Analitika

01 Yanvar
2

Sığortada vasitəçilik fəaliyyətinə yeni baxış - ANALİTİKA

Şükür Hüseynov, "Azsığorta" ASC

Hazırda ölkəmizin sığorta bazarında yüzlərlə lisenziyalı agentlər fəaliyyət göstərməkdədir. Onların işində müsbət və mənfi cəhətlərin olması təbiidir və bu barədə zaman-zaman lazımi yerlərdə danışılmış və bundan sonra da danışılacaqdır. Lakin bu bazarı müşahidə edən bir şəxs kimi mənim diqqətimi bir neçə məqam daha çox cəlb etmişdir:

1. Ən məhsuldar sığorta agentləri kifayət qədər təbliğ olunmur, onların inkişafına dəstək göstərilmir. Axı, sirr deyildir ki, cəmi bir neçə il bundan öncə ölkə üzrə daxil olan sığorta haqlarının 150 milyon manatdan hazırda 350 milyon manata çatdırılmasında məhz fiziki şəxs sığorta agentləri də müstəsna rol oynamışlar. Necə ki, biz deyirik, ölkə üzrə daxil olan sığorta haqlarının 50 faizi 4-5 sığorta şirkətinin payına düşür, eləcə də cəsarətlə deyə bilərik ki, sığorta agentlərinin iştirakı ilə toplanan sığorta haqlarının əksər hissəsi də 60-70 agentin payına düşür. Niyə həmin agentlər hüquqi şəxs sığorta agentliyi yarada bilmir, niyə ölkədə agentlik institutu təşəkkül tapmır?!

2. Özünün qeyri-adekvat fəaliyyəti ilə bazarı korlayan hər hansı bir agent bir sığorta şirkətindən kənarlaşdırıldıqda, digər şirkət ona qucaq açır, işə cəlb edir, yüksək komissiya təklif edir və hətta nə qədər təəccüblü olsa da, bəzən irəli çəkir və vəzifəyə də gətirir. Deməli, şirkətlərin qarşılıqlı münasibətlərində problemlər vardır. Yeri gəlmişkən, burada İSB-nin də ünvanına müəyyən qədər iradlar düşür. Belə ki, onun məlum funksiyalarından biri də İSB-nin iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etməkdən ibarətdir. Niyə agentlər tez-tez yerlərini dəyişərək bir şirkətdən o birinə, o birindən də digərinə keçirlər. Məncə bunun bir sadə səbəbi vardır. Agentlərə daha çox komissiya təklif edirlər. Bəyəm agentlərə ayrılan muzd icbaridə 15 faiz deyilmi? Yoxsa onlar şirkətdə təsisçi ilə şərikdirlər, və yaxud səhmdardırlar. Sığorta şirkətləri arasında sağlam tərəfdaşlıq münasibətləri, sağlam rəqabət mühiti yaradılmalıdır. Axı, sığortada satışı daha çox vasitəçilik qurumları həyata keçirməlidir. Qoy sığorta şirkətləri vaxtlarının çoxunu satışa yox, hesabat işlərinə, anderraytinqə, sığorta ehtiyatlarının düzgün formalaşdırılmasına, iddiaların təmin edilməsinə, mükəmməl tarif, investisiya, marketinq siyasətinin həyata keçirilməsinə sərf etsinlər. Satışı isə müvafiq statuslu vasitəçilər aparsınlar. Qısası, nə qədər təəssüf doğursa da, etiraf etməliyik ki, biz hələ agentlərimizi miskin, zavallı dəllallar səviyyəsindən sivil sığorta vasitəçiləri səviyyəsinə qaldıra bilməmişik. Böyük Britaniyada təxminən 1500 hüquqi şəxs sığorta brokerləri fəaliyyət göstərirlər. Onlardan cəmi 260-ı məşhur Lloydun brokerləridirlər. Həmin brokerlər üçün Lloydun brokeri olmaq böyük üstünlükdür, imicdir, şərəfdir. Elə mühit yaradılmalıdır ki, sığorta agenti bu və ya digər sığorta şirkətinin agenti olmaqla fəxr etsin, o şirkətə bağlansın, onu yüksəltsin və ona şərəf gətirsin. Onların bəzilərinin aylıq qazancı bəzən ən böyük sığorta şirkətinin rəhbərinin qazancından da çox olur. Belə çıxır ki, əsas məsələ heç də həmişə pulla ölçülmür. Deməli, burada digər, daha humanist meyarlar əsas götrülməlidir.
Gəlin, agentlərimizin formasını dəyişdiyimiz kimi, onların məzmununu da dəyişək! Gəlin vasitəçilik sisteminin bütövlükdə mahiyyətini dəyişmək yolunda işimizi artıraq! Məncə bu istiqamətdə əsas, uzaq hədəflər bəllidir və bu hədəflər üzrə irəli getmək üçün mən təkliflərimi aşağıdakı qaydada diqqətinizə çatdırmaq istərdim:
1. Sığorta işinin təbliğ olunması və sığorta bazarında baş qaldıran neqativ halların qarşısının alınması məqsədilə Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən rayon İcra Hakimiyyəti Başçılarına, digər idarə, müəssisə və təşkilat rəhbərlərinə ünvanlanmış, kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan yazıların, çağırışların, müraciətlərin və s. artırılması;
2. Sığorta sisteminin peşəkar subyektləri arasında, özəlliklə İSB-nin üzvü olan şirkətlərin arasında daha səmərəli qarşılıqlı əlaqələrin qurulması. Bu, “pis” agentlərin təsirli şəkildə tənbeh olunmasında və əksinə, ən yaxşı agentlərin rəğbətləndirilməsində əhəmiyyətli ola bilər.
3. Keçən sığorta ili üzrə ən məhsuldar agentlərin müəyyənləşdirilməsi və onların müxtəlif qaydada stimullaşdırılması, məsələn, A) il ərzində ən çox vergi ödəyicisi olan və yaxud, ən çox sığorta haqqı toplayan agent(lər)in müəyyən olunması; B) sığorta portfelinin çeşidli tərkibinə görə ən yaxşı agentlərin müəyyənləşdirilməsi; C) sığorta işini ən yaxşı bilməyə görə sığorta agentlərinin fərqləndirilməsi. Məhz bundan sonra həmin agentlərin fəaliyyəti təqdir olunmalı və onların işi stimullaşdırılmalıdır. Bu, şirkətlərin hesabına onların tibbi və ya fərdi qəza sığortasının aparılması, səyahət, sanatoriya\kurort putyovkası, xaricə treninq və seminarlara göndərilmə, tərifnamə və s. formalarda həyata keçirilə bilər;
4. Qanunazidd hərəkətləri olan agentlərin aşkara çıxarılması və onların adlarının bu tribunadan səsləndirilməsi və onlar barəsində görülən müvafiq inzibati və digər tədbirlərin elan olunması, məsələn, vergidən yayınma hallarına görə cəza çəkənlərin ifşa olunması, sığorta şəhadətnamələrini qəsdən səhv rəsmiləşdirməyə görə cəzalanmış, başqa sözlə, həmin səbəbdən məsələn, əgər varsa, lisenziysı ləğv edilmiş agentlərin elan olunması; Eyni zamanda, qanun pozuntusuna və digər neqativ hallara yol verən agentlərin siyahısının bütün sığorta şirkətlərinə paylanılması, nəzarətçi tərəfindən lisenziyanın məhdudlaşdırılması və gələcəkdə ona xitam verilməsi istiqamətində mexanizmlərin hazırlanması;
5. Yuxarıdakıların bütöv bir sığorta ilinin yekunlarına görə təmin edilməsi üçün agentlərin ənənəvi İllik Forumunun keçirilmə tarixinin hər ilin sonuna deyil, hər növbəti ilin birinci rübünə dəyişdirilməsi.

Hesab edirəm ki, bunların həyata keçirilməsi nəticə etibarı ilə Agentlərin Milli Forumunun ümumi əhəmiyyətini kifayət qədər artırar və bu tədbir daha maraqlı və cəlbedici olar.