ANALİTİKA

01 Yanvar
5

Həyat sığortasında paylar dəyişib - RƏQABƏT

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası bazarı ötən ilin eyni dövrünə nisbətən 43,8% artaraq 91,75 milyon manat olub. Müqayisə üçün bildirək ki, bu dövrdə qeyri-həyat sığortası bazarında 4,6%-lik geriləmə qeydə alınıb.

Ən böyük pay "Paşa Həyat"dadır

Bazarın böyüməsi ilə paralel olaraq həyat sığortası bazarında rəqabət də güclənir. Hazırda bu sahədə fəaliyyət göstərən 3 şirkət - "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" şirkətləri sürətlə böyüyən bu bazarda yerlərini möhkəmləndirməyə çalışırlar. Hazırda həyat sığortası bazarında ən böyük pay "Paşa Həyat"a məxsusdur. Bu şirkət 38,3 milyon manatlıq yığımla həyat sığortası bazarının təqribən 42%-nə nəzarət edir. Sonrakı yeri 35,5 milyon manatlın sığorta haqqı ilə "Atəşgah Həyat" (bazar payı 38,7%) və 18 milyon manatlıq yığımla "Qala Həyat" sığorta şirkəti (19,5%) tutur.

Sığorta şirkətinin adı

Sığorta haqqı (manatla)

Bazar payı

1

“Paşa Həyat” ASC

38 304 868,04

41,75%

2

“Atəşgah Həyat” ASC

35 519 403,70

38,71%

3

“Qala Həyat” ASC

17 924 944,00

19,54%

Cəmi

91 749 215,74

100,0%

“Qala Həyat” təzyiqi artırır

Amma bazar payındakı üstünlüyə baxmayaraq, "Paşa Sığorta" artım dinamikasına görə, digər rəqiblərindən geri qalır. Həyat sığortası bazarında ən sürətli inkişaf “Qala Həyat”da qeydə alınıb. Ötən ilin eyni dövrünə nisbətən şirkətin yığımları 2,1 dəfə artıb. “Atəşgah Həyat”da artım göstəricisi 60%, "Paşa Həyat"da isə 16%-dir.

Sığorta şirkətinin adı

Sığorta haqqı (manatla)

Dinamika

1

“Qala Həyat” ASC

17 924 944,00

2,1 dəfə

2

“Atəşgah Həyat” ASC

35 519 403,70

59,83%

3

“Paşa Həyat” ASC

38 304 868,04

16,21%

Cəmi

91 749 215,74

43,80%

Artım sürətlərindəki fərq şirkətlərin bazar payına da təsirsiz ötüşməyib. Nəticədə “Qala Həyat” və “Atəşgah Həyat” sığorta şirkətləri “PAŞA Həyat”ı bazardan bir qədər sıxışdırıblar. Belə ki, ötən ilin ilk 11 ayında “PAŞA Həyat” yığımlarda 51,65% paya malik idisə, bu il bu nisbət 41,75%-ə düşüb. Əvəzində “Qala Həyat” bazar payını 13,53%-dən 19,54%-ə, “Atəşgah Həyat” isə 34,82%-dən 38,71%-ə çatdırıb.

Ödənişlərin 85%-ni “Atəşgah Həyat” edib

Sığorta ödənişlərinin bazar payında isə vəziyyət bir qədər fərqlidir. Əvvəlcə onu qeyd edək ki, 2014-cü ilin yanvar-noyabr aylarında həyat sığortasında ödənişlər 2013-cü ilin eyni dövrünə nisbətən 7,6 dəfə artıb və 26,85 milyon manat təşkil edib. Bu isə “Atəşgah Həyat” sığorta şirkətində həyatın yaşam sığortası üzrə bağlanmış 3 illik müqavilələrin başa çatması ilə əlaqədardır. Nəticədə sığorta ödənişlərinin ən yüksək dinamikası “Atəşgah Həyat”da qeydə alınıb – 9,4 dəfə. Ödəniş dinamikası “Qala Həyat”da 4,6 dəfə, “PAŞA Həyat”da isə 3,4 dəfə olub.

Sığorta şirkətinin adı

Sığorta ödənişi (manatla)

Dinamika

1

“Atəşgah Həyat” ASC

22 732 671,60

9,4 dəfə

2

“Qala Həyat” ASC

1 484 594,16

4,6 dəfə

3

“Paşa Həyat” ASC

2 629 905,13

3,4 dəfə

Cəmi:

26 847 170,89

7,6 dəfə

Son nəticədə “Atəşgah Həyat”ın ödənişlərdəki bazar payı ötən ilki 69,05%-dən 84,67%-ə qalxıb. “PAŞA Həyat”ın payı 9,8%, “Qala Həyat”da 5,53% olub.

Sığorta şirkətinin adı

Sığorta ödənişi

(manatla)

Bazar payı

Yanvar-noyabr, 2014

Yanvar-noyabr, 2013

1

“Atəşgah Həyat” ASC

22 732 671,60

84,67%

69,05%

2

“Paşa Həyat” ASC

2 629 905,13

9,80%

21,73%

3

“Qala Həyat” ASC

1 484 594,16

5,53%

9,22%

Cəmi:

26 847 170,89

100,00%

100,00%