Analitika

01 January
1

Azərbaycanda qonşularını fikirləşən sahibkarlar hələ azdır

Yanvar ayının nəticələrinə görə, Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari sığorta etdirənlərin sayı artıb. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin yanvar ayı üçün məlumatında bildirilir. Məlumata görə, yanvarda bu sığorta növü üzrə 34,6 min manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin yanvarına nisbətən 37% artıqdır.

Əmlakın istismarı üzrə məsuliyyətin sığortası nəyə lazımdır?
"İcbari sığortalar haqqında" Qanuna əsasən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının məqsədi əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı digər şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Söhbət hüquqi şəxslərə, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin istismar etdiyi binalar, tikililər, qurğular və sahələrdən gedir.
Üçüncü şəxs deyəndə əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olan belə şəxslər, habelə onların ailə üzvləri nəzərdə tutulur.

Hansı hadisələr sığorta hadisəsi sayılır?
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi deyəndə elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri; qaz partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma kimi hallar nəzərdə tutulur. Eləcə də hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və s. kim hallar da sığorta hadisəsi sayılır və buna görə, ödəniş edilir.

Sığorta haqqı və sığorta məbləğləri
Qanunvericiliyə görə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləği əmlakın istifadə edildiyi sahədən asılı olaraq ildə 30 manatdan 120 manatadək dəyişir. Bu sığorta növü üzrə üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri isə belədir: fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat; əmlaka dəyən zərər üzrə 50 min manat.

Hadisə baş verməyən sığorta?
Hələlik daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını sığorta şirkətləri üçün ən sərfəli sığorta növü saymaq olar. Çünki bu sığorta növü üzrə nə yanvar ayında, nə də ötən il, nə də 2012-ci ildə ödəniş edilməyib. Baxmayaraq ki, 2012-ci ildə bu sığorta növü üzrə 309 min manat, 2013-cü ildə isə bundan 20% artıq - 373 min manat sığorta haqqı toplanıb.
Amma daşınmaz əmlakın icbari sığortası ilə müqayisədə, bu sığorta növü üzrə yığımlar həddən artıq aşağıdır- belə ki, analoji dövrdə əmlakın icbari sığortası üzrə 600-700 min manat sığorta haqqı toplanıb ki, bu da mülki məsuliyyətin sığortası üzrə yığımlara nisbətən təqribən 20 dəfə artıqdır.

"Əvvəlcə öz əmlakımızı sığortalayaq"
Mütəxəssislərin fikrincə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığortanın geniş yaılmamasının bir neçə səbəbi var. Əsas səbəb bu sığorta növünün yeni tətbiq olunması və sahibkarların bununla bağlı məlumatının az olmasıdır. Digər tərəfdən, bu sığorta növü üzrə ödəniş müştərinin özünə yox, 3-cü şəxsə çatdığına görə, sahibkarlar onu özləri üçün o qədər də vacib saymırlar. "Atasığorta" şirkətinin departament direktoru Nigar İbrahimovanın sözlərinə görə, sahibkarların əksəriyyəti ilk növbədə özlərinə dəyən zərərdən qorunmaq istəyirlər: "Ona görə də özlərini əsas risklərdən qorumaq üçün ilk növbədə özlərinə məxsus olan daşınmaz əmlakı sığortalayır, bununla da işlərini bitmiş saırlar. Mülki məsuliyyətin icbari sığortasına isə hələlik o qədər də maraq göstərmirlər".