Analitika

01 Yanvar
4

"Novostroykalar"ı sığortalamaq olarmı? - TƏLƏBLƏR

Bakıda və respublikanın digər rayonlarında yeni tikilən yaşayış binalarında sənədləşdirilməmiş mənzillərin sahibləri öz mənzillərini hələlik yalnız könüllü sığortalaya bilərlər. Bu barədə fins.az-a daşınmaz əmlakın sığortası ilə məşğul olan sığorta şirkətlərindən məlumat verilib.
Səbəbi daşınmaz əmlakın icbari sığortası ilə bağlı qoyulan tələblərdir. "Standard Insurance" sığorta şirkətinin ümumi sığorta şöbəsinin müdiri Cəmil Babayevin sözlərinə görə, qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın icbari sığortası üçün əmlakın mülkiyət hüququnun qeydiyyatı ilə bağlı çıxarış ("kupça") tələb olunur: "Çünki qanunun tələbinə görə, müqavilədə çıxarışın nömrəsi göstərilməlidir". Bununla yanaşı, şirkət nümayəndəsinin sözlərinə görə, bəzən sığorta şirkətləri ev sahiblərinə müəyyən güzəştə gedərək "kupça"sı olmayan mənzilləri order əsasında sığortalayırlar: "Kupçası olmayan mənzillərdə isə orderin nömrəsini qeyd etmək olar".
Digər bütün hallarda isə mənzilin icbari sığortalanması mümkün olmur. Qeyd edək ki, hazırda yeni tikililərdəki mənzillərin əksəriyyətində sənədləri alqı-satqı müqaviləsindən və mənzilin pulunun ödənilməsi ilə bağlı maliyə araşyışından ibarətdir. Sığorta şirkətləri bildirir ki, bu sənədlərlə mənzili icbari sığortalamaq mümkün deyil: "Müqavilə və qəbzin əsasında sığortalamaq mümkün deyil. Çünki bunun pulu ödənilibsə, o demək deyil ki, həmin şəxs mülkiyyət sahibidir. Bilinmir ki, hələ bu mənzil kimin adına rəsmiləşdiriləcək. Məsələn mənzil sahibi yanvarda mənzili arayış əsasında sığortalayır və bir neçə ay sonra hadisə baş verəndə məlum olur ki, mülkiyyətin sahibi başqa adamdır".
Qeyd edək ki, sığorta haqlarının məbləğini və əhatə etdiyi riskləri, eləcə də təcrübəni nəzərə aldıqda daşınmaz əmlakın icbari sığortası könüllü sığortaya nisbətən daha sərfəlidir. Məsələn, Bakı şəhərində qiyməti 100 min manat olan əmlakın könüllü sığortalanması orta hesabla 300-600 manata başa gəlir. İcbari sığortada isə cəmi 50 manat ödəməklə əmlakı bütün il boyu əsas risklərdən 25 min manatlıq həcmdə sığortalamaq mümkündür. Təcrübə də göstərir ki, əmlaka dəyən zərər nadir hallarda 25 min manatı keçir.
Sənədləşdirmə ilə bağlı ciddi tələblər nəzərdə tutulan icbari sığortadan fərqli olaraq əmlakın könüllü sığortası zamanı əmlakın sənədlərinə tələblər bir qəər yumşaqdır. C.Babayevin sözlərinə görə, tam sənədləşməmiş mənzilləri könüllü sığorta ilə sığortalamaq olur: "Maliyyə arayışı, və ya MTK ilə müqaviləsi varsa, bu, könüllü sığorta üçün kifayətdir. Çünki könüllü sığorta müqaviləsində faydalanan şəxs başqası ola bilər. Amma icbari müqavilədə faydalanan şəxs sığortalı özü olmalıdır".
Yeri gəlmişkən, sığorta şirkətləri yeni tikililərdəki mənzilləri adətən elə bu üsulla sığortalayırlar.
Amma bəzi mütəxəssislər qanunun bu tələbini yersiz sayırlar. "Bakı Sığorta" şirkətinin idarə heyəti sədrinin müavini Ramin Məmmədov fins.az-a bildirib ki, mənzilin sığortalanması üçün belə tələbin qoyulması artıqdır: "Məncə mənzilin bu sənədlər (yəni müqavilə və maliyyə arayışı) əsasında icbari sığortasına icazə vermək olar. Əgər alıcı bu sənədlərdən istifadə edib mənzili özəlləşdirə bilirsə, texniki pasport və çıxarış ala bilirsə, deməli bu sənədləri dövlət də tanıyır. Ona görə də, tələb bu qədər sərt olamamalıdır".
Yeri gəlmişkən, İcbari Sığortalar Bürosundan fins.az-a verilən məlumata görə, icbari sığorta olunan daşınmaz əmlakın böyük hissəsi çıxarışlar əsasında sığortalanıb. 2013-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı 111 808 müqavilə bağlanıb ki, bunun da 64%-i çıxarış, 36%-i digər sənədlər - order, müqavilə, etibarnamə, yerli icra hakimiyyətindən arayış və sair sənədlər əsasında qeydə alınıb.
O ki qaldı yeni tikililərdə sığorta risklərinə və sığorta tariflərinə sığorta şirkətlərində bildirirlər ki, adətən buradakı mənzillərin sığorta tarifi də adi əmlaklarda olduğu kimi təmirindən və yerindən asılı olaraq mənzilin dəyərinin 0,25-0,6%-i arasında dəyişir.
R.Məmmədovun sözlərinə görə, yeni tikililərdəki mənzillərlə bağlı sığorta hadisəsinin baş verməsi riski adi mənzillərə nisbətən aşağıdır: "novostroyka"larda təmir daha yaxşı olduğu, kommunal sistemləri isə daha təzə və güvənli olduqları üçün yanğın, subasma və digər bədbəxt hadisələrin baş verməsi ehtimalı da təzə evərdə daha azdır".
Risklərdəki fərqlər özünü sığorta tariflərində də göstərir. R.Məmmədovun sözlərinə görə, risklər az olduğuna görə, yeni tikililərdəki mənzillərin sığortası üzrə tariflər köhnə evlərə nisbətən daha aşağı ol bilər. Amma bu göstərici hətta yeni binaların özündə də binaların yerindən və vəziyyətindən asılı olaraq dəyişə bilər.