bursları vasitəsilə Marmara Universitetində PR üzrə magistr təhsili alan Rəşad Mehdizadə deyib. O, niyyət məktubuna salınan suallara da aydınlıq gətirib:

Türkiyə bursları vasitəsilə bakalavr səviyyəsində təhsil almaq istəyənlərə niyyət məktubunda aşağıdakı 2 sual ünvanlanır:

1.Nə üçün Türkiyədə təhsil?

2.Türkiyədə təhsili bitirdikdən sonrakı planınız nədir?

Magistr və doktorantura səviyyəsinə müraciət edənlər isə yuxarıdakı 2 sualdan əlavə aşağıdakı sualları cavablandırmalıdır:

1.Yazmaq istədiyiniz diplom işinin mövzusu?

  1. Diplom işinin adı nə olacaq? (ən çox 15 söz)

3.Diplom işində istifadə olunacaq qavramlar hansılardır? (75-300 söz)

4.Hansı araşdırma vasitəsindən istifadə edəcəksiniz? (50-300 söz)

5.Hansı alt başlıqlardan istifadə olunacaq? (75-300 söz)

6 .Mövzunun akademik “yapıya qatqısı” nə olacaq? (75-300 söz)

7.Ədəbiyyat siyahısı (75-300 söz)

Bakalavr və magistr səviyyəsinə müraciət edən namizədlər bu hissəni özlərinə ən rahat dildə doldura bilərlər. Doktorantura səviyyəsinə müraciət edənlər isə bu bölməni mütləq ya türkcə, ya da ingilis dilində doldurmalıdır.

Rəşad Mehdizadə Türkiyə burslarına müraciət zamanı Dövlət İmtahan Mərkəzindən alınan sənədin önəmini də vurğulayıb:

“Magistr və doktorantura üzrə təqaüd proqramına müraciət edən hər bir şəxs DİM nəticələrini şəxsi kabinetinə mütləq şəkildə yükləməlidir. DİM nəticələrini almaq üçün şəxsiyyət vəsiqəsi ilə quruma yaxınlaşıb, ərizə yazmağınız kifayət edir. Sənəd 1 həftə ərzində heç bir ödəniş tələb olunmadan sizə verilir. Müraciət zamanı qəbulda istifadə etdiyiniz şəxsi iş nömrəsi sizdən soruşulur ki, onu da e-gov.az-dan hesab açmadan əldə edə bilərsiniz.

Onu da bildirim ki, magistr üzrə müraciət edən şəxslər bakalavra qəbul olduğu zaman topladığı balı təsdiq edən sənədi; doktoranturaya müraciət edənlər isə bakalavr və magistra qəbul olduğu zaman topladığı balı əks etdirən sənədi sistemə əlavə etməlidir”.

© Azedu.az