Analitika

01 January
1

İmran Cəfərzadəni unutmamısınız ki? - AKVAPARKLARDA SIĞORTA

Turizm mövsümünün başlanmasını və yay tətillərini uşaqdan böyüyədək hamı böyük səbirsizliklə gözləyir. Amma turizm mövsümü təkcə istirahət yox, həm də ekstremal əyləncələr, qəzalar və xəsarətlər dövrüdür. Bu vaxtlarda demək olar ki, bütün istirahət məkanlarında bədbəxt hadisələr - insanların xəsarət alması riskləri artır.

Dövlət hamını müalicə etdirə bilməz

Novruz Bayramı günlərində rəsmi mətbuat Cəfərovlar ailəsinin prezident İlham Əliyevə təşəkkür məktubunu yaydı. Məktubda ailənin kiçik üzvü - 3 yaşlı İmranın valideynləri övladlarının müalicəsində göstərdiyi köməyə görə. dövlət başçısına minnətdarlıq edilirdi.

Xatırladaq ki, 3 yaşlı İmran Cəfərzadə 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb.
Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi prezident İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Müalicə uğurla aparılıb və martın 8-də İmran Cəfərzadə müalicəsini bitirib Bakıya qayıdıb. Balaca İmranın müalicəsinə dövlətin dəstəyi bütün cəmiyyətdə razılıqla qarşılansa da, hamıya aydındır ki, belə hadisələr təkrarlana bilər, amma dövlət hər dəfə müalicə xərclərini öz üzərinə götürə bilməz. Bundan qorunmaq üçün daha etibarlı mexanizm var - bu sığortadır.

Akvaparklardan sığorta

Ekspertlərin fikrincə, belə hallardan iki formada qorunmaq olar - ya müştəri özü fərdi qəza sığortası ilə sığortalanmalıdır, ya da istirahət mərkəzi özü müştəriləri qarşısında mülki məsuliyyətini sığortalamalıdır. Xarici ölkələrdə bu üsulların hər ikisindən geniş istifadə olunur. Məsələn hotel və istirahət mərkəzləri baş verə biləcək belə hallarda müştəriləri qarşısında mülki məsuliyyətlərini sığortalayırlar. Sığorta eksperti Xəyal Məmmədxanlı fins.az-a bildirib ki, Avropanın bəzi ölkələrində, o cümlədən Böyük Britaniyada bu hal icbari sığortaya daxildir. “Vətəndaşlar özləri də mülki məsuliyyəti sığortalanmayan ictimai iaşə obyektlərindən, istirahət mərkəzlərindən istifadə etmirlər”. Amma Azərbaycanda nəinki vətəndaşların, hətta istirahət mərkəzlərinin əksəriyyəti bu üsullardan xəbərdar deyillər.

Bəzi otellər sığortalanmağa başlayıb

Bəzi otel və istirahət mərkəzləri belə hallardan artıq sığortalanıblar. Bəziləri isə buna hazırlaşırlar. Məsələn, “Kempinski Hotel Badamdar”-ın baş mühasibi Roza Rəfiyevə fins.az-a bildirib ki, otel öz müştəriləri qarşısında mülki məsuliyətini sığortalayıb.
Azərbaycanda ən böyük “Atlant” ailəvi istirahət və əyləncə mərkəzi də müştəriləri qarşısında mülki məsuliyyətini sığortalamağa hazırlaşır. Mərkəzin direktoru Azər Qədəşov fins.az-a açıqlamasında bildirib ki, sığorta şirkətlərindən bununla bağlı təkliflər var: “Gələn həftə biz yenidən sığorta şirkətləri ilə görüşəcəyik. Uyğun təklif olsa dəyərləndirəcəyik”.
Amma belə hallar azdır - hələ də əksər istirahət mərkəzləri mülki məsuliyyətlərini sığortalamayıblar, hətta bu barədə fikirləşmirlər də. Ekspertlər istirahət mərkəzləri və akvaparkların bu sığortaya maraq göstərməməsinin səbəbini məlumatsızlıq və məsuliyətsizliklə izah edirlər. ölkəmizdə istirahət mərkəzləri və bu tipli digər obyektlərin mülki məsuliyyətlərinin sığortalamağa maraq göstərməməsinin əsas səbəbi buna görə, sanksiyaların və cərimələrin olmaması, cinayət məsuliyyətinə cəlb olunmamaq, hadisələrə səthi yanaşılması, məhkəmə qərarlarının sərt olmaması ilə əlaqədardır.

Sığorta şirkətlərində hazır təkliflər var

İstirahət mərkəzlərindən fərqli olaraq sığorta şirkətləri bu xidmətlərə hazırdırlar. Yəni akvopark sahibləri istəsələr, burada baş verə biləcək hadisələr zamanı özlərinin müştərilər qarşısında mülki məsuliyyətini sığortalaya bilərlər. Ayrı-ayrı şirkətlərin təkliflərinə əsasən istirahət mərkəzləri öz müştəriləri qarşısındakı məsuliyyətini təqribən 1%-2,5% tariflə sığortalaya bilərlər.
İstirahət mərkəzlərinin mülki məsuliyyətinin sığortalanması ilə bağlı sığorta şirkətlərinin təklifləri ilə buradan tanış olmaq mümkündür.
Vətəndaşlar isə fərdi qəza sığortası vasitəsilə ildə cəmi 20 manat ödəməklə 1000 manata qədər, nisbətən böyük məbləğ ödəməklə isə daha yüksək məbləğdə sığortalana bilərlər. Sığorta şirkətlərinin akvaparklarda fərdi qəza sığortası ilə bağlı təklifləri ilə buradan tanış olmaq mümkündür.

Otellərdən sığorta tələb olunacaqmı?

Amma Xəyal Məmmədxanlı ölkəmizdə mülki məsuliyyət sığortasının icbari olmasının əleyhinə olduğu vurğulayıb: “Sadəcə Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumlar bu məsələyə nəzarət etməlidirlər. Belə istirahət mərkəzlərinə lisenziya verilərkən, mülki məsuliyyət sığortası da nəzərə alınmalıdır”.

Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a bildirilib ki, qanunvericilikdə nəzərdə tutulmadığı üçün istirahət mərkəzləri və akvoparklara lisenziya verilərkən onlardan mülki məsuliyyətlərinin sığortası tələb olunmur. Ancaq bu obyektlər könüllü olaraq baş verə biləcək qəzalardan müştərilərini sığortalaya bilərlər. Bu halda istirahət mərkəzlərindən istifadə edərkən baş verə biləcək qəzalardan sığorta vətəndaşların üzərinə düşür.