ANALİTİKA

01 Yanvar
9

Sığortada polis əngəli

Dövlət Yol Polisi sığorta sektorunun inkişafına mane ola bilərmi? Sığorta sektorunda işləməyənlər və ya avtomobil qəzasına uğramayanlar bu suala böyük ehtimalla “yox” cavabı verərlər. Əslində isə belə deyil. Bəzi hallarda polis hadisənin baş verməsi ilə bağlı arayışı gecikdirməklə vətəndaşların sığortaya inamını sarsıdır.

“İcbari sığortalar haqqında” qanunun 17-ci maddəsinə əsasən, sığorta ödənişinin alınması üçün başqa sənədlərlə yanaşı dövlət yol polisindən hadisənin təfərrüatları barədə arayış da tələb olunur. Mülki Məcəlləyə (maddə 924.3.) əsasən, polis idarəsi bu arayışı sorğu daxil olandan maksimum 10 gün sonra təqdim etməlidir.

Amma apardığımız araşdırma göstərir ki, bəzən polis orqanı arayışı vaxtında vermir. Sığorta şirkətləri belə hallarla tez-tez qarşılaşır. “Bakı Sığorta” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Cavid Neymətzadə yol polisinin sənədi gecikdirməsi hallarının olduğunu təsdiqləyir: “Belə olanda vətəndaşlara izah edirik ki, problemin səbəbkarı biz deyilik. Sığorta şirkəti olaraq bu zaman işə müdaxilə edə bilmirik. Qanunda da göstərilir ki, 10 gün ərzində hadisənin təfərrüatı ilə bağlı arayış göndərilməlidir”.

Cavid Neymətzadə deyir ki, təmsil etdiyi şirkət hadisə baş verəndən sonra sənədlər toplananda yol polisinə kömək göstərir.

“Başak İnam” Sığorta Hadisələri Departamentinin rəhbəri Nadir Səfərov da gecikmə hallarının baş verdiyini təsdiqləyir. Onun fikrincə, gecikmə daha çox obyektiv səbəblərlə bağlıdır: “Dəfələrlə olub ki, poçt müvafiq sənədləri lazımi yerə çatdırmayıb. Araşdıranda bilmişik ki, gecikmənin səbəbi budur. Bizim şirkətə məxsus maşının sənədləri 2 ay idi bizə gəlib çatmırdı. Yol polisindən soruşanda məlum oldu ki, sənəd poçtda itib”.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də düşünür ki, yəqin qəza barədə arayışın gecikdirilməsinin obyektiv səbəbləri var: “Müvafiq məktubun göndərilməsi, ona cavab yazılması müəyyən vaxt tələb edir. Ola bilər, poçtun özü də vaxt aparsın”.

Kamran Əliyevin dediyinə görə, Dövlət Yol Polisi belə hallarla bağlı müraciətlərə baxmağa hazırdır: “Sığorta şirkətləri müraciət edərsə, biz araşdırma aparıb müəyyənləşdirə bilərik ki, gecikməyə səbəb nə olub. Gələcəkdə bu xidmətlər elektron hökumət portalına inteqrasiya oluna bilər”.

İqtisadçı ekspert Vüqar Bayramov da bu fikirdədir ki, gecikmə hallarının qarşısını almaq üçün elektron hökumətin elementlərini tətbiq etmək lazımdır: “Bu zaman polis sənədləri qanunvericiliklə müəyyənləşdirilmiş zamanda elektron bazada yerləşdirir və hər bir hadisənin özünün kodu olur. Polis sadəcə həmin kodu müştəriyə verir. Müştəri isə onu sığorta şirkətinə təqdim edir. Sığorta şirkəti elektron bazaya daxil olmaqla həmin kod altındakı arayışı sistemdən götürür”.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə zərərçəkən məlumatları polisə verəndən sonra polis həmin məlumatları birbaşa sığorta şirkətinə təqdim edir. Elektron bazada hər bir sığorta şirkəti üzrə xüsusi məlumat bazası yaradılır, polis də müvafiq sığorta şirkətinə uyğun olaraq məlumatı bazada yerləşdirir.

Bəkir Nərimanoğlu / Mediaforum.az