ANALİTİKA

01 Yanvar
6

Ev almaq üçün yeni üsul - HƏYAT SIĞORTASI

Azərbaycan vətəndaşları, xüsusilə də gənclər mənzil problemini həll etmək üçün həyat sığortasından faydalana bilərlər. Fins.az-ın məlumatına görə, ölkənin həyat sığortası şirkətlərinin apardığı hesablamalar bunu deməyə əsas verir.
Qeyd edək ki, hazırda mənzil problemi gənc ailələrinin ən çox rastlaşdığı problemlərdəndir. Əksər hallarda mənzilin ipoteka krediti ilə alınması daha sərfəli variant sayılır, amma bu kreditin alınmasındakı çətinliklər nəticəsində kreditlərdən heç də hamı faydalana bilmir. Digər mühüm problem ilkin ödənişin olmamasıdır. Müşahidələr göstərir ki, kifayət qədər ilkin ödəniş olduqda müştərilər nəinki Azərbycan İpoteka Fondunun xətti ilə, hətta bankların özəl ipoteka proqramları vasitəsilə də ipoteka kreditini götürə bilərlər.
Hazırda mənzil bazarında alınıb-satılan evlərin böyük hisəsi 50-60 min manatlıq mənzillər olduğuna görə, bunların alınması üçün təqribən 20-30 min manat ilkin ödəniş tələb olunur.
Sığorta şirkətlərinin apardığı hesablamalar isə göstərir ki, gənc ailələr həyatın yığım sığortasından istifadə etməklə mənzil alınması üçün tələb olunan ilkin ödənişi asanlıqla toplaya bilərlər.
"Paşa Həyat" sığorta şirkətinin məlumatına görə, 22-23 yaşlı gənclər həyat sığortası müqaviləsi imzalayıb ayda 200 manat ödəniş həyata keçirsələr, 3 il müddətinə təqriğən 11 min manat vəsait toplaya bilərlər, baxmayaraq ki, bu müddətdə müştəri sığorta şirkətinə yalnız 7200 manat vəsait ödəmişdi. Aylıq ödəniş 400 manat təşkil etdikdə isə 3 ildən sonra sığorta şirkətindən 21 min manatdan artıq vəsait əldə edə bilərlər. Bu məbləğ isə mənzil almaq üçün ilkin ödəniş etməyə tamamilə kifayət edir. Baxmayaraq ki, bu variantda müştərinin sığorta şrkətinə ödədiyi məbləğ yalnız 14,4 min manat təşkil edirdi.
Həyat sığortasından nisbətən yaşlı vətəndaşlar da faydalana bilərlər. “Qala Həyat” sığorta şirkətindən verilən məlumata görə, həyatın yığım sığortasının istifadəçisi olan 35 yaşlı şəxs 5 il müddətinə ayda 200 manat sığorta haqqı ödəməklə bu müddətin sonunda 16700 manat sığorta ödənişi ala bilər. Əgər ayda 300 manat ödənilərsə, 25000 manat, 400 manat ödənilərsə, bu halda 5 ilin sonunda 33400 manata yaxın sığorta ödənişi almış olur. Bu isə qeyd olunduğu kimi, mənzil probleminin həll edilməsi üçün ilkin ödəniş kimi tamamilə kifayətdir.