ANALİTİKA

01 Yanvar
3

Zəmanətli təmir problemi necə həll olunmalıdır?

“Zəmanətli təmir problemi Azərbaycan sığorta bazarına qlobal şəkildə mənfi təsir göstərir”. Bunu fins.az-a açıqlamasında “Meqa sığorta” şirkətinin İddiaların tənzimlənməsi departamentinin rəhbəri Samid Mirzəyev bildirib. Onun sözlərinə görə, rəsmi avtoservislərdə təmir xərcləri standart qiymətlərdən 25-50% çoxdur. Bu isə müştəri narazılığını artırır.

“Elə detallar var ki, onları təmir etmək üçün rəsmi avtoservis vacib deyil. Bu məsələnin zəmanətlə əlaqəsi yoxdur. Məsələn, avtomobilin müəyyən hissələrində kiçik batıq yaranarsa və ya bamper rənglənməlidirsə, harda təmir edilməyindən aslı olmayaraq avtomobilin zəmanət məsələsinə təsir etmir. Ancaq müştərilərdə elə təsəvvür yaranıb ki, avtomobil ancaq rəsmi servisdə təmir olunmalıdır” - deyə S. Mirzəyev qeyd edib.

Departament rəhbəri onu deyib ki, zəmanətli təmirlə bağlı əsas problem avtomobillərin icbari sığortasına aiddir: “Kasko sığortasında müştəri qanunda müəyyən olunmuş qaydada sığorta haqqının məbləğinə görə rəsmi və yaxud adi servisi özü seçir. Bununla bağlı əsas problem avtomobillərin icbari sığortasındadır”

S.Mirzəyev problemin həlli yollarını da açıqlayıb. Onun fikrincə, zəmanətli təmirlə bağlı müəyyən kefiyyət standartlarının göstərici kimi avtoservislərə sertifikat verilməlidir:“Bu zaman sertifikatı olan avtoservisdə istənilən avtomobili təmir etmək mümkün olacaq. Bu isə imkan verəcək ki, “Audi”ni zəmanəti pozulmadan “BMW”nin və ya digər rəsmi dillerin avtoservisində təmir etmək mümkün olsun.”
S.Mirzəyev bu addımın avtoservislər arasında rəqabət mühütü yaradacağını və təmirin ucuzlaşmasına təsir göstərəcəyini bildirib.