ANALİTİKA

01 Yanvar
6

Azərbaycanda evlərin sığortası bahalaşıb

Azərbaycanda xüsusilə də paytaxt Bakıda evlərin bahalaşması daşınmaz əmlakın sığorta qiymətinə də təsir edib. Bu barədə fins.az-a daşınmaz əmlakın sığortalanması xidmətləri göstərən sığorta şirkətlərindən bildiriblər. Qeyd edək ki, son bir ildə paytaxtda mənzillərin qiyməti orta hesabla 32% artıb. Sığorta haqqı mənzillərin qiymətindən hesablandığına görə, sığortalanması da təqribən bu qədər bahalaşıb. Hərçənd sığorta əmindirlər ki, bu bahalaşma müştərilərin sığortaya marağını azaltmayacaq.

Evin qiyməti qalxırsa... müştərilər narazı qalır

Qeyd edək ki, mənzil və evlərin sığorta haqqı əmlakın qiymətinin 0,2%-0,5%-i həcmində müəyyənləşdirilir. Sığorta haqqı mənzilin vəziyyəti, təhlükəsizliyi, yerləşdiyi ərazi və s. amillərdən asılıdır. “Azərbaycan Sənaye Sığorta” şirkətinin mütəxəssisi Əbil Paşayev fins.az-a bildirdi ki, mənzillərin qiyməti bahalaşırsa, sığorta haqqı da artacaq: "Məsələn, 100 min manatlıq evin sığortasına görə müştəri 500 manat ödəməlidirsə, növbəti ildə bu mənzilin dəyəri 120 min manat olarsa, sığorta haqqı da müvafiq olaraq bu dəyərin 0,5%i həcmində müəyyən ediləcək- yəni 600 manat olacaq”.
Ekspertlər etiraf edir ki, mənzillərin qiyməti artdığına görə, sığorta haqqının da artması insanların sığortaya marağını azalda bilər. Amma buna baxmayaraq sığorta haqqının aşağı salınmasından söhbət gedə bilməz. Çünki sığorta haqqı evin qiymətinə uyğun olmalıdır.

Mənzil bahalaşanda müştəriyə güzəşt edilə bilər...

“Ata sığorta” şirkətinin anderraytinq və təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova da mənzillər bahalaşdıqca sığorta haqqının da artdığını bildirir: "Əgər mənzilin qiyməti 50 min manatdırsa, sonra qiymət 60 minə qalxsa, sığorta hadisəsi zamanı şirkət bu qiymətə uyğun ödəniş etməlidir. Ona görə də, sığorta haqqı da faktiki qiymətə uyğun olmalıdır".

Sığorta haqqının mənzillərin dəyərinin 0,3%- həcmində müəyyən edildiyini deyən ekspertin fikrincə, mənzilin qiyməti ilə birlikdə sığorta haqqının da artması müştərilər üçün əlavə problem yaratsa da, sığorta şirkəti sığorta haqqında güzəşt edə bilmir. Amma şirkət bəzi məsələlərdə müştəriyə güzəşt edə bilər: "Məsələn müştəri sığorta haqqını birdəfəyə ödəyə bilmirsə, onda hissə ilə ödəmək imkanı yaradılır. Bundan başqa, bir neçə il şirkətdə sığorta müqaviləsi olan və tarixçəsi təmiz olan şəxslərə sığorta haqqında müəyyən güzəştlər edilməsi mümkündür".

“5 illik kreditlə ev alanla 5 illik də müqavilə bağlayırıq”

Bəzən isə mənzillərin sığortalanması üzrə müqavilələr bir neçə illik bağlanır. Bu dövrdə isə mənzillərin qiyməti artır. Yeri gəlmişkən, statistikaya görə, 1 il ərzində mənzillərin qiyməti təxminən 15-20% artır. Ə.Paşayev bildirir ki, bu zaman hətta müqavilə bir neçə illik olsa da, mənzil bahalaşıbsa, növbəti ildən sığorta haqqı da artmalıdır: “Düzdür, müştərilər çox vaxt bundan narazı qalırlar. Lakin obyektiv yanaşma olmalıdır. Əgər biz sığorta haqqını mümkün olandan az etsək, bu riski qarşılaya bilmərik. Axı sığorta hadisəsi baş verəndə şirkət mənzilin faktiki dəyərinə görə ödəniş etməlidir. Deməli, sığorta haqqı da onun dəyərinə görə dəyişməlidir. Təbii ki, eyni qaydada, mənzilin qiyməti ucuzlaşarsa, onun sığorta haqqı da aşağı düşəcək”.

"Atasığorta" şirkətində də eyni fikirdədirlər. Şirkətin nümayəndəsi N.İbrahimovanın sözlərinə görə, müştəri krediti məsələn, 5 illik götürürsə, sığorta müqaviləsi də 5 illiyə bağlanır. Bu müddətdə evin qiyməti artsa, müştəri əlavə ödəniş etməli olacaq. Hətta 5 illik sığorta haqqı əvvəlcədən ödənsə də əlavə ödəniş mütləqdir: "Biz evi sığortalayarkən onun bazar dəyərini əsas götürürük və bu həcmdə riski qarşılayırıq. Evin qiyməti artdıqca, şirkətin qarşıladığı riskin həcmi də artır, buna görə də sçğrta haqqı da artmalıdır".

Özü də bu təkcə sığorta şirkətinə yox, müştərinin özünə də sərfəlidir: "Çünki əgər sığorta hadisəsi baş verərsə, sığorta şirkəti müqaviləyə əsasən hərəkət etməlidir. Tutaq ki, vaxtilə 50 min manat olaraq sığortalanmış ev, 2-3 ildən sonra 80 min manatadək başalaşıb. Əgər müqavilə əvvəlki formada qalsa, onda hadisə baş verəndə sığorta şirkəti 50 min manat ödəməlidir. Halbuki bu evə dəyən zərəri ödəməyə kifayət etməyəcək. Ona görə də qiymətlər artdıqca sığorta müqaviləsinə də dəyişiklik edilməlidir ki, müştəriyə zərər dəyməsin".

Yeri gəlmişkən, N,İbrahimova əmindir ki, sığorta haqlarının artması müştərilərin mənzil sığortasına marağını azaltmayacaq: "Çünki indi evlər iki məqsədlə sığortalanır. Birincisi girov qoyulanda, bankın tələbi ilə, ikincisi könüllü. Girov qoyulan evlər istənilən halda sığortalanacaq, evini könüllü sığortalayanlar isə onun əhəmiyyətini başa düşənlərdir, qiymətlərin bir qədər artması onların fikrini dəyişməyəcək".