Analitika

01 Yanvar
2

Sığorta nə vaxt yada düşür? - SIĞORTA MÜRACİƏTLƏRİ

Sığorta ilə bağlı əsas məsələlərdən bir də vətəndaşların hadisə baş verəndən dərhal sonra sığorta şirkətinə müraciət etməsidir. Belə ki, sığorta hadisəsi ilə bağlı operativ müraciət baş vermiş hadisənin sığorta şirkəti tərəfindən yerindəcə müəyyənləşdirilməsinə və sığorta ödənişinin vaxtında təmin edilməsinə böyük təsir göstərir. Qeyd edək ki, Mülki Məcəllənin 923-cü maddəsinə əsasən müştəri hadisədən dərhal sonra, mümkün olan ən qısa müddətdə sığorta şirkətinə məlumat verməlidir.

Mülki Məcəllənin 922-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hallar icbari sığorta qanunlarında, könüllü sığorta üzrə müqaviləyə əsasən müəyyən edilir.
Mülki Məcəlləyə əsasən vətəndaş icbari sığorta hadisəsi ilə bağlı 3 il müddətində müraciət edə bilər. Bir şərtlə ki, müraciət edən şəxs zərərçəkən olduğunu təsdiq edən sənədləri də təqdim etsin.

Bəs müştərilər hadisə baş verdikdə sığorta şirkətinə nə vaxt müraciət edirlər?

“AXA MBASK” sığorta şirkətinin Sığorta Ödənişləri üzrə Əməlliyyat İdarəsinin müdiri Ceyhun Qurbanlı fins.az-a bildirib ki, sığorta hadisəsi ilə bağlı vətəndaşlar adətən dərhal müraciət edirlər. Amma müraciətin hadisədən 1-2 ay sonra edildiyi hallar da olur: "Məsələn, bankdan kreditlə götürülən avtomobil etibarnamə ilə başqasına verilir və həmin şəxs qəza törədir. Sonra məlum olur ki, avtomobilin sığortası varmış və müraciət ona görə ləngiyir".
Bəzi hallarda isə vətəndaş sığorta müddəti bitəndən sonra müraciət edib: "Biz araşdırırıq, müəyyən olanda ki, sığorta hadisəsi sığorta müddətində baş verib, o heç bir problem olmadan sığorta ödənişini alıb”.

“Standart Insurance” sığorta şirkətinin sığorta hadisələri departamentinin baş mütəxəssisi Fərid Məlikov da bildirib ki, sığortalılar əksər hallarda qəza günü müraciət edirlər. Amma hadisə ilə bağlı gecikmələr 5-7 gündən artıq olmur, çox nadir hallarda isə 1-2 ay da ola bilir.

“Sənaye Sığorta” şirkətindən isə bildiriblər ki, sığorta hadisəsi ilə bağlı vətəndaşların müraciətlərində gecikmələr əsasən xəsarətin ağırlığı ilə əlaqədar olur: "Hadisədə xəsarət və ya ölüm halı ilə baş verdiyi üçün, vətəndaşın sığorta şirkətinə müraciəti aylarla gecikə bilir. Ancaq adətən müraciətlər bir həftədən artıq gecikmir. Bu isə sığorta sahəsində maariflənmənin artması ilə bağlı olur".