Analitika

01 January
2

Ehtiyatlı olun, aldana bilərsiniz – SIĞORTA FIRILDAQLARI

Azərbaycanda çoxsaylı sığorta mübahisələrinin səbəbkarlarından biri də sığorta agentləridir. Fins.az-ın araşdırmaları göstərir ki, sığorta şirkətləri ilə müştərilər arasında narazılıqların yaranmasına bəzi hallarda sığorta agentlərinin saxtakarlığı səbəb olur. Bundan isə müştəri ilə yanaşı, sığorta şirkətləri də zərər çəkir.

«Agentlər ən çox savadsız müştəriləri aldadırlar»

Geniş agent şəbəkəsi olan iri sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, sığorta agentləri ilə bağlı əsas problemlər çoxdur. Bəzən agentlər məlumatsız və diqqətsiz olur, bəzən isə sadəcə əlavə gəlir əldə etmək üçün müxtəlif saxtakarlıqlara əl atırlar. Birincilər məlumatsızlıq və diqqətsizlik səbəbindən müqavilə tərtib edəndə səhvlərə yol verirlər. Məsələn, qeydiyyat nömrəsi, sürücünün şəxsiyyət vəsiqəsinin pin-kodu və digər məlumatlar düzgün qeyd edilmir. Bu da avtomobil sahibinin sığorta ödənişi almasında və digər məsələlərdə problem yaradır.

Sığorta şirkətlərindən verilən məlumata görə, belə səhvlər daha çox notariat kontoru və avtomobil bazarlarında satılan sığorta şəhadətnamələrində baş verir: ”Məsələn, ötən ilin yayında avtomobil bazarından “Mercedes” alarkən yazılan icbari sığorta şəhadətnaməsində sürücünün şəxsiyyət vəsiqəsinin pinkodu səhv qeyd edilmişdi. Avtomobilin sahibi sığorta şirkətinə müraciət etdi. Fakt araşdırıldı və daha sonra bununla bağlı İcbari Sığorta Bürosuna rəsmi müraciət olundu. Daha sonra məlumatlardakı səhvlər aradan qaldırıldı”.

Sığorta agentlərinin məsuliyyətsizliyi üzündən baş verən digər problem isə sığorta şəhadətnaməsindəki məlumatların elektron sistemə gec vurulmasıdır. Bəzən agentin bir neçə günlük səhlənkarlığı müştəri üçün ciddi problem yaradır. Belə ki, sığorta müqaviləsi o vaxt qüvvəyə minmiş sayılır ki, onun barəsində məlumatlar elektron sistemə vurulsun. Sığorta agertinin bunu etmədiyi dövrdə qəza baş verəndə həm müştəri, həm də sığorta şirkəti üçün problem yaranır: «Sığorta agentlərindən biri “Mercedes C220” avtomobili üçün icbari sığorta müqaviləsi tərtib etmişdi. Müştəri sığorta haqqını ötən il iyulun 26-da ödəsə də, sığorta agenti, müqavilə barədə məlumat verməyi 1 həftə gecikdirib və bu barədə məlumat İcbari Sığorta Bürosunun informasiya sisteminə yalnız avqustun 2-də daxil edilib. İyulun 30-da isə avtomobil qəzaya uğrayıb. Sığorta agentinin məsuliyyətsizliyi həmin hadisənin tənzimlənməsində çətinliklər yaradıb». Belə hallar başqa avtomobillərdə də baş verir və hər dəfə sığorta şirkətiilə müştərini üz-üzə qoyur.

Şəhadətnaməni rəngli skan edib satırlar

Bəzi sığorta şirkətləri isə diqqətsizlik üzündən yox, bilərəkdən, gəlir əldə etmək üçün müxtəlif saxtakarlıqlara əl atırlar. Belələri müştərilərin məlumatsızlığından və avtomobili ucuz qiymətə sığorta etmək istəməklərindən istifadə edirlər. Məsələn, əgər avtomobilin icbari sığorta haqqı 75 manatdırsa, sığorta agentinin 40 manata təklif etdiyi sığorta müqaviləsinə təbii ki, diqqətlə yanaşmaq lazımdır. Belə hallarda sığorta agentləri açıq-aşkar saxtakarlıq etməkən də çəkinmirlər.

Məsələn, sığorta şirkətlərindən biri icbari sığorta şəhadətnamələrinin agentlər tərəfindən rəngli skan edilib satılma hallarını üzə çıxarıb: «Avtomobilini agentin vasitəsilə bizim şirktdə sığortalayan sürücü müqavilənin təsdiqini yoxlamaq üçün 9707-yə sms göndərib. Məlum olub ki, belə müqavilə yoxdur. Müştəri bizim şirkətə müraciət etdi və sığorta agentinin saxtakarlığı üzə çıxdı. Hazırda həmin agentə qarşı cinayət işi açılıb».

Yük maşınını minik avtomobil kimi qeyd edirlər

Saxtakar sığorta agentləri avtomobillərin texniki göstəricilərini, hətta modellərini dəyişməkdən də çəkinmirlər. Müştərinin istəyi ilə daha az sığorta haqqı ödəmək üçün yük maşınının yük götürmə qabiliyyətini 1 tondan aşağı göstərilmə halları aşkar edilib. Digər bir saxtakarlıq üsulu isə sığorta haqqının daha ucuz başa gəlməsi üçün yük avtomobilini minik avtomobili kimi qeyd eduilməsidir: “Məsələn, belə bir hadisə baş vermişdi. Gəlir əldə etmək istəyən sığorta agenti yük maşınını “Vaz” minik avtomobili kimi sığortalamışdı”. Bundan başqa, hüquqi şəxsə məxsus avtomobil fiziki şəxsin avtomobili kimi sığortalanma halları da mövcuddur.

Müqaviləni bağlayıb sığorta haqqını şirkətə vermirlər

Sığorta şirkətləri əlavə edirlər ki, bəzi sığorta agentləri tərəfindən sığorta müqavilələri bağlanarkən alınan sığorta haqları sığortaçıya vaxtında və ya ümumiyyətlə təhvil verilmir. Belə saxtakarlıqlar isə yalnız sığorta hadisəsi baş verən zaman üzə çıxır. Həmçinin aşkarlanıb ki, bəzi sığorta agentləri müqavilə barədə məlumatları İcbari Sığortalar Bürosunun informasiya sisteminə köçürəndə avtomobillərin mühərrikinin həcmini olduğundan az göstərir, bununla da həm sığorta şirkətinə səhv məlumat verirlər, həm də vətəndaşlardan daha böyük həcmli mühərrikə görə aldıqları sığorta haqqının bir hissəsini mənimsəyirlər.

Hətta “Bonus-Malus” güzəştlərini də mənimsəyənlər var

Sığorta agentlərinin saxtakarlıqları bununla yekunlaşmır. Hətta sürücülərə verilən “Bonus-Malus” güzəştlərini mənimsəyən sığorta agentləri də var. Qeyd edək ki, Bonus-Malus sisteminə görə, avtomobili qəzasız idarə edən sürücülər sığorta haqqında güzəşt əldə edirlər, yəni növbəti ilə daha az məbləğdə sığoprta haqqı ödəməlidirdər. BBəzi sığorta agentləri isə sürücülərin bundan xəbərsiz olmasından istifadə edərək bu güzəştləri mənimsəyirlər.

Belə ki, bəzi hallarda sürücüyə endirimlər tətbiq edilsə də, sığorta agentləri bu barədə müştəriyə məlumat vermirlər, sığorta haqqını endirim tətbiq edilmədən alırlar. Müqavilə barədə sığorta şirkətinə məlumat veriləndə isə güzəşt edilən məbləği özlərinə götürürlər. Beləliklə məlum olur ki, sığorta agentlərinin dırnaqarası əsas qazanc mənbəyi müştəridən aldığı məbləğlə sığorta şirkətinə ödədiyi məbləğ arasındakı fərqdir.

Franşizanı müştəridən gizlədirlər

Sığorta agentlərinin ən böyük fırıldaqları isə avtomobillərin kasko sığortasında baş verir. Bəzi agentlər sürücülərin məlumatsızlığından istifadə edərək onlara azadolma məbləği haqqında məlumat vermirlər. Qeyd edək ki, adətən sığorta haqqı azaldıqca, franşiza məbləği də artır. Nəticədə, qəza baş verəndə dəyən zərərdin daha çox hisəsi müştərinin üzərinə düşür. Sürücülərin əksəriyyəti bundan xəbərsizdir.
Sığopta agentləri isə bundan istifadə edirlər. Məsələn, avtomobilini aşağı qiymətə könüllü sığorta etdirmək istəyən müştəriyə məlumat verilmir ki, belə halda azadolma məbləği artacaq və qəza baş verəndə müştəri daha çox ziyana düşəcək. Onlar aşağı sığota haqqını alaraq müqaviləni müştəri üçün sərfəsiz variantda rəsmiləşdirirlər. Məsələn, sığorta müqaviləsində azadolma məbləği 500 manat göstərilir. Bu o deməkdir ki, maşina 500 manatadək dəyən zərərləri yalnız müştəri ödəməlidir. Belə hal olanda isə sürücünün məlumatsızlığı sığorta şirkəti ilə narazılığın yaranmasına səbəb olur. Bu hal sığorta ödənişi ala bilməyən müştəridə sığortaya qarşı mənfi təəssürat yaradır.

Natamam sığortanın qaydasını izah etmirlər

Eyni halı avtomobilin natamam sığorta edilməsinə də şamil etmək olar. Sığorta agentləri müştəriyə bildirmirlər ki, məsələn, avtomobil 50 % sığortalanıb, yəni hadisə baş verərsə sığorta şirkəti dəyən zərərinin yalnız 50%-ni ödəyəcək. Bu hal müştəridən gizlədilir. Nəticədə qəza baş verəndə sığorta ödənişinin məbləği müştəri ilə sığorta şirkəti arasında mübahisələrə gətirib çıxarır. Sığorta agentləri sığortalının və sığortaçının vəzifələri ilə bağlı məlumatları da müştəridən gizlədirlər.

Problemin kökü şəhadətnamədir

Sığorta şirkətləri hesab edirlər ki, agent saxtakarlıqlarının kökü icbari sığorta ilə bağlı müştərilərə aid məlumatların birbaşa elektron sistemə deyil, şəhadətnaməyə qeyd edilməsindən qaynaqlanır. Belə ki, sığorta agenti müştərinin gözü önündə bütün məlumatları düzgün qeyd edir. Müştəri arxayın olur ki, avtomobili sığortalanıb. Amma sığorta agenti müştəriyə aid məlumatları öz maraqlarına xidmət edəcək şəkildə elektron informasiya sisteminə qeyd edir.

Saxtakar agentləri “Qara siyahı”ya salırıq

Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, saxtakar agentlərə demək olar ki, bütün şirkətlərdə rast gəlinir: «Bazardakı hər 10 agentdən 1-2-də belə problemlər olur». Şirkətlər agentlərin saxtakarlıqlarının qarşısını almaq üçün əhalini maarifləndirməyə çalışırlar. Eyni zamanda agentlər in özü də təlimatlandırılır və onlara belə halların yaxşı qurtarmayacağı barədə xəbərdarlıqlar da edilir. Bəzi sığorta şirkətləri intizamı sərtləşdirmək üçün hətta hər həftə satılan sığorta polisləri haqqında sığorta agentlərindən hesabatlar tələb edir. Saxtakarlığa yol verən, düzgün işləməyən agentlərlə iş dayandırılır: ”Belə hal olanda dərhal həmin agentlə əməkdaşlığı dayandırıb onu “qara siyahı”ya salırıq”. Sığorta agentinin “qara siyahı”ya salınması isə o deməkdir, o artıq ümumiyyətlə sığorta agenti olaraq fəaliyyət göstərə bilməyəcək, çünki bu siyahını hamı görür. Amma «qara siyahı»ya düşmək saxtakarlığa yol vermiş agent üçün ən yüngül cəzadır. Daha ağır hallarda sığorta agenti cinayət məsuliyyətinə cəlb edilir və məhkəmə qarşısında cavab verməli olur.