Analitika

25 October
8

Azərbaycan post-neft dövründə - nəticələr, proqnozlar - ŞƏRH

İndi Azərbaycanda post-neft dövrü başlayıb. Son 2-3 ildə müşahidə olunan iqtisadi tendensiyalar, məsələn, dövlət büdcəsinə vergi daxilolmalarının strukturunda qeyri-neft-qaz sektorunun mütəmadi olaraq artması, regionlarda iqtisadi infrastrukturun genilşlənməsi, “kölgə” iqtisadiyyatının miqyasının azaldılması, şəffaflaşma proseslərinin sürətləndirilməsi və digər məqamlar ölkə iqtisadiyyatının artıq yeni mərhələyə qədəm qoymasından xəbər verir.

İlkin nəticələr

Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə qeyri-neft sənayesində 15 faizdən çox artım qeydə alınıb ki, bu da çox yüksək nəticə kimi qiymətləndirilə bilər. Kənd təsərrüfatında da ciddi göstəricilər əldə edilib, iqtisadi artım 7 faizə çatıb.

Digər iqtisadi göstəricilərə nəzər salaq. Bu gün Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu, dünyada 9-cu göstəricidir. Eyni zamanda, həyata keçirilən sosialyönümlü islahatlara, yəni 4 milyondan çox insanın pensiyalarının, əmək haqlarının, müavinətlərinin artırılması istiqamətində qərarların qəbul olunmasına və dövlət büdcəsindən milyardlarla manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, inflyasiyanın 2,5 faiz həddini keçməməsi məhz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin, sənaye və kənd təsərrüfatına əlavə investiyaların cəlb edilməsinin, qərarların xaotik deyil, proqram xarakterli olmasının nəticəsidir.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatları və bu qurumların rəhbərlərinin açıqlamaları da Azərbaycanda həyata keçirilən islahatların səmərəliliyinə dəlalət edir. Məsələn, Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu da yeni hesabat dərc edib, hesabatda Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib.

Prezident İlham Əliyev də 2019-cu ilin yanvar-sentyabr aylarının iqtisadi nəticələri ilə bağlı keçirdiyi son müşavirədə əsas diqqəti bu məqamlara yönəldib. Dövlət başçısı bildirib ki, bu gün başlıca məqsəd yüksək iqtisadi göstəricilərə nail olmaq və islahatları davam etdirməkdir. Bunun üçün kifayət qədər ehtiyatların mövcudluğuna diqqət çəkən Prezident İlham Əliyev bu ehtiyatların aşkarlanmasının, büdcə gəlirlərinin artırılmasının və büdcə xərclərinin şəffaflaşdırılmasının hökumət qarşısında başlıca vəzifə kimi müəyyənləşdirildiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın dayanıqlı inkişafı məhz qeyri-neft sektorunun hesabına təmin edilməlidir.

Yeni hədəflər, yeni struktur, yeni kadrlar

Hələ 2018-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında çıxışı zamanı Azərbaycan Prezidenti ölkədə reallaşdırılmasına başlanılan neft və qaz layihələrinin davam etdiriləcəyini, lakin əsas diqqətin məhz yüksək texnologiyaların tətbiqinə, innovativ sahələrin, sənaye və kənd təsərrüfatının inkişafına, sahibkarlığın möhkəmləndirilməsinə yönəldildiyini qeyd edib.

Təbii ki, hər bir islahatı həyata keçirən kadrlardır. Qarşıya qoyulan hədəflərə yalnız yeni yanaşmalara uyğun, yeni təfəkkürə malik, müasir beynəlxalq trendlərin tətbiqini bacaran kadrlarla nail olmaq mümkündür. Son 2 ildə hökumətdə müşahidə olunan kadr islahatları bu sahədə ciddi islahatlardan xəbər verir. Məhz yeni yanaşmaların tətbiqi, bir sıra hallarda mövcud olan məmur özbaşınalıqlarının aradan qaldırılması iqtisadi islahatların təkanverici qüvvəsi olmalıdır. Bu məqamlara son müşavirədə dövlət başçısı da diqqət çəkib, çox güclü siyasi iradənin ortaya qoyulduğunu, islahatların şəxsi maraqlara qurban verilməyəcəyini və görülən işlərə maneə yaradan insanlarla yolların ayrılacağını vurğulayıb. Bu isə o deməkdir ki, hər bir məmura etimad krediti onun gördüyü real işə görə artacaq.

Nə olacaq?

Bəs, qeyri-neft sektorunun inkişafını şərtləndirən başlıca zəmin nədir? İlk növbədə, “kölgə” iqtisadiyyatı ilə mübarizə. İşgüzar mühitin transformasiyasının başlıca şərti iqtisadiyyatın şəffaflaşdırılması və inhisarçılığın aradan qaldırılması, dövlət müəssisələrinin iqtisadi effektivliyinin artırılmasıdır. Çünki Prezident İlham Əliyevin də dediyi kimi, “kölgədən çıxarılacaq biznes Azərbaycanın iqtisadi göstəricilərini düzəldəcək və göstəricilər reallığı əks etdirəcək”. Bütün bunlar, öz növbəsində, paytaxtla yanaşı, regionların sosial-iqtisadi inkişafının stimullaşdırılması, ölkədə investisiya mühitinin bir qədər də yaxşılaşdırılması, xarici və daxili investisiyaların məhz qeyri-neft sektoruna cəlbi, ən önəmlisi, dövlət – sahibkar münasibətlərində tərəfdaşlığın inkişafını şərtləndirir.

Məsələn, təkcə ağır sənaye və maşınqayırmanın inkişafı ilə bağlı strateji yol xəritəsinin reallaşması, yəni qarşıya qoyulan vəzifələrin müasir proseslər nəzərə alınaraq, keyfiyyətcə yeni miqyasda və dolğunluqla həyata keçirilməsi nəticəsində növbəti illərdə Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodlarının ixrac ediləcəyi, ümumi daxili məhsulun 1,5 milyard manatdan çox artacağı, qara metallurgiyada yerli xammal bazasından tam istifadənin təmin olunacağı, 7 mindən çox iş yerinin açılacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunun digər strateji sahələrindən olan və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri sayılan kənd təsərrüfatında qarşıya qoyulan hədəflər isə aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə səbəb olacaq, bu sahədə rəqabətqabiliyyətinin artımı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun inkişafı üçün əlverişli mühit yaradacaq.

Göründüyü kimi, iqtisadi artım və qeyri-neft sektorunun inkişafı – yeni müəssisələr və yeni iş yerləri, yeni iş yerləri isə əhalinin alıcılıq qabiliyyətinin bir qədər də yüksəldilməsi, rifahının yaxşılaşdırılması deməkdir.

Prezident İlham Əliyevin dediyi kimi: "Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”.

(c)report