ANALİTİKA

01 Yanvar
6

Ən “zərərli” sığorta növləri

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanda bütün sığorta sinifləri üzrə toplanmış hər 100 manatın 37 manatı ödənişi yönəldilib. Amma ayrı-ayrı siniflər üzrə ödəniş səviyyəsi fərqlidir.
9 ayın nəticələrinə əsasən, ölkədə ən zərərli sığorta növü avtomobillərin könüllü sığortasıdır. Sığorta şirkətləri bu sahədən topladıqları hər 100 manatın 74 manatını (74%) müştərilərinə geri qaytarıblar. Ötən il isə bu nisbət 46% olub. Zərərliliyin artması bu ilin əvvəlindən ölkədə avtomobil satışının və kasko sığortasından daxilolmaların azalması ilə bağlıdır.

Zərərliliyin səviyyəsinə görə sonrakı yerdə tibbi sığorta qərarlaşıb. Bu sığorta növü üzrə toplanan hər 100 manat sığorta haqqının 66 manatı ödəniş edilib. Elə ötən il də bu nisbət 66% olub.
Şirkətlər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasına görə də çox ödəniş ediblər. Hesabat dövrünə, bu sığorta növündən əldə olunan hər 100 manatın 61 manatı ödənişə gedib. Ötən il isə bu nisbət 19% olub.

Həyatın yaşam sığortası ilə bağlı bağlanmış müqavilələrin müddətinin bu ilin avqust ayında bitməsi bu sığorta növü üzrə zərərliliyi ötən illə müqayisədə 6-7 dəfə artırıb. Belə ki, 2013-cü ilin 9 ayında həyatın yaşam sığortasında ödəniş-yığım nisbəti 8% civarında idisə, bu il bu nisbət 52% olub.

Avtomobillərin icbari sığortasında da ödəniş səviyyəsi artıb. İlk 9 ayın nəticəsinə görə, bu sığorta növü üzrə toplanan hər 100 manatın 41 manatı ödəniş edilib, ötən il isə bu rəqəm 38 manat idi.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında da zərərlilik göstərici 41% ətrafındadır. Amma ötən il bu sığorta növü üzrə ödəniş-yığım nisbəti 46%-ə yaxın olub.

Bu il əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə isə ödənişlər artıb. Yanvar-sentyabrda bu sığorta növü üzrə hər 100 manat sığorta haqqının 26,6 manatı ödəniş edilib, ötən il bu göstərici 6,6 manat olub. Buna həm yığımların 36% azalması ilə yanaşı, həm də ödənişlərin kəskin (2,56 dəfə) artması səbəb olub.

Daşınmaz əmlakın icbari sığortasında isə ödəniş-yığım nisbəti 8% olub.
Ötən il sığorta şirkətləri sağalmaz xəstəliklərdən sığortaya görə ödəniş etməsələr də, bu il bu sığorta növündən toplanılan sığorta haqqının 20%-i ödənişə gedib.

Digər əsas sığorta növlərinə gəlincə, fərdi qəza və xəstəlik sığortasında ödəniş səviyyəsi 11,7% (ötən il 14,1% olub), səyahət sığortasında 12,4% (ötən il 14,1% olub), istehsalda bədbəxt hadisələrdən sığortada 8,3% (ötən il 4% olub), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 1,2% (ötən il ödəniş olmayıb) təşkil edib.
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin, yük daşıyanın mülki məsuliyyətinin sığortası, auditorların peşə məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı isə ümumiyyətlə ödəniş edilməyib.

Ümumilikdə yanvar-sentyabr ayları ərzində sığorta sinifləri üzrə ödəniş-yığım nisbəti ilə buradan tanış olmaq mümkündür.