Analitika

01 January
4

Sığorta şirkəti qəza yerinə çata bilməyəndə...

"Müştərilərimizə deyirik ki, DYP-yə məlumat verin, maşının şəklini çəkin və şirkətə yaxınlaşın, biz zərəri ödəyəcəyik"

Azərbaycanın ucqar yerlərində sığorta hadisələri baş verdikdə sığorta şirkətlərinin əməkdaşları bura adətən gün ərzində çata bilirlər. Hava şəraiti və digər problemlər olduqda isə DYP tərəfindən verilən arayış və elə müştəri tərəfindən maşının və qəza yerinin şəkillərinin çəkilməsi ödəniş üçün kifayət edir.

Sığorta mütəxəssisləri bildirir ki, bölgələrdə ən çox hadisə cənub rayonlarında, xüsusilə də Bakı-Masallı-Astara yolunda baş verir: "Bu ərazidə baş verənlər ümumi Kasko hadisələrinin 8%-ni təşkil edir". Qəzaların xarakterinə gəlincə, söhbət yük maşınları ilə bağlı hadisələr, toqquşma, aşma və s.-dən gedir. Ucqar yerlərdə qeydə alınan sığorta hadisələrinin daha çoxunu ağır qəzalar təşkil edir, bu qəzalara görə ödəniş məbləğləri 2-3 min manatdan az olmur.

“Daha çox hadisələr cənub rayonlarında baş verir”

“Başaq-İnam” sığorta şirkətinin Biznesin inkişafı departamentinin direktoru Hikmət Allahverdinin sözlərinə görə, Qəza zamanı sığorta əməkdaşlarının hadisə yerinə çatması fərqlidir: "Əgər hadisə filialımız olan bölgədə baş veribsə, həmin filialdan eskpertlərimiz gedir. Məsələn, Gəncə-Qazax bölgəsində sığorta hadisəsi olanda, ora Gəncədəki filialdan mütəxəssis gedir". Digər ərazilərdə şirkətlə əməkdaşlıq edən assistant şirkətlərin köməyindən istifadə olunur: "Hadisə barədə məlumat alan kimi, ora yaxın olan asistant şirkətin eksperti hadisə yerinə yola düşür, hadisə ağır olanda isə mütləq baş ofisdən əməkdaşımız gedir". Ən geci 1 gün ərzində şirkətin ekspertləri hadisə yerinə gedirlər: "Belə bir hadisəmiz bu il martın 31-də baş verib. Müştərimizə məxsus “Mazda 6” maşın Masallı-Yardımlı yolunun 16-ci km-də yoldan çıxaraq dərəyə yuvarlanmışdı. Mütəxəssisimiz elə həmin gün hadisə yerinə çatdı. Maşın dərədən qaldırıcı kranın köməyi vasitəsilə çıxarıldı. Müştəriyə 4900 manat sığorta ödənişi verildi, avtomobilin qalıqları qiymətləndirici tərəfindən 2300 manat məbləğində dəyərləndirildi və onlar da müştərinin özünə qaldı".

“Hava pis olanda ödənişi DYP-nin arayışlarına əsasən veririk”

Bəzən isə hava şəraiti üzündən sığorta işçiləri ycqar bölgədəki hadisə yerinə çata bilmirlər. H.Allahverdi bildirdi ki, belə hallarda DYP-nin hadisəni qeydə alması və qəzanın şəkillərinin çəkilməsi kifayət edir: “Məsələn, yanvar ayında baş verən güclü qar-çovğun zamanı biz Sumqayıtdakı hadisələrə də gedə bilmədik. Müştərilərimizə dedik ki, sadəcə DYP-yə məlumat verin, onlar hadisəni qeydə alsın, imkan olsa şəklini də çəkin və şirkətə yaxınlaşın, biz zərəri ödəyəcəyik. Hadisəsi baş verən müştərilərimiz belə də etdilər və biz zərərləri ödədik. Düzdür, belə hallarda fırıldaqçılıq edənlərə rast gəlmək olur, amma nə etmək olar, əgər onu sübut etmək mümkün deyilsə, ödəniş verilir".

“Ən geci 1 gün ərzində mütəxəssimiz hadisə yerinə çatmış olur”

“Bakı Sığorta” şirkətində də vəziyyət eynidir. Şirkətin İdarə Heyətinin sədr müavini Ramin Məmmədovun sözlərinə görə, şirkətin mütəxəssisi demək olar ki bütün hallarda bölgələrdəki hadisə yerinə gedir: “Düzdür, bizin regionlarda demək olar ki filialımız yoxdur, yalnız Gəncədə var, lakin başqa regionlarda baş verən hadisələrə də Bakı və ya Gəncədən eksert yola salırıq. Ən geci 1 ün ərzində ekspertimiz orada olur". Hava şəraiti və digər səbəbdən sığorta əməkdaşı hadisə yerinə çata bilməyəndə isə DYP və qəzanın şəkillərinin çəkilməsi üsulundan istifadə olunur: "Müştəri şəkilləri çəkib bizə verir, DYP-nin arayışı olur, bunların əsasında biz ödənişi mümkün qədər tez həll etməyə çalışırıq".

“Uzağı 1-2 saata ekspertlərimiz hadisə yerində olurlar”

“Beynəlxalq Sığorta” şirkətinin nümayəndəsi Məmməd Həmidovun sözlərinə görə, filial və nümayəndəlik olmayan regionlarda hadisə yerinə ekspertlər ən yaxın nümayəndəlik ərazilərdən gedir. Ucqar yerlərə ekspertlər ən çoxu 1-1,5 saata çatırlar. Hava şəraiti üzündən hadisə yerinə getmək mümkün olmadıqda isə ənənəvi üsuldan istifadə olunur: "Belə hallarda hadisə barədə məlumat qeydə alınır, sığorta olunana imkanı daxilində hadisə yerini, zərərə uğramış maşının şəkillərinin çəkilməsi və yol polisinə məlumat verilməsi zəruriyyəti izah olunur".

“Dağda maşın aşmışdı, gedib çıxa bilmədik”

"AXA Mbask" sığorta şirkətinin Aran regionu üzrə qəza komissarı Ələkbər Əsədov deyir ki, hadisə yerinə çatmaqla bağlı əsas problem dağluq ərazilərdə olur. Adətən sığorta ekspertləri hökmən qəza yerinə çatırlar: "2009-cu ildə Göyçayın ucqar kəndində “Mitsibuşi” markalı maşın aşmışdı, biz gecəynən çətin yollarla gedib ora çatdıq".
Bu mümkün olmadıqda isə sonradan maşına baxış keçirilir: "Qışda Oğuzda güclü qar yağmışdı, ucqar dağ zonasında “Niva” markalı maşın aşmışdı, biz heç ora gedib çıxa bilmədik. Maşını sonradan gətirdilər biz baxdıq, yalnız sabahı gün hava şəraiti düzələndən sonra biz gedib qəza yerinə baxdıq və hadisəni qiymətləndirdik. Bir hadisə də Qəbələdə olmuşdu, buzlu yolda maşın aşmış, sığortalı ağır xəsarət almış, sərnişinlər də ölmüşdü. Bizə bir neçə gün sonra məlumat verildi, amma biz hadisə yerinə getdik və araşdırdıq”.

"Maşını rayonda təmir etdirmək lazımdır, yoxsa Bakıda"

Ucqar ərazilərdə qəzaya uğramış avtomobillər adətən rayonun özündə, ehtiyac olduqda isə Bakıda təmir olunur. R.Məmmədlinin sözlərinə görə, əgər müştəri həmin regiondakı rəsmi servislərin birində dəyən zərəri qiymətləndirib akt təqdim edə bilərsə şirkət ona təmirin pulunu ödəyir: "Əgər müştərinin belə seçimi yoxdursa, biz onu həmin bölgədə əməkdaşlıq etdiyimiz servislərə yönləndiririk. Orda maşına dəyən zərər qiymətləndirilir və bizə təqdim olunur, biz isə müvafiq ödənişi edirik".

Həmin bölgədə qəzaya düşən maşının servisi olmadıqda və ya zəmanətin tələbinə görə, maşının başqa servislərdə təmirinə icazə verilmədikdə isə avtomobil Bakıya gətirilib burada təmir olunur: "Əgər müştəri qəza baş verən bölgədə yaşayırsa, onu biz 14 gün ərzində taksi pulu ilə təmin edirik, Bakıda yaşayırsa onu 14 gün müddətinə əvəzedici maşınla təmin edirik".

"Beynəlxalq Sığorta Şirkəti" isə avtomobillərin adətən Bakıda təmirinə üstünlük verir. Şirkətin nümayəndəsi Məmməd Həmidovun sözlərinə görə, regionlarda baş verən qəzada zədələnmiş maşınların təmiri əksər hallarda Bakıda aparılır. Digər hallarda sığorta olunanın və sığorta şirkətinin razılığı ilə zərər qiymətləndirilir və bu məbləğ müştəriyə ödənilir.

"Başak İnam" Sığorta Şirkətində də yanaşma oxşardır. H.Allahverdi bildirir ki, avtomobilin harada təmir edilməsi vəziyyətdən və müştərinin arzusundan asılıdır: "Ola bilər ki, həmin bölgədə hansısa maşının servisi və ya təmir qarantiyası yoxdur, yaxud da maşının sahibi Bakıda yaşayır və təmir prosesinə baxmaq istəyir. Onda biz bu maşını paytaxtda təmir etdiririk. Qəzaya uğrayan maşın sahibi həmin bölgədəndirsə və o maşının orada təmiri mümkün olduqda isə biz onu elə həmin bölgədə təmir etdiririk".