ANALİTİKA

01 Yanvar
3

Sığortaya aldanıb qəza yerini tərk etməyin – AĞIR CƏZASI VAR

Bəzən yol qəzası törədən və ya qəzaya tuş gələn sürücülər öz aralarında razılığa gəldikdən sonra sığorta şirkətinə müraciət edirlər. Sığortaçı gəlib qəza yerində şəkillər çəkəndən sonra sürücülər hadisə yerini tərk edib məsələnin həllini gözləyirlər. Bəzən isə sürücülər aralarında razılığa gəlib özləri sığorta şirkətinə gedirlər. Bu cür hallar çox olur və bunun ardınca əzilən avtomobillər ya sığorta şirkəti tərəfindən, ya da sürücülərin tanıdığı ustalar tərəfindən təmir olunur. Əslində isə burada yol polisinin də rəyi lazımdır. Çünki sürücülərin öz aralarında razılığa gəlib hadisə yerini tərk etməsi, avtomobili ustaya və ya harasa aparması qanunsuz əməldir və bunun bir adı var; hadisə yerindən yayınmaq. Bu isə İnzibati Xətallar Məcəlləsinə əsasən, 4 bal və 80 manat cərimə deməkdir. O zaman sürücü nə etməlidir? Sığorta şirkəti sürücülərin öz aralarındakı razılığı qəbul edib dəymiş ziyanı ödəyirsə, yol polisinə müraciət etməyə ehtiyac varmı? DYP-yə müraciət edildikdə ortaya çıxan süründürməçilik, əlavə vaxt itkisi, bəzən isə yol polisindən müvafiq arayışın alınması üçün başqa xoşagəlməz halların ortaya çıxması sürücüyə lazımdırmı? Əslində, dərindən dühündükdə sığorta şirkətlərinin sürücülər arasındakı razılığı əsas götürməsi çox əlverişli addımdır. Amma məsələ burasındadır ki, qanunvericilikdə yaranmış boşluq sürücülərin ziyanına işləyir. Məsələnən bu səviyyəyə gəlib çatması yalnız və yalnız sığorta qanunvericiliyi ilə yol hərəkəti qanunu arasındakı boşluqla bağlıdır. Fins.az-ın avtosfer.az-a istinadən məlumatına görə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi almaq üçün DYP-nin tərtib etdiyi müvafiq arayış sığorta şirkətinə təqdim edilməlidir. Bununla belə, «İcbari sığortalar haqqında» Qanunun 58.2-ci maddəsi aşağıda sadalanan 4 şərt eyni zamanda mövcud olduqda DYP-nin arayışı olmadan da sığorta ödənişi almağı mümkün sayır. Həmin şərtlər bunlardır:

- hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

- hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

- hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

- hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Bu şərtlərdən hər hansı biri (və ya bir neçəsi) mövcud olmadıqda sığorta ödənişini almaq üçün DYP-nin arayışı mütləq olmalıdır.

İlk baxışdan Qanunun bu müddəası çox yaxşıdır, çünki sürücülərin sığorta ödənişi alması prosedurunu məhdud şərtlər daxilində olsa da, xeyli sadələşdirir. Amma belə bir müddəanın mövcud olması o demək deyil ki, sürücülər həmin şərtlərin mövcud olduğu halda yol-nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verməməlidirlər. «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsi yol-nəqliyyat hadisəsi yerində sürücünün nə etməli olduğunu dəqiq təsbit edir. Həmin normaya əsasən sürücü istənilən yol-nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verməlidir. Düzdür, yol-nəqliyyat hadisəsi yalnız cüzi maddi ziyanın vurulması ilə nəticələnmişdirsə və hadisə iştirakçıları kimin təqsirli olması barədə razılığa gəlmişlərsə, onlar bu hadisəni rəsmiləşdirmək üçün DYP orqanına gələ bilərlər. Digər hallarda sürücülər hətta DYP-ni hadisə yerində gözləməlidirlər.

Nəzərə almaq lazımdır ki, «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin tələbini pozmaq, yəni istənilən halda (zərərin miqdarından asılı olmayaraq) sürücülərin DYP-yə məlumat vermədən hadisə yerini tərk etmələri onların hər birinin İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə 80 manat cərimələnməsinə və 4 cərimə balı almasına səbəb ola bilər. Ona görə də sürücülər yadda saxlamalıdırlar ki, «İcbari sığortalar haqqında» Qanunun yuxarıda qeyd etdiyimiz müddəası sadəcə olaraq sığorta ödənişi üçün DYP-nin arayışının lazım olmadığını ehtiva edir. Həmin müddəa yol-nəqliyyat hadisəsinin DYP tərəfindən rəsmiləşdirilməli olmasını heç bir halda istisna etmir.

İcbari sığorta ödənişinin yuxarıda göstərilən sadələşdirilmiş qaydada alınması üçün sürücülər həmin şərtlər mövcud olduqda sığorta şirkətinə DYP-nin arayışının əvəzinə özlərinin tərtib etdikləri protokolu təqdim etməlidirlər. Həmin protokolun forması və məzmunu Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli Qərarı ilə təsdiq edilib. Açığı, həmin protokolun doldurulması qaydalarını diqqətlə oxuyanda aydın olur ki, bu protokol o qədər mürəkkəbdir ki, onu xüsusi hazırlıqlı sürücülər də tərtib etməkdə ciddi çətinlik çəkəcəklər. Bu səbəbdən həmin sadələşdirilmiş qaydanın təcrübədə tətbiqi perspektivi dumanlıdır. Ona görə də elə ən yaxşısı DYP-nin arayışını əldə edərək sığorta şirkətinə təqdim etməkdir. Bu halda hadisə yerindən yayınmaya görə cərimə olunmaq təhlükəsi də olmayacaq.