ANALİTİKA

21 Oktyabr
8

Valyuta müharibələri və sülh -Çap maşınları blokçeynə qarşı

ABŞ və Çin arasında gedən ticarət müharibəsində müəyyən razılığa işarə var. Daha çox partizan müharibəsinə oxşayan növbəti valyuta müharibəsi tam sürətlə irəliləyir. Söhbət dollardan imtina etməkdən gedir. Rusiya hökuməti nəinki yerli biznesi və əhalini, eyni zamanda başqa ölkələri də bu təcrübəyə cəlb etməyə çalışır. Rusiya və Türkiyə qarşılıqlı ticarət əlaqələrində milli valyutalardan istifadənin genişləndirilməsi haqqında hökumətlərarası saziş imzalayıb. Bundan başqa, sənəddə Rusiyanın “Mir” kartlarının Türkiyə ərazisində qəbul infrastrukturunun genişləndirilməsi, habelə türk bankları və şirkətlərinin “SWIFT” sisteminin Rusiya analoquna qoşulması nəzərdə tutulub. Bu barədə “Exo Kavkaza” yazır.

Durov qardaşları və Mark Zukerberqin (Mark Zuckerberg) kriptovalyuta eksperimentlərindən meydana çıxa biləcək başqa alternativi Amerika hökuməti daha ciddi qəbul edir. Oktyabrın 11-i ABŞ ərazisində bütün maliyyə alətlərinin leqal dövriyyəsini tənzimləyən orqan - Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) iki ofşor şirkətin fəaliyyətinin məhkəmə qadağasına nail olduğunu bildirib. Söhbət Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş “Telegram Group” və onun törəmə şirkəti “TON Issuer”-dən gedir. Ehtimallara əsasən, bu şirkətlər həm ABŞ-da, həm xaricdə tokenlərin ilkin yerləşdirilməsi ilə məşğul olub. Lazımi qeydiyyatın olmaması Nyu York Cənub dairə məhkəməsində qaldırılan iddiaya səbəb olub.

Ən maraqlısı isə odur ki, Amerika tənzimləyicisinin məhkəmə iddiası şirkətlərin özlərindən əldə edilmiş informasiyaya əsaslanır. SEC amerikalı investorların hüquqlarının pozulduğunu hesab edir. Birincisi, “Gram” alışı haqqında investisiya sazişində emitent şirkətin gəlir generasiya edə bilmə qabiliyyəti haqqında nəticə çıxarmaq üçün əsas verəcək maliyyə tarixçəsi barədə məlumat olmayıb. SEC-in standartlarına əsasən, alıcıların kriptovalyutanın əldə edilməsi ilə bağlı ölçülüb-biçilmiş qərar qəbul etmək imkanı olmur. İkincisi, messencerin infrastrukturu anonim tranzaksiyalar həyata keçirməyə imkan verir. “Gram” dövriyyəsində istifadəçilərin identifikasiya sistemi nəzərdə tutulsa da, onu investorların özləri quraşdıracaq, “Telegram” administrasiyasının bu informasiyaya çıxışı olmayacaq. Nəhayət, növbəti şikayət ondan ibarətdir ki, “Gram”-ın heç bir yurisdiksiyada leqal statusu yoxdur.

SEC layihəni dayandıra, ya da ona təsir göstərə biləcəkmi? Aydındır ki, bilməyəcək. Blokçeyndə desentralizasiya edilmiş layihələrin dövlətin hücumlarına davamlı olması barədə dəfələrlə məlumat verilib. Onların bu xüsusiyyəti istifadəçilər tərəfindən dəstəklənir. “TON” blokçeynində ilkin abunədə iştirak edən investorları da nəzərə almaq lazımdır. “Roskomnadzor”-un “Telegram” ilə mübarizəsindəki uğurlarını nəzərə alsaq, onu yalnız ümumdünya hörümçək toru ilə birlikdə “bağlamaq” mümkün olacaq. Amerikalı tənzimləyicilərin aktivliyi və bütün dünyada əsas xəbərlərə düşən qadağa çox güman yeni kriptovalyutaya sərf edəcək.

“Zəif həlqə” tapılıb. Müxtəlif ölkələr Assosiasiya şirkətlərinə ciddi təzyiq göstərməyə başlayıblar. Nəticədə “Paypal” “Libra” layihəsində iştirakını dayandırdığını elan edib. Ardınca ötən həftənin sonu “Visa”, “Mastercard”, “Ebay” və “Stripe” ödəmə sistemləri analoji qərarla çıxış ediblər. Onların hamısı əsas səbəb kimi tənzimləyicilər tərəfdən layihəyə olunan təzyiqi göstəriblər. Hüquqi məsələlər həll olunduqdan sonra şirkətlərin layihəyə qayıda biləcəyi istisna edilmir.

“Libra”-nın həmtəsisçisi David Markus (David Marcus) özünün “Twitter” hesabında bu qədər uzun müddət davam gətirdikləri üçün “Visa” və “Mastercard”-a minnətdarlığını bildirib. Onun sözlərinə görə, şirkətlərin gedişini yaxşı xəbər adlandırmaq olmasa da, bu addım daha çox azadlıq verir. Qısacası, hələlik layihə davam edir