ANALİTİKA

01 Yanvar
2

Burada sığorta da ASANdır

Müştəri: “Aldığım maşını burda sənədləşdirdim və sığorta da etdirdim”

Xəbər verdiyimiz kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) sığorta fəaliyyəti də göstərməyə başlayıb.

ASAN-ın 1 nömrəli Xidmət Mərkəzi Həsən Əliyev 36 ünvanında yerləşir. İri binanın qapılarından içəri daxil olan kimi, qaynar iş sisteminin içinə düşürsən. Bütün şöbələrdə vətəndaşlar növbə əsasında qəbul olunur, onların suallarına cavab verilir və sənədləşmə prosesi aparılırdı.

Sığorta şöbəsi 3-cü mərtəbədə yerləşir. Burada sığorta xidməti üçün kiçik bir guşə ayrılıb. Bölmənin qarşısında ASAN-la müqaviləsi olan sığorta şirkətlərinin bayraqları var. Amma guşədəki əməkdaşlar sığorta şirkətlərinin deyil, ASAN-ın öz işçiləridir. Şirkətlərin öz nümayəndələri isə vaxtaşırı burada olur və zəruri hallarda müştərini maraqlandıran əlavə suallara cavab verirlər.

Onlarla söhbətimiz zamanı məlum oldu ki, müştərilər hələlik o qədər də çox olmasa da, getdikcə artır. Bölmənin xanım əməkdaşı Elvina Qafarovanın dediyinə görə, gün ərzində sığorta ilə bağlı ortalama 10-15 müraciət olur.

İndiyədək sığorta ilə bağlı müraciət edən vətəndaşlar ən çox daşınmaz əmlakın sığortası ilə maraqlanıblar. Digər sığorta növləri - həyat, tibbi sığorta, peşə məsuliyyətinin sığortası, fərdi qəza və s. üzrə isə müraciətlər hələlik azdır.

Mərkəzdə olduğumuz vaxt bir gənc avtomobilinin sığortası üçün şirkətlərin təkliflərini nəzərdən keçirdi. Xeyli araşdırdıqdan sonra birini seçib bölmə əməkdaşlarına müraciət etdi. Ətraflı məlumatdan sonra vətəndaşın sığortasının sənədləşdirilməsnə başlandı.

Müştəri dedi ki, ASAN-a yeni aldığı avtomobili sənədləşdirmək üçün gəlib və burada öyrənib ki, istəsə maşınını sığortalaya da bilər. Xeyli vaxta qənaət edəcəyini başa düşən müştəri dərhal imkandan istifadə edib: “Aldığım maşını burda həm sənədləşdirdim, həm də sığortaladım”.

Sığorta departamentinin rəhbəri: “İcbari sığorta daha böyük paya malikdir”

ASAN-ın Sığorta Departamentinin rəhbəri Səxavət Bədəlovun sözlərinə görə, hazırda qurum 5 sığorta şirkəti ilə əməkdaşlıq edir. Bunlar “Atəşgah Sığorta”, “Alfa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta və “Paşa Sığorta” şirkətləridir: "Bizim sığorta xidmətlərimiz həm könüllü, həm də icbari sığorta sahələrini əhatə edir. Hələlik, icbari sığorta daha böyük paya malikdir".

Belə ki, məsələn ev alqı-satqısı üçün etibarnaməyə görə, bura gələn vətəndaşlar həm də evini sığortalayır. Başqa sözlə, vətəndaşın başqa yerə getməsinə, əlavə vaxt və enerji sərf etməsinə lüzum qalmır.

“Biz müştəriləri tanış edirik, şirkəti və xidməti özləri seçir”

"ASAN Xidmət”də sığorta şirkətini seçmək də asandır. Daha dəqiqi, icbari sığorta şərtləri hamıda eynidir, əsas seçim könüllü sığortalarda aparılır. Səvaxət Bədəlov deyir ki, ayrı-ayrı şirkətlərin daşınmaz əlmakın sığortası ilə bağlı öz yanaşması və tarifləri var: "Biz müştərilərə bütün şirkətlərin təkliflərini təqdim edirik, onlar da seçim əsasında hansında şərtlərin özləri üçün daha sərfəli olduğunu müəyyənləşdirirlər". Təkliflərdən hamısının eyni yerdə cəmləşməsi seçimi asanlaşdırır.

“Bizdə səyahət sığortası da təklif olunur. Bu sahədə tələbat getdikcə artır. Tibbi sığorta xidməti də nəzərdə tutulur. Yaxın gələcəkdə digər sığorta növləri üzrə fəaliyyətlər göstəriləcək. Məsələn, həyat sığortası üzrə xidmət təklif edən cəmi 3 şirkət var, hələlik onlarla müqaviləmiz yoxdur. Görünür bu, bu sahədə naariflənmənin və tələbatın aşağı olması ilə bağlıdır”- müsahibim vurğuladı.

"Şirkətlərə fərq qoymuruq"

S.Bədəlov bildirdi ki, bölgələrdə sığorta bölməsi üzrə müraciətlər Bakıya nisbətən azdır. Yeri gəlmişkən, yaxın vaxtlarda ASAN-ın regiondakı mərkəzlərində aqrar sığorta xidmətlərinin göstərilməsinə də başlanacaq.

Şirkətlərin “ASAN Xidmət”lə əməkdaşlıqda nə dərəcədə maraqlı olduğu hadqa suala cavabında müsahibim dedi ki, getdikcə şirkətlərin ASAN-a marağı artır: “Elə bir neçə gün əvvəl sizin saytda da yayımlanan xəbərdən sonra bir neçə şirkət müraciət edib əməkdaşlığın şərtləri haqda maraqlanır. Biz heç bir şirkətə ayri-seçkilik etmirik, əgər ümumi şərtlərə cavab verən şirkətlər müraciət edirsə, biz onlarla əməkdaşlıq etməyə hazırıq”.

Hər gün ASAN-a 5-7 min nəfər müraciət edir

“ASAN Xidmət” Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirdi ki, gün ərzində hər xidmət mərkəzinə ortalama 1000-1500 nəfər müraciət edir. ASAN-ın Bakıda 3, GƏncə və Sumqayıtda isə 1 mərkəzinin olduğunu nəzərə alanda gündəlik müraciətlərin ümumi sayı 5-7 min ətrafındadır. Sığorta şirkətləri bu axını yalnız arzulaya bilərlər: "Vətəndaşlar da mərkəzlərimizdə mənzil, tikili, avtomobil və s daşınmaz əmlakın alqı-satqısı olduqda və ya etibarnamələri təsdiq edildikdə, bilir ki, onların sığortasını elə həmin binadan çıxmadan qısa vaxtda edə bilər. Təcrübə göstərir ki, bu yaxşı da effekt verir və vətəndaşlar bu xidmətlərdən getdikcə daha çox yararlanır, eləcə də nisbətən yeni sahə olan ASAN Sığortadan”.

Yeri gəlmişkən, ən çox alqı-satqı müqavilələri Bakının kənar bölgələrində olur. Bizim Sabunçuda 4-cü bölmə açılanda sığorta xidmətinin daha yüksək olacağını gözləyirik”.