Analitika

01 Yanvar
2

Sığorta fırıldaqları tarixi-4

Sığorta ilə bağlı fırıldaqlar, demək olar ki, sığortanın özü ilə birlikdə yaranıb. Artıq neçə əsrlərdir ki, fırıldaqçılar sığortadan varlanmaq üçün istifadə etməyə çalışırlar. Sığorta dələduzluğu dünyada ən çox yayılmış və ən gəlirli cinayət növü sayılır. Bəziləri buna nail olur, amma əksər hallarda işin üstü açılır. Fins.az dünyada sığorta fırıldaqlarının tarixini təqdim edir.

(Əvvəli: http://fins.az/node/148#.UoIyMfmSKaQ, http://fins.az/node/176#.Uo8R6RqSKaQ, http://fins.az/node/212#.UqGOUMSSKaQ )

Kim milyonçu olmaq istəyir?

Böyük sığorta dələduzluqları hadisələri araşdırılarkən məlum olur ki, bu fırıldaqlar çox zaman böyük cinayətkar qruplar tərəfindən deyil, sadə vətəndaşlar tərəfindən edilir. Amerikalılar hesablayıb ki, cinayətkar qruplar hər il yüz milyonlarla dollarla kifayətləndikləri halda, sığorta dələduzlarının illik qazancları 80 mlrd. dollara çatır (bəzi mənbələrə görə hətta 115 mlrd. dollar). Dələduzları əsasən sığorta fırıldaqlarının sadəliyi və buna görə cəzaların yüngüllüyü daha çox cəlb edir. Həm də, bu fırıldaqlardan sadə əhali deyil, vətəndaşların ödənişlərini verməkdən qaçan “rəhmsiz” sığorta şirkətləri zərər çəkir.

Bu baxımdan bəzi fırıldaqçılar cinayətkarlıq biznesində xeyli irəliləyiblər. 90-cı illərin əvvələrində İzabel Parker adlı bir təqaüdçü qumar oyunlarına qurşanır və heç cür özünü saxlaya bilmir. Ona təcili pul lazım olur və o, bu pulu əldə etməyin sadə yolunu tapır. O, supermarketlərə daxil olaraq orada yıxılır və sığorta şirkətlərindən aldığı xəsarətlərin müqabilində təzminat tələb edirdi. İfşa olunmamaq üçün o, hər dəfə fərqli adlardan istifadə edirdi. Bu fırıldaqlara görə ən böyük qazancı 27,6 min dollar olub. Ümumilikdə bu yolla o, 500 min dollara yaxın pul əldə etsə də, qazancının hamısını qumarxanalara buraxmışdı. 2000-ci ildə sığorta şirkətləri Parkerin fırıldaqlıqlarının üstünü açdı və ona 4 il müddətinə inzibati həbs cəzası verildi.

İstənilən halda amerikalı biznesmenlər qəzəbli müştərilərin iddialarından ehtiyat etməyə başladılar. Çünki kompensasiya məbləği ilbəil çoxalırdı. Nəticədə sığortaçılar artıq şirkətləri müştəri tələblərindən sığortalamağa başladılar. Fırıldaqçılar isə bundan istifadə edirdilər.

2005-ci ildə amerikalı Karla Patterson restoranların birində tərəvəz şorbası sifariş verir, lakin gözlənilmədən onun içərisində ət – daha doğrusu, ölmüş siçan aşkar edir. Bu xoşagəlməz hadisəyə görə Patterson restorandan 500 min dollar tələb edir. Lakin zərəri qarşılamalı olacaq sığorta şirkəti cəld tərpənir və siçanın cəsədinin ekspertizaya göndərilməsini istəyir. Siçanın ciyərlərində şorba, üzərində isə heç bir yanma izi aşkarlanmır. Bundan da siçanın müştəri tərəfindən qəsdən şorbanın içinə qoyulduğu məlum olur - K.Patterson və fırıldaqda iştirak edən oğlu həbs olunurlar.

“Öz ölümünün səhnələşdirilməsi” fırıldağından isə indiyədək istifadə olunur. 2002-ci ildə İngiltərədə keçmiş müəllim və həbsxana gözətçisi olan Con Darvin Şimal dənizinə qayıqla gəzintiyə yollanır. O, gəzintidən geri qayıtmır, axtarışlarda bir nəticə vermir. Çarəsiz dul Enni mərhum həyat yoldaşına görə sığorta ödənişi alır və zəngin həyatı sürməyə başlayır. Əslində isə Darvin ölməmişdi və hətta öz evinin yaxınlığında məskunlaşmışdı. Qonşuları əlbəttə ki, onu bir neçə dəfə görmüşdülər, lakin müvafiq orqana təhvil verməyə tələsmirdilər. 2006-cı ildə Con və Enninin Panama adalarında istirahətdə olan fotoları qəzet səhifələrinə çıxır. Həmin vaxt “keçmiş ölü” könüllü şəkildə polisə gəlir və yaddaşını itirdiyini söyləyir. Təbii ki, ona inanmırlar və ər-arvad həbs olunur.

Bəzən belə fırıldaqlar çox gülməli görünürdü. 2003-cü ildə Britaniya ordusunun istefada olan mayoru Çarlz İnqram evinin qarət edilməsi ilə bağlı polisə müracitə edir və sığortaçılardan 30 min funt-sterlinq məbləğində ödəniş tələb edir. Problem onda idi ki, həmin vaxtlarda çox az adam İnqrama inanırdı.

Hadisədən bir neçə ay əvvəl o, “Milyonçu” şousunda iştirak edir və milyona sahib olur. Şouda qalib gəlməyinə onun studiyada əyləşən və gizli siqnal sistemlərindən istifadə edən həyat yoldaşı Diana kömək edir. Fırıldağın üstü açılır və onlar pulları geri qaytarmalı olurlar. Ona görə də Çarlzın qarətlə bağlı müraciəti araşdırılır və əlbəttə ki, yalanı da məlum olur.

Sığorta dələduzluqları ilə bağlı dəqiq statistika heç kimə məlum deyil. Belə hesab olunur ki, ABŞ-da əmlaka dəyən ziyanla bağlı sığorta ödənişlərinin 10%-i sığorta dələduzlarının ciblərinə gedir. Tibbi sığorta ödənişlərinin 3%-i də eyni istiqamətdə gedir.

Bununla yanaşı, sığorta şirkətləri özlərinin də müştərilərə eyni bəhanələrlə vermədikləri ödənişləri də açıqlamırlar, lakin güman edilir ki, sığortaçılar zərərdə qalmırlar.