ANALİTİKA

01 Yanvar
3

“Adamlar evlərindən narahat olmağa başlayıblar” - SIĞORTA ARTIR

Təbii fəlakətlər, tez-tez baş verən yanğınlar və daşınmaz əmlakla bağlı digər hadisələr Azərbaycan vətəndaşlarının sığortaya münasibətinə təsir etməyə başlayıb. Xüsusilə region sakinləri öz əmlaklarını daha çox sığortalamağa üstünlük verir. Fins.az-ın İcbari Slığorta Bürosuna istinadən məlumatına görə, bu ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış evlərin 26%-i Bakıda, 74%-i isə regionlardadır. Başqa sözlə, sığortalanan hər 4 evdən 3-ü regionlardadır.

“Təbii fəlakətlər də əhalini əmlakını qorumağa məcbur edir”
“Qarant Sığorta” şirkətinin anderrayderi Murad Namazovun fikrincə, bölgələrdə sığortaya marağın artmasının əsas səbəbləri burada həyət evlərinin üstünlük təşkil etməsidir: “Həyət evlərinin qorunması çətindir, belə evlərdə oğurluq halları çox olur. Kənd yerlərindəki evlərdə yanğın riski də böyükdür və zamanında tədbir görmək çətin olur, çünki şəhərdəki evlərə nisbətən kəndlərdə yanğınsöndürmə maşınları daha uzaqda yerləşir".
Tez-tez baş verən təbii fəlakətlər də əhalini əmlakını qorumağa məcbur edir: "Bundan başqa, bölgələrdə arabir sel, daşqın, sürüşmə, dolu, zəlzələ və bu kimi təbii fəlakətlər baş verir ki, bütün bunlar da bölgələrdə yaşayanları öz evlərini sığortalamağa vadar edir". Sığorta haqqının azlığı da sığortaya marağın artmasına təsirini göstərir. Bütün bu riskləri nəzərə alanda ildə cəmi 30 manat ödəməklə evi sığortalamaq çox sərfəlidir.

Notariuslar sığorta filtrlərinə çevriliblər
Regionlarda əmlakın sığortalanmasına marağın artmasının digər səbəbi əmlakla əməliyyatlar aparılanda notariuslarda sığortanın tələb edilməsidir: "Notariuslarda və digər dövlət qurumlarında sənədləşmə zamanı bu tələbin qoyulmasından sonra evlərin sığortalanmasında artım müşahidə olunur". Lakin şirkət nümayəndəsi bildirir ki, evlərini heç bir məcburiyyət olmadan könüllü şəkildə sığortalayanların da sayı artır. Və belələri regionlarda daha çoxdur.

"Rayonlarda agentlər də yaxşı işləyir"
“Azərbaycan Sənaye Sığorta” şirkətinin anderrayter departamentinin direktor əvəzi Əbil Paşayev də hesab edir ki, rayon və kəndlərdə evlərin qorunması və təhlükəsizliyi səviyyəsinin paytaxtdakı evlərə nisbətən daha aşağı olması sığortaya marağı artırır. Digər tərəfdən mütəxəsisin fikrincə, regionlarda sığortalanan evlərin çox olması, bölgələrdəki mənzillərin ümumi sayının çox olması ilə də bağlıdır: "Bir də bu, agentlərin iş səviyyısindən də asılıdır. Ola bilsin, regionlarda agentlər dafa fəal işləyir, insanları sığorta sahəsində maarifləndirə bilirlər".

"Bakıda ən çox villaları və ipotekalı evləri sığortalayırlar"
Mütəxəssis deyir ki, Bakıda adi mənzil sahibləri arasında sığortaya maraq böyük deyil: “Daha çox bahalı evlər- villalar, ipoteka ilə alınmış mənzillər sığortalanır. Digər mənzil sahibləri o qədər maraq göstərmirlər. Yeri gəlmişkən, elə bu gün bizim şirkətdə mənzil və evlərin sığortalanması üzrə 6 polis qeydə alınıb ki, onlardan da 2-si Bakıda, 4-ü regionlardadır payına düşür”.