ANALİTİKA

14 Noyabr
151

ABŞ-da tənəzzülə nə səbəb ola bilər?

“ABŞ-da resessiyaya nə səbəb ola bilər? Keçmişdə iqtisadi inkişaf dövründən sonra əmək bazarında iqtisadi artım tempinin nəzarətdən çıxması erkən təhlükə siqnalı rolunu oynayırdı. İşçi tapmaq çətinləşir, əmək haqları artır, korporativ gəlir marjı azalır və şirkət qiymətləri artırmağa başlayırdı. Ardınca inflyasiyadan ehtiyat edən mərkəzi bank faiz dərəcələrini artırırdı. Bu da öz növbəsində korporativ investisiyaların azalmasına gətirib çıxarır və kütləvi ixtisarlara səbəb olurdu”, - Raqhuram Racan (Raghuram G.Rajan) “Project Syndicate” nəşrində yazır.

“Yuxarıda təsvir edilən mənzərə keçmiş dövrə aiddir. Bu gün inflyasiya çox aşağıdır. Ona görə bu göstərici faiz dərəcələrinin artırılması və iqtisadi artımın zəifləməsi ilə bağlı etibarlı xəbərdaredici siqnal olmaqdan çıxıb”, - məqalədə deyilir.

“Bu gün inflyasiya əvvəlki kimi Federal Ehtiyat Sisteminin (FES) hədəf səviyyəsindən aşağıdır. Hazırda xəbərdarlıq etmək məqsədilə monetar siyasətin sərtləşdirilməsi nəzərdən keçirilmir. Ötən il FES faiz dərəcələrini artırmaq qərarına gələndə ABŞ prezidenti Donald Trampın (Donald Trump) administrasiyası ticarət müharibələrini aktivləşdirməyə başlayıb. Və ötən il bazarlar tənəzzül etməyə başlayanda FES geri çəkilib. Bu il FES iqtisadi tənəzzülü “sığortalamaq” üçün artıq üç dəfə faiz dərəcəsini aşağı salıb. Qurum inflyasiya hədəfinin “simmetrik” olduğunu vurğulayır: FES müdaxilə etmədən öncə müəyyən müddət inflyasiya hədəfində artıma hazır olacaq, çünki son illər inflyayasi bu səviyyədən aşağı olub”, - məqalə müəllifi qeyd edir.

“Faiz dərəcələrinin növbəti resessiyaya səbəb olacağı gözlənilmir. Bəs onda maliyyə əyriləri necə olacaq? Ətrafa nəzər salsaq, baha aktivlər və yüksək səviyyəli kredit zonaları görmək mümkündür. İqtisadi artım tempi zəifləsə, Beynəlxalq Valyuta Fondu (BVF) korporativ maliyyə sahəsində mühüm problemlərin meydana çıxacağını proqnozlaşdırır”, - Racan yazır.

“Hazırda iqtisadi artım sayəsində “ayaqda qalan” istehlak artımını nə dayandıra bilər? Səbəblərdən biri ixtisarlardır. Bəs onlara nə səbəb ola bilər? İqtisadi müharibələr daha da gərginləşə bilər. Məsələn, ABŞ Avropa və Yaponiya avtomobillərinə rüsum tətbiq edə bilər”, - məqalə müəllifi ehtimalları qeyd edir.

“Mümkün ikinci səbəb faktoru geosiyasi risklərdir. Bu risklərə sentyabrda – Səudiyyə Ərəbistanına məxsus neft obyektləri dron hücumuna məruz qalanda şahid olduq. Səudiyyə Ərəbistanında neft hasilatının aşkar zəifliyi qlobal perspektivlərə qeyri-müəyyənlik qatır. Getdikcə daha çox küncə sıxışdırılan İran dəqiq mesaj verib: aşağı yuvarlansa, özü ilə birlikdə Səudiyyə Ərəbistanı və BƏƏ-ni də aparacaq”, - məqalədə deyilir.

“Neft qiymətində sıçrayış qlobal iqtisadiyyatı resessiyaya sürükləyə bilər. İstehlakçı gəlirləri azalacaq və istehlak ab-havası zəifləyəcək. Bu da investisiyalara daha çox mane olacaq”, - Racan yazır.

“Resessiyalar təbiəti etibarilə gözlənilməz xarakter daşıyır. Lakin yaxın gələcəkdə iqtisadiyyatın əsas problemi faiz dərəcələrindəki artım və ya müxtəlif maliyyə əyriləri deyil, xarici ticarət və geosiyasət sahələrində mövcud olan qeyri-müəyyən şəraitdir. Dünyada potensial diktatorların sayı az olsaydı, dünya iqtisadiyyatının vəziyyəti bugünkündən daha yaxşı olardı. Təəssüf, müasir avtoritar liderlərin çoxu seçicilərin qərarı ilə hakimiyyətə gəlib. Bu isə artıq başqa müzakirənin mövzusudur”, - məqalə müəllifi sonda vurğulayır.