ANALİTİKA

01 Yanvar
3

Notarius və bankların hesabına sığorta

Son vaxtlar yanğın və daşqınların artması əhalisini öz əmlakı barədə düşünməyə vadar edib. Əvvəlki illərlə müqayisədə Azərbaycanda daşınmaz əmlakın sığortasına maraq artıb. Bu barədə fins.az-a “Atasığorta” şirkətinin Anderraytinq və təkrar sığorta departamentinin direktor müavini Aydan Alxaszadə deyib. Onun sözlərinə görə, buna səbəb son vaxtlar paytaxtda yanğın və partlayış hallarının, bölgələrdə isə sel-daşqın və zəlzələ kimi təbiət hadisələri nəzərə çarpacaq dərəcədə artmasıdır: “İnsanlar filiallarımızı yaxınlaşıb ən azı sığortanın neçəyə başa gəldiyi ilə maraqlanırlar, tək-tək hallarda evini sığorta etdirənlər də olur”.

Məcbur olmasalar sığortanlamırlar

Amma sığorta ilə maraqlanma hələ əmlakı sığorta etdirmək deyil. Müşahidələr göstərir ki, daşınmaz əmlakın sığortası ilə bağlı müqavilələrin demək olar ki, hamısı inzibati mexanimzlərinin hesabına bağlanılır. Belə ki, “Atasığorta” rəsmisinin sözlərinə görə, insanlar öz əmlaklarını ya notoriat kontorlarının tələbi ilə (alqı-satqıya görə), ya da bankların tələbi ilə (əmlakı girov qoyaraq kredit götürəndə) sığortalayırlar: “Banklar mütləq könüllü sığorta tələb edirlər, çünki icbari sığortada təminat maksimum 25 min manatdır, bu məbləğ bankları qane etmir”.

1 manata 500 manat ödəniş

Xatırladaq ki, hazırda ölkədə icbari sığorta haqları isə tarif 0,2%-dir. Başqa sözlə sığorta haqqı kimi ödənilən hər 1 manat sığortalıya 500 manat məbləğində ödəniş təmin edir. Əmlakın könüllü sığortası haqqı icbari sığorta ilə müqayisədə bir qədər baha, əmlakın bazar dəyərinin azı 0,27-0,3%-i qədərdir. Aydan Alxaszadə deyir ki, “Atasığorta” şirkətində könüllü sığorta haqqının konkret məbləği əmlakın harada yerləşməsindən asılıdır: “Tutaq ki, ev sel-daşqın ehtimalı olan çaya yaxındırsa bu halda sığorta tarifi yüksək olur”.

"Sığorta haqqı da hissə-hissə ödənilsin"

Qeyd edək ki, bəzi mütəxəssislər əmlak sığortasının geniş yayılması üçün icbari sığorta haqqının da hissə-hissə ödənilməsini təklif edirlər. Bəzi sığorta şirkətləri əmlakın könüllü sığortasında bu üsuldan istifadə edir, icbari sığortada isə bu mümkün deyil - qanuna görə sığorta haqqı bütöv ödənilməlidir. Xatırladaq ki, Bakıda əmlakın icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər şəhər rayonlarda isə cəmi 30 manatadır.

Sığortalan əmlakların yarısı mənzillərdir

A.Alxaszadə bildirib ki, il ərzində “Atasığorta” daşınmaz əmlakın sığortasına dair təxminən 6000 müqavilə bağlayır ki, bunun da yarısı könüllü, yarısı icbari sığorta ilə bağlı olur. Sığortalanan əmlakların təxminən 50%-i mənzillərdir. Fərdi evlər və kommersiya obyektləri isə hər biri təxminən 25%-lik paya malikdir. Sığorta müqavilələrinin 60-70%-i Bakıda bağlanılır. Bölgələrdə isə “Atasığorta”nın məhsulları ən yaxşı Gəncə və Sumqayıtda satılır.