ANALİTİKA

01 Yanvar
4

Azərbaycan banklarının VİP müştəriləri

Azərbaycanda əksər sahələrdə olduğu kimi bank sektorunda da VİP (xüsusi) müştərilərə özəl xidmətlər nəzərdə tutulub. Fins.az-ın yerli kommersiya banklarına istinadən verdiyi məlumata görə, VİP müştəri olmaq üçün banka böyük məbləğdə əmanət yerləşdirmək lazımdır.

“Unibank”: xüsusi menecer, növbəsiz qəbul, kuryer xidməti

VİP müştəri sayılmaq üçün ayrı-ayrı banklarda tələb olunan əmanətin məbləği fərqlidir. Məsələn, “Unibank”ın kimisə VİP müştəri sayması üçün banka azı 1 il müddətinə 200 min manat əmanət yerləşdirmək lazımdır. Belə müştərilər üçün bankda ayrıca menecer ayrılır, onlar ayrıca otaqda, növbəsiz qəbul edilirlər.

VİP müştəri ilə müqavilə bağlamaq üçün onun evinə kuryer göndərilir, sənədlərə imza atdırılır, hüquqi yardım göstərilir. Amma pulu banka müştərinin özü gətirməlidir. “Unibank”dan fins.az-a bildirilib ki, bank VİP müştərisinə sərfəli kreit xətti də aça bilər. Sərfəli, yəni adi müştərilələrlə müqayisədə 8-10% aşağı faiz dərəcəsi ilə.

“Bank Standard”: pulsuz seyf və ucuz kredit

“Bank Standard”ın VİP müştərisi olmaq üçün bankda azı 6 ay müddətinə minimum 300 min manat əmanət yerləşdirmək lazımdır. VİP müştərilər banka gəldikdə onlar növbəsiz qəbul edilir, yerləşdirdikləri əmanətin 80%-i qədər kredit xətti açılır, eləcə də onların ixtiyarına sənədlərini və qiymətli əşyalarına saxlamaq üçün aylda 10 manat xidmət haqqı ödəmək şərti ilə seyf verilir. VİP müştərilələr kredit ayrılarkən və yaxud kredit xətti açılarkən onun faiz dərəcəsi əmanətin illik faiz dərəcəsindən cəmi 3% yüksək olur.


“Kapitalbank”: xüsusi otaq, xüsusi menecer, hədiyyə kart

“Kapitalbank”da isə VİP müştəri olmaq üçün xüsusi VİP depoziti nəzərdə tutulub. Bu depozitin şərtlərinə uyğun azı 1000 manat əmanət yerləşdirənlər VİP müştəri statusu alırlar. Depozit məbləği 50 min manatdan az olduqda VİP müştəriyə MasterCard və ya VİSA İnternational “Gold” beynəlxalq plastik kart hədiyyə edilir, məbləğ 50 min manatdan çox olduqda isə, “Platinum” kart, həmçinin beynəlxalq İAPA və Priority Pass diskont kartları hədiyyə edilir. Müştəri arzuladığı halda, depozit məbləğinin 90%-i qədər güzəştli faiz dərəcəsi ilə (depozitin faiz dərəcəsi +5%) kredit ala bilər. VİP müştərilərə VİP otağında (fillialda belə otaq varsa) fərdi menecer tərəfindən xidmət göstərilir.

Beynəlxalq Bank: "VİP"lərin hamısı eyni olmur

Azərbaycanın ən böyük bankı sayılan Beynəlxalq Bankda isə VİP müştərilər təkcə iri əmanət yatıranlar deyil. İri şirkətlərin rəhbərləri, səfirlər, məşhur şəxslər də yatırdıqları əmanətin məbləğindən asılı olmayaraq ABB-in VİP müştərisi sayılırlar. Burada VİP müştərilərə göstərilən xidmətlər daha genişdir. ABB-də VIP xidməti müştəriyə şəxsi VİP-menecer tərəfindən göstərilir. VIP müştərilərə bank xidmətləri ayrılmış otaqlarda (VIP-zona) həyata keçirilir, onlara daha diqqətli münasibət göstərilir, eləcə də, maliyyə məsləhətləri və qeyri-maliyyə xidmətləri göstərilir. Bankda VIP-zonalar olmadıqda müştərini əməliyyat bölməsinin rəhbəri qəbul edir.

Üstəlik, bu bankda VİP müştərilərin özləri də müxtəlif kateqoriyalara ayrılıb. Beləliklə, bankdan fins.az-a verilən məlumata görə, ABB-də VİP müştərilər 3 kateqoriyaya bölünür: "VİP", "VİP Elegance" və "VİP Luxe". VİP müştərilərin bir qismi Azərbaycan Beynəlxalq Sığorta Şirkəti tərəfinən pulsuz sığortalanır. Yeri gəlmişkən, bir qədər əvvəl Azərbaycan Beynəlxalq Bankı özünün VİP müştərilərinə Londonda həm nağd, həm də ipoteka ilə mənzil almaq imkanı da yaradıb.

"Sadəcə" VİP

ABB-in "sadəcə" VİP müştərisi sayılmaq üçün müddətindən asılı olmayaraq banka ən azı 100 min manat əmanət yerləşdirmək tələb olunur. Cari və kart hesablarında aylıq dövriyyəsi 100 min manatdan artıq olan fiziki şəxslər, Bankın iri Korporativ müştərilərin rəhbərliyi (şirkətin illik dövriyyəsi 12 mln manat ekvivalentindən artıq olan), diplomatik korpusların səfirləri və konsulları da VİP müştəri sayılır. Bundan başqa, tanınmış siyasi, incəsənət və mədəniyyət xadimləri, eləcə də yüksək sosial statusa malik şəxslər (biznesmenlər, ABB-nın müştərisi olmayan iri şirkətlərin, bankların rəhbərləri və s.) də bank üçün VİP müştəri qismində qəbul edilir. Adi VİP müştərilərə şəxsi menecer tərəfindən tam konsultasiya və xidmət, fərdi yanaşma, 24/7 vaxt rejimində şəxsi menecer ilə əlaqə və dəstək, eləcə də, müştərinin bank əmanəti olduğu təqdirdə faizlərin ödənilməsi üçün “MC Standart” bank kartı ilə təmin edilirlər.

VİP "Elegance"

Bankda ən azı 12 ay müddətinə 100 min manatdan 299 999 manatadək əmanət (depozit) yerləşdirmiş fiziki şəxslər VİP "Elegance"müştəri sayılır. Belə müştərilər şəxsi menecer tərəfindən tam konsultasiya və xidmət, fərdi yanaşma, 24/7 vaxt rejimində şəxsi menecerlə əlaqə və dəstək, "Visa Infinity" / "Master Card World Signia" / "AMEX Platinum" kartı alırlar. "Elegance"lər Beynəlxalq Bankdan “VIP Club Concierge-Azerbaijan” şirkətinin “Gold” xidmət paketi ilə təchiz olunmuş xüsusi kartı, eləcə də, faizlərin ödənilməsi üçün “MC Standart” bank kartı ilə də təmin edilirlər. Nəhayət, VİP "Elegance" müştəri “Beynəlxalq Sığorta Şirkəti” tərəfindən səyahət “Platinum” sığorta paketi ilə təchiz olunurlar.

"VİP Lux"

Bu titulu almaq üçün istəyən fiziki şəxslər bankda ən azı 12 ay müddətinə 300 min manatdan artıq əmanət yerləşdirməlidirlər. "VİP Lux" müştərilər üçün imtyazlar daha genişdir. Onlar VİP "Elegance"lər üçün göstərilənlərdən başqa pulsuz depozit seyflə (şəxsi seyf) təmin edilirlər. Bundan başqa, VİP "Elegance" müştərilərin təkcə özü sığortalandığı halda, "VİP Lux" müştərilərin həm özü, həm də üzvləri “Beynəlxalq Sığorta Şirkəti” tərəfindən səyahət “Platinum” sığorta paketi ilə təhciz edilirlər. Nəhayət, lüks müştərilər Beynəlxalq Bankın filial şəbəkəsində, eləcə də ABB-in Rusiya və Gürcüstandakı törəmə banklarında əlavə xidmətlərlə təmin edilirlər. Bura kredit tarixçəsinin və şəxsi faylın ötürülməsi, şəxsi hesabların açılması aiddir.