ANALİTİKA

01 Yanvar
3

Qarabağ əlili “Azərsığorta”dan niyə narazıdır?

Zəngilan sakini Bəhram Musayev 1992-ci ildə Qarabağda döyüşdə ayaqlarından əlil olduğu halda sığortalı olduğu “Azərsığorta” şirkətindən sığorta ödənişi ala bilmir.

“Erməni kəşfiyyatı ilə atışma zamanı hər iki ayağımdan yaralandım”

Bəhram Musayev 1992-ci ildə Azərbaycanın ilk hərbi xidmət çağırçılarından olub. O, fins.az-a bildirib ki, 1992-ci il may ayının 19-da hərbi xidmətə çağırılıb. 1992-ci ilin sentyabr ayında Zəngilan rayonunun Kolllu Qışlaq kəndində postda vəzifəsini yerinə yetirərkən erməni kəşfiyyatı ilə atışma zamanı hər iki ayaqlarından güllə yarası alıb. Əvvəlcə Füzuli rayonunun Xanlıq qospitalına yerləşdirilib. Orada ilkin tibbi yardim göstərildikdən sonra 2 ay Bakıda hərbi qospitalda müalicə alıb. B.Musayev ayaq sinirlərinin bərpası üçün 1 ay da keçmiş Kirov institutunda müalicə edilib. 1993-cü ildə Zəngilan işğal ediləndə isə ordudan II qrup əlil olaraq tərxis edilib.

Məhkəmədə “Azərsığorta”ya qalib gəlib

B.Musayev deyib ki, 2 il əvvəl hərbçilərlə söhbət zamanı II qrup əlil olduğu üçün sığorta ödənişi almalı olduğunu öyrənib. Ancaq 20 ilə yaxın bir zaman keçdiyi üçün birbaşa sığorta ödənişi almaq çətin olub. Ona görə də 2013-cü ildə Binəqədi rayon Məhkəməsinə məhkəməyə müraciət edib. 2013-cü il may ayının 15-də məhkəmə qərar verib ki, sığortalı olduğu “Azərsığorta” şirkəti B.Musayevə 6600 manat sığorta ödənişi verməlidir. Lakin qarşı tərəf bununla razılaşmayıb və bildirib ki, dövlət bununla bağlı vəsait ayırdıqdan sonra o sığorta ödənişi ala bilər. Bir il yarım ərzində 3 dəfə məhkəmə prosesi olub. Bu il aprel ayının 16-da isə Bakı Apellasiya Məhkəməsi “Azərsığorta” şirkətinin apellyasiya şikayətini rədd edib və şirkətin əlilə 6600 manat ödəməsi barədə qərarı qüvvədə saxlayıb.
“Azərsığorta” şirkəti 2 ay müddətində bu qərardan kassasiya şikayəti verə bilərdi. Amma həmin müddət keçməsinə baxmayaraq sığorta şirkəti kassasiya şikayəti verməyib, deməli, artıq vətəndaşa sığorta ödənişi verməlidir. B.Musayev bir müddət də gözlədikdən sonra məhkəməyə qərarın icrası ilə bağlı yenidən müraciət edəcəyini deyib.

“Dövlət vəsait ayırsın ki, ödəniş edək”

“Azərsığorta” şirkəti isə ödənişə tələsmir. Şirkətin hüquq departamentinin direktoru Əfqan Mirzəyev fins.az-a bildirib ki, müharibə əlillərinin icbari sığortası ilə bağlı şikayətlər yüzlərlədir. İlk növbədə, hüquqi bazanın yaranması üçün Milli Məclis 1997-ci ilə qədər hərbi qulluqçuların icbari sığortası ilə bağlı ödənişlərin qayda və şərtlərini müəyyən etməlidir. Sonra bu sığorta ödənişləri təmin etmək üçün dövlət maliyyə vəsaiti ayırmalıdır. Bu sahədə hələlik hüquqi baza olmadığına görə sığorta ödənişlərini həyata keçirmək mümkün deyil.

“Azərsığorta”nın hesablarına həbs qoyulmalıdır

Məsələyə münasibət bildirən hüquqşünas Şəhriyar Əbilov isə fins.az-a bildirib ki, məhkəmənin qərarı qeyri-şərtsiz icra olunmalıdır. Və buna görə məhkəmə icraçılarının cavabdehi məsuliyyət daşıyır. O qeyd edib ki, “İcra haqqında” qanuna əsasən məhkəmə qərarını icra etməyən hüquqi, fiziki və vəzifəli şəxsin bank hesablarına, əmlakına həbs qoyulmalıdır. Bundan əlavə məhkəmə qərarını icra etməməyə görə, “Cinayət məcəlləsi”nin 306.2 maddəsinə əsasən 1000-2000 manat cərimə, 3 ilə qədər fəaliyyətin məhdudlaşdırılması,1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Şəhriyar Əbilov vurğulayıb ki, məhkəmə qərarının icra olunmamasına görə məhkəmə icraçılarının cavabdehi məsuliyyət daşıyır: “Necə olur ki, krediti ödəyə bilməyəndə məhkəmə vətəndaşın evindən stuluna kimi müsadirə edə bilir, ancaq vətəndaşın hüququnun qorunmasına əhəmiyyət vermir. Dövlətin qanunlarına ilk növbədə dövlət şirkətləri, o cümlədən “Azərsığorta” əməl etməlidir”.