ANALİTİKA

01 Yanvar
4

Sığorta şirkətləri dəbbə pulundan çəkinirlərmi?

"Vətəndaşın saxta sənədlərlə sığorta ödənişi aldığı müəyyən edilsə, məhkəməyə verib ödənilən məbləği geri alacağıq"

Azərbaycanın sığorta şirkətləri ödənişi gecikdirməyə görə, dəbbə pulu ödəyəcəkləri barədə qanunvericiliyə nəzərdə tutulan dəyişikliklərdən narahat deyillər. Şirkətlərdən fins.az-a bildirilib ki, onsuz da ödənişlər adətən qanunda nəzərdə tutulan hallarda verilir.

Xatırladaq ki, Azərbaycanda qanunvericiliyə hazırlanan dəyişikliyə görə, sığorta ödənişini ləngidən sığorta şirkətlərindən dəbbə pulu tutulması planlaşdırılır. Fins.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta qaydaları” layihəsində nəzərdə tutulur. Qaydalarda qeyd olunur ki, sığortaçı sığorta ödənişini 7 iş günü müddətində ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

“Atəşgah”: "Sənədlər qaydasında olska 5 günə də ödəyərik"

“Atəşgah” sığorta şirkətinin hüquqi təminat şöbəsinin hüquqşünası Bəxtiyar Əliyev fins.az-a bildirib ki, hələlik yeni qaydanın şirkətlərin işinə necə təsir edəcəyini demək çətindir: "Bu barədə yalnız yeni qayda praktikada tətbiq ediləndən sonra danışmaq mümkündür". Eyni zamanda hüquqşünas bildirib ki, sığortalı bütün sənədləri sığorta şirkətinə təqdim edərsə, sığorta ödənişini nəinki bir həftə, hətta 5 gün ərzində də həyata keçirmək mümkündür.

“Xalq sığorta": "Dəbbə pulunun tətbiq olunması bizim işimizə heç bir təsir etmir"

“Xalq sığorta" şirkətinin sığorta hadisələrinin tənzimlənməsi şöbəsinin hüquqşünası Emin Abdullayev isə fins.az-a deyib ki, dəbbə pulunun tətbiq olunması şirkətin işinə heç bir halda təsir etmir: "Sığorta hadisəsi ilə bağlı bütün sənədlər bizə təqdim olunursa, 5 gün ərzində ödəniş edirik. Gecikmə yalnız o zaman ola bilər ki, müştərinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş olsun. Bu halda da, məsuliyyəti artıq vətəndaş özü daşıyır. İndiyə qədər sığorta ödənişi ilə bağlı bizdə müştəri narazılığı olmayıb". Qeyd edək ki, yeni qaydalarda qeyd olunur ki, sığorta müqaviləsi bağlanarkən müştəri sığortaçının illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir. Şirkətdə bununla bağlı problem görmürlər: "Nəinki müştəri, istənilən maraqlı şəxs “Xalq sığorta” şirkətinin saytına daxil olub illik maliyyə hesabatlarımızla da tanış ola bilər".

“EraTrans” sığorta şirkətindən də bildiriblər ki, yeni qayda sığorta hadisələrinin araşdırılmasına təsir etməyəcək. Təcrübədə belə hal olmasa da, müştəri istənilən halda sığorta şirkətinin illik maliyyə nəticələri ilə tanış ola bilər.

"Azsığorta": "Pulu vaxtında ödəyəcəyik, amma araşdırmamız davam edəcək"

“Azsığorta” şirkətinin hadisələr departamentinin rəisi Tural Şükürov də fins.az bildirib ki, dəppə pulu ilə bağlı qaydanın tətbiq olunması sığorta şirkətinin işinə heç bir şəkildə təsir etməyəcək: "Məsələn, sığorta hadisəsi ilə bağlı təyin olunmuş 7 gün ərzində əvvəlcə sığorta ödənişini edirik, ancaq araşdırma davam edir. Araşdırma yekunlaşandan sonra vətəndaşın saxta sənədlərlə sığorta ödənişi aldığı müəyyən edilsə, sığortalı məhkəməyə veriləcək və ona ödənilən məbləğ geri alınacaq".