ANALİTİKA

29 Noyabr
257

İqtisadi artım islahatların məntiqi nəticəsidir

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edərkən deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...

”Azərbaycan Prezidentinin neft və qazdan asılılığın azaldılması məqsədilə son illərdə sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması, müasir texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunmaları və s. tapşırıqları ilə bağlı bu ilin yanvar–oktyabr aylarında müsbət nəticələr əldə edilib.

Belə ki, hesabat dövründə ölkədə 65415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Bu ilin yanvar–oktyabr aylarında informasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatında 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində isə 3 faiz yüksəlib. Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.

Hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11407,4 milyon manat vəsait yönəldilib, sərf olunan vəsaitin 66,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalına, 25 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə xərclənib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 71,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz olub.

Cari ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon Gənclər Mərkəzi, Sumqayıt şəhərində “SOCAR karbamid”, Polietilen zavodları, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi, bir sıra avtomobil yolları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Qəbələ və Qobustan rayonlarında “Azərxalça” ASCnin filialları, bunlardan əlavə Bakı şəhərində 960 şagird yerlik ümümi təhsil, 140 yerlik məktəbəqədər təhsil müəssisələri və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1674 şagird yerlik 4 ümumi təhsil, 200 yerlik məktəbəqədər təhsil müəssisələri və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Sənaye müəssisələrində fəaliyyət göstərən sahibkarlar tərəfindən hesabat dövründə 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox məhsul istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb. Məhsulun 70,3 faizi mədənçıxarma, 24,9 faizi emal, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal edilib.Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar– sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14459,2 milyon dollar, idxalın dəyəri isə 10378,0 milyon dollar təşkil edib, nəticədə 4081,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artıb. Yanvar–sentyabr ayları ərzində ölkədən 1413,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1 faiz, real ifadədə isə 12,1 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya, 4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar–oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar–oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Hesabat dövründə ölkəmizə gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bu il oktyabrın 1-i vəziyyətinə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, büdcədən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, Dövlət Neft Şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində cari ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

İqtisadi islahatlar sırasında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi önəm daşıyır. Ona görə ki, vergi islahatları ilə bağlı gerçəkləşdirilən tədbirlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu isə sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsi, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılması kimi məsələlərin həllindən keçir. Hazırda vergi yükünün azaldılması və vergiyə cəlbetmə işinin biznesin xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir