Analitika

01 Yanvar
2

Kənd təsərrüfatı məhsullarının sığortası: TƏKLİFLƏR

Kənd təsərrüfatı məhsullarının sığortası: TƏKLİFLƏR

Hikmət Allahverdi, “Başak-İnam Sığorta Şirkəti”nin biznesin inkişafı departamentinin rəhbəri

(II HİSSƏ, əvvəli: http://fins.az/node/241#.UpV_XRqSKaQ)

Kənd təsərrüfatı məhsullarının sığortalanmasının stimullaşdırılması üçün bəzi təkliflər

Dünya təcrübəsində kənd təsərrüfatında sığortaçılığın stimullaşdırılmasında dövlət dəstəyi ilə bağlı üç faktor xüsusi əhəmiyyət kəsb edir:

- Sığorta haqlarında dövlət dəstəyi (adətən sığorta haqlarının 50-80%-i həcmində);

- Sığorta şirkətlərinin kənd təsərrüfatı ilə bağlı zərərlərinin müəyyən limiti aşan qismində dövlət dəstəyi (adətən sığorta ödənişləri/sığorta haqları nisbətinin 150%-200%-dən yüksək olması halında zərəri dövlət qarşılayır);

- Təkrarsığorta dəstəyi (dövlət dəstəyi ilə yaradılan daxılın/fondun təkrarsığortaçı qismində iştirakı).

Bütün bunları nəzərə alaraq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının sığortalanmasının stimullaşdırılması üçün təkliflər aşağıda verilmişdir:

1. Sığorta şirkətlərinin kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı bütün gəlirlərinin hər cür vergidən azad edilməsi;

2. Kənd təsərrüfatı istehsalçıları üçün sığorta fəaliyyətləri ilə bağlı kütləvi maarifləndirmə və təbliğat işinin təşkil edilməsi;

3. Başda Kənd Təsərrüfatı və Təhsil Nazirlikləri olmaqla, dövlət qurumları ilə ölkədə fəaliyyət göstərən universitetlər arasında peşəkar kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması sahəsində ciddi əməkdaşlığın təmin edilməsi;

4. Sığorta şirkətlərinin kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı fəaliyyətləri nəticəsində yaranan bəzi xərclərinə (rabitə, nəqliyyat və s.) müəyyən güzəştlərin edilməsi;

5. Məhsullarını sığorta etdirən kənd təsərrüfatı istehsalçılarının güzəştli kreditlərlə (aşağı faiz dərəcəli, uzunmüddətli, geri qaytarılma şərtləri daha uyğun və s.) təmin edilməsi;

6. Sığorta hadisələri zamanı sığorta şirkətlərinin tələb etdiyi məlumat və sənədlərin aidiyyəti dövlət orqanları tərəfindən vaxtında təmin edilməsi;

7. Başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi olmaqla dövlət orqanlarının sığorta şirkətlərini tarif dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan informasiya və statistikalarla (ölkə üzrə heyvanların tələf olma sayı və səbəbləri, müxtəlif xəstəliklərə yoluxma tezliyi və şiddəti, rayonlar üzrə dolu düşmə hadisələri, yağıntı miqdarı, şaxtalı günlərin sayı, palçıq vulkanları, torpaq sürüşməsi, zəlzələ riski və s.) mütəmadi və təmənnasız təmin etməsi;

8. Kənd təsərrüfatı sığortası ilə məşğul olan sığorta şirkətlərinin bu növ üzrə zərərlərinin müəyyən nisbəti aşan hissəsinin (aqrar sahə üzrə ümumi sığorta ödənişləri/ümumi sığorta haqları nisbətinin 1,5-dən böyük olması halında) dövlət tərəfindən ödənilməsi;

9. Sığorta hadisələri baş verdiyi zaman şirkətlərin ehtiyac duyduğu kənd təsərrüfatı mütəxəssislərinin (baytar, aqronom, aqrotexnik və s.) təmin edilməsində Kənd Təsərrüfatı Nazirliyinin mövcud imkanlarından istifadə edilməsinə şərait yaradılması;

10. 4 mart 2004 tarixli Nazirlər Kabinetinin “Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakı siyahısına bitkiçilik məhsullarının bir qismi (buğda, arpa, qarğıdalı, günəbaxan - dən üçün, kartof, şəkər çuğunduru, tərəvəz - göyərti istisna olmaqla, meyvə, sitrus və üzüm bağlarının məhsulları) daxildir. Adı çəkilən siyahıya bitkiçilik (meyvə, tərəvəz və tarla məhsulları) və istilikxana (parnik) məhsullarının, heyvanlar (ətlik və damazlıq) və ev quşlarının əhəmiyyətli bir hissəsi daxil edilə bilər.

11. Adı çəkilən qərara əsasən, sığorta hadisəsi kimi təbii fəlakətlərin sadəcə bir hissəsinə (yanğın, dolu, sel, daşqın və şaxta vurması) dövlət tərəfindən maliyyə yardımının göstərilməsi nəzərdə tutulmuşdur. Verilən sığorta təminatı bitkiçilik məhsullarında fırtına, burulğan (tornado), zəlzələ, yer sürüşməsi, torpaq çokməsi, vulkan püskürməsi, dolu düşməsinin səbəb olduğu keyfiyyət itkisi; istilikxana məhsullarında dolu düşməsi, yanğın, fırtına, burulğan, uçqun, dolu və qar ağırlığı, sel, daşqın, nəqliyyat vasitələrinin çarpması, zəlzələ, yer sürüşməsi, torpaq çokməsi, vulkan püskürməsi, dolu səbəbindən keyfiyyət itkisi; heyvanların həyat sığortasında bütün növ adi heyvan xəstəlikləri, doğum, cərrahi müdaxilə, ilan və zəhərli həşəratların sancması, bütün növ qəzalar və təbii fəlakətlər, ot və ya digər yemlərdən zəhərlənmələr, yanğın və gün vurma nəticəsində meydana gələn ölüm yaxud məcburi kəsilmə və ev quşlarının sığortasında isə, bütün növ adi quş xəstəlikləri, bütün növ qəza və zəhərlənmələr, məcburi kəsilmələr, bütün növ təbii fəlakətlər və yanğın risklərini əhatə edə bilər.

12. Hazırda kənd təsərrüfatı üçün sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilən hissəsi hesablanmış ümumi sığorta haqqının 50%-i həcmində müəyyən edilmişdir. Bu dəstək,dünya təcrübəsinə uyğun olaraq 65-70%-ə yüksəldilə bilər. Dünya Bankının (2007-ci il) məlumatlarına əsasən, kənd təsərrüfatı məhsullarının sığorta haqqının İtaliya və İspaniyada 75%-i, Nigeriya, ABŞ, Portuqaliya, Hindistan, İran, Yaponiya, Kolumbiya, Cənubi Koreya, Kanada, Çili və Sudanda 50%-dən yuxarısı, Türkiyədə 50%-i, Rusiya, Kosta Rika, Filippinlər, Braziliya, Polşa, Çin, Ukrayna, El Salvador, Dominik Respublikası və Meksikada 30%-dən yuxarısı dövlət tərəfindən ödənilir.

13. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi xətti ilə istehsalçılara verilən kreditlərin əvəzində aqrar məhsulların sığortalanmasına səy göstərilməsi;

14. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara verilən güzəştli kreditlər müqabilində onların istehsal etdiyi aqrar məhsulların sığortalanmasına səy göstərilməsi;

15. “Aqrolizinq” ASC tərəfindən texnika verilən kənd təsərrüfatı istehsalçılarının məhsullarının sığortalanmasına səy göstərilməsi;

16. Kənd təsərrüfatı məhsullarının və kreditlərinin komleks sığorta mexanizminin hazırlanması və bu məqsədlə, hazırda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən hazırlanan və kənd təsərrüfatı kreditləri üçün nəzərdə tutulan “Zəmanət Fondu”nun kənd təsərrüfatı məhsullarının sığortalanması üçün də tətbiq olunması. Bu baxımdan, adı çəkilən Fond (daxıl), iki bölmədən ibarət ola bilər:

- Kənd təsərrüfatı kreditlərinin sığortalanması bölməsi,

- Kənd təsərrüfatı məhsullarının sığortalanması bölməsi.

İlk bölmənin gəlirləri kredit alanların zəmanət qarşılığında ödəyəcəyi faizlər, dövlət büdcəsi və beynəlxalq qurumlardan əldə edilən maliyyə vəsaitləri hesabına formalaşacaqdır. İkinci bölmə də, fermerlərdən yığılan sığorta haqlarından və dövlət büdcəsi vəsaitlərindən daxil olan gəlirlərlə idarə olunacaqdır.

17. Qabaqcıl dünya təcrübəsi əsasında kənd təsərrüfatı məhsullarının sığortalanması mexanizminin inkişaf etdirilməsi (xüsusilə, Türkiyədəki TARSİM modeli maraqlı nümunədir);

18. Kənd təsərrüfatı məhsullarının sığortalanmasında dövlətin təkrarsığorta dəstəyini təmin etməsi;

19. Azərbaycanda rəqabətədavamlı qeyri-neft sektorunun inkişaf etdirilməsi, insan kapitalının inkişafı, yoxsulluğun azaldılması, infrastrukturun yenilənməsivə ictimai xidmətlərin gücləndirilməsi kimi layihələri dəstəkləyən beynəlxalq təşkilatların səylərinin kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsinə istiqamətləndirilməsi; Məsələn, dünyada çoxsaylı ölkələrdə çoxillik kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi təcrübəsinə malik olan Dünya Bankı Azərbaycanda da aqrar sığortaçılıq sahəsində müstəsna rol oynaya bilər. Belə ki;

- Dünya Bankı rəsmi orqanlar və dövlət strukturları nəzdində ictimai rəy formalaşdıra bilər. Bu məqsədlə, görüşlərdə, tədbirlərdə və hökümətə tövsiyyələrində bu mövzunu davamlı gündəmdə tutaraq aktuallaşdıra bilər.

- Bilindiyi kimi, Dünya Bankı kanalıyla yerli kredit təşkilatlarına güzəştli kredit xətti açılmaqdadır. Dünya Bankı tərəfindən bu kredit təşkilatlarına kənd təsərrüfatı məhsullarının sığortalanması müqabilində fermerlərə təyinatlı (ünvanlı) kreditlərin verilməsi şərti qoyula bilər. Dünya təcrübəsində kənd təsərrüfatı məhsullarının sığorta tədiyyəsinin munimum 25%-i banklar, mikromaliyyə təşkilatları, kooperativlər və istehsalçı assosiasiyaları kanalıyla daxil olur. (Dünya Bankının məlumatlarına istinad edilmişdir)

- Dünya Bankı geniş və dərin təcrübəsiylə kənd təsərrüfatı mütəxəssislərinin, həmçinin bu sahədə fəaliyyət göstərəcək sığorta ekspertlərinin yetişdirilməsində (elmi-praktiki treyninqlər, seminarlar, konfranslar, konqreslər və s.) ciddi bir rol oynaya bilər. Bu baxımdan, Dünya Bankının həm bu fəaliyyətləri maliyyələşdirməsi, həm də öz mütəxəssislərinin birbaşa bu treyninq fəaliyyətində fəal iştirakının təmin edilməsi mümkündür.

- Dünya Bankı Azərbaycanın regionlarında sığorta maarifçiliyinin geniş təbliğatı və əhalinin sığorta savadının artması ilə məşğul ola və bu kimi fəaliyyətlərə dəstək verə bilər.

- Eyni zamanda Dünya Bankı kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı layihələrə dəstək verə bilər. Məsələn, bir və ya bir neçə sığorta şirkətinin bununla əlaqədar pilot şirkət olaraq seçilməsi mümkündür.

- Son olaraq, Dünya Bankı Azərbaycanda həyata keçirdiyi “Kənd təsərrüfatının inkişafı və kreditləşməsi” Layihəsinin üçüncü fazasına kənd təsərrüfatı məhsullarının sığortalanması fəaliyyətlərini də daxil edə bilər.