ANALİTİKA

01 Yanvar
5

Kənd təsərrüfati məhsullarinin siğortasi: Dünya təcrübəsi işiğinda sektoral/individual faydalar və bəzi təkliflər

Hikmət Allahverdi, “Başak-İnam Sığorta Şirkəti”nin biznesin inkişafı departamentinin rəhbəri

I HİSSƏ

Ümumi haşiyə: Kənd təsərrüfatı riskləri
Əhalinin fundamental ehtiyacı olan ərzaq məhsullarını istehsal edən kənd təsərrüfatı sektoru bütün dövlətlərin iqtisadiyyatı üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Kənd təsərrüfatı, insanların bitkiçilik və ət məhsulları əldə etmək məqsədilə əkinçilik və heyvan yetişdirməyi əhatə edən fəaliyyətlər cəminə verilən addır. Hər hansı bir ölkədə həyata keçirilən aqrar siyasətin başlıca məqsədi, dövlətin ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərində yaşayan əhalinin həyat standartlarını yaxşılaşdırmaq, gəlirlərin ədalətli bölgüsünə nail olmaq və ixracat gəliri əldə etməkdən ibarətdir.
Aqrar sektorun təbiət hadisələrinə qarşı həddindən artıq həssas olması fermerlərin riskini artırmaqla onların pul və kapital bazarlarından vəsait əldə etmə imkanlarını məhdudlaşdırır. Aşağıdakı cədvəldə kənd təsərrüfatı istehsalçılarının qarşılaşdıqları əsas risklər təsnif edilmişdir.

Cədvəl 1.Kənd təsərrüfatı istehsalçılarının qarşılaşdıqları risklərin təsnifatı

Sahələr

Qeyri-sistemik

Sistemik

Çox məhdud

Məhdud

Xəstəliklər

Adi xəstəliklər, zədələnmələr və şikəstliklər

Yoluxucu xəstəliklər

Kütləvi (epidemiya) heyvan xəstəlikləri

Qiymət

Əmtəənin və istifadə olunan resusların qiymət artışı, valyuta kursunda dəyişmələr

Xərc

Faiz dərəcələri, qanunvericilikdəki (məs. vergi) dəyişikliklər

Əməliyyat

Əsas və dövriyyə vəsaitlərinin lazımi sayda olmaması

İstehsal texnologiyalarının inkişafı (biotexnologiya, nanotexnologiya, damcı su sistemləri və s.)

Ətraf mühit

Zibil tullantıları

Çirklilik, meşələrin yox olması, erroziya

Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr

Siyasət

Dövlət sibsidiyalarının, təşviqlərinin və dəstəklərinin azalması, dövlətin kənd təsərrüfatı üzrə siyasətində dəyişikliklər

Texniki imkanlar

Zərərlərin qiymətləndirməsində və tənzimlənməsində korrupsiya elementlərinin mövcudluğu

Baytarlıq, veterinarlıq, aqrotexniki və zootexniki fəaliyyətlərin aşağı səviyyədə olması, ixtisaslı kadr çatışmamazlığı

Məhsul və əmlak

Dolu,yanğın, oğurluq

Daşqın, vulkan püskürməsi, zərərverici həşaratların basqını

Quraqlıq,zəlzələ, sel

Cədvəl 2-də kənd təsərrüfatı sahəsində texniki və maliyyə risklərinin idarəedilmə mexanizmləri göstərilmişdir. Fermerlər texniki riskləri azaltmaq üçün, regional riskləri nəzərə alaraq müxtəlif dövrlərdə fərqli məhsullar yetişdirə bilərlər. Həmçinin bu məqsədlə irriqasiya və müxtəlif profilaktik tədbirlər görə bilərlər. Maliyyə risklərinin azaldılması üçün isə, sığorta əhəmiyyətli vasitələrdən biri ola bilər.
Cədvəl 2. Texniki və maliyyə risklərinin idarə edilmə mexanizmləri

Riskin növü

Mübarizə vasitələri

Texniki

Aşağı riskli istehsal

İrriqasiya

Zərərverici həşəratların məhv edilməsi (pestisidlərin və herbisidlərin tətbiqi)

Mal-qara xəstəliyinin qarşısının alınması(vaksinasiya)

Təsərrüfatın diversifikasiyası (əkin sahələrində müxtəlif dövrlərdə fərqli məhsulların yetişdirilməsi)

Maliyyə

Sığorta

Hedcinq(riskdən qorunma, forward, futures, option və s. kimi müddətli satışlar)

Ehtiyat fondlarının yaradılması

Şərtli borclanmalar (conditional loans)

Dünya üzrə kənd təsərrüfatı sektorunda yığılmış sığorta haqları

İqtisadi inkişaf səviyyəsinə görə müxtəlif ölkə qruplarında bitkiçilik və heyvandarlıq sahəsi üzrə yığılmış sığorta haqqlarının həcminə nəzər salsaq, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı üzrə sığorta haqlarının aqrar ÜDM-da xüsusi çəkisinin 2%-dən çox olduğunu görərik.

Kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində qabaqcıl 10 ölkənin siyahısına baxdıqda isə dünya üzrə kənd təsərrüfatı məhsullarının sığorta haqlarının yarıdan çoxunun məhz ABŞ-da yığıldığının şahidi olarıq. Sonrakı yerləri isə uyğun olaraq Yaponiya, Kanada, İspaniya, Çin, İtaliya, Fransa, Rusiya, İran, Argentina tutur.

Azərbaycanın kənd təsərrüfatı sektorunda mövcud vəziyyət

Son inkişaf dinamikaları

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən 2013-cü ilin əvvəlində ölkə əhalisinin sayı 9.36 milyon nəfər təşkil edib. Əhalinin 53%-nin şəhər və 47%-nin kənd əhalisi təşkil edib. 2011-ci ildə ümumi məşğul əhalinin 1.657.400 nəfəri kənd, meşəvə balıqçılıq təsərrüfatı sahəsində məşğul olub. 2012-ci ildə ÜDM-də kənd təsərrüfatı sektorunun payı 5.8% təşkil edib. Mütləq dəyər olaraq kənd təsərrüfatının ümumi istehsal həcmi artım göstərsə də, ÜDM-dəki çəkisi azalıb. Bu da aqrar sektordakı artımın iqtisadiyyatın ümumi artım tempindən aşağı olduğunu göstərir. Bununla belə, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisədə (inkişaf etmiş ölkələrdə anoloji göstərici 2%-dən aşağıdır) yüksəkdir.

Azərbaycanda sığorta sektorunun inkişafı ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə nisbətən aşağı səviyyədədir. Bu vəziyyət, sığorta şirkətlərini yeni bazar potensiallarını dəyərləndirməyə yönləndirməkdədir. Bunlardan biri də kənd təsərrüfatı sektorudur. Kənd təsərrüfatı sektorunda sığortaçılıq fəaliyyətlərinin arzu edilən səviyyədən çox aşağı olduğu bir reallıqdır. Halbuki son illərdə bu sahədə əldə edilən irəliləyişlər sığortaçılıq baxımından ciddi bir potensial yaratmışdır. Belə ki;

- Aqrar sektorda məşğul olan əhalinin sayı 1995-ci ildə 1,11 milyon nəfərdən 2011-ci ildə 1,66 milyon nəfərə yüksəlmişdir;

-Aqrarsektorda məşğul olan əhalinin orta aylıq nominal əmək haqqı 1995-2011-ci illərdə 20 dəfədən çox artmışdır (6,7 manatdan 196,4 manata);

- Bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı məhsullarının (bitkiçilik və heyvandarlıq) istehsalı 1995-ci ildə 726,8 milyon manatdan 2012-ci ildə 4,85 milyard manata yüksəlmişdir;

- Aqrar sektorda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 1995-ci ildə 4,5 milyon manatdan 2012-ci ildə 648,8 milyon manata yüksəlmişdir. İnvestisiyalar sadəcə mütləq dəyər olaraq artmamış, eyni zamanda müvafiq dövrdə ümumi investisiyalar içərisindəki xüsusi çəkisi də 1,9%-dən 4,2%-ə yüksəlmişdir.

- Aqrar sektor dövlət tərəfindən tarazlı regional inkişaf, sosial rifahın artımı, gəlirlərin ədalətli bölgüsü, ərzaq təhlükəsizliyi və s. baxımdan prioritet sahələrdən biri olaraq müəyyənləşdirilmişdir.

Qısaca, son illərdə kənd təsərrüfatı istehsalçılarının sığortaya ayıra biləcəkləri maliyyə vəsaitləri və əllərindəki sığorta edilə bilən əsas istehsal fondları, o cümlədən; aqrar məhsullar, maşın və avadanlıqlar, binalar, tikililər, ötürücü qurğular, nəqliyyat vasitələri, çoxillik əkmələr, işçilər, mal-qara və s. ciddi şəkildə artmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı sığortasının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi istifadə edilmir. Məsələn, AR Maliyyə Nazirliyinin məlumatlarına görə, dövlət büdcəsində bu məqsədlə 2006-cı ildə 172 000 manat, 2007-ci ildə isə 400 000 manat vəsaitin nəzərdə tutulmasına baxmayaraq, bu illər ərzində həmin vəsaitdən istifadə olunmamışdır. 2008-ci ildə isə, nəzərdə tutulan 550 000 manatlıq vəsaitin cəmi 7 800 manatı, 2009-cu ildə ayrılan 750 000 manat vəsaitin 50 000 manatı istifadə edilmişdir. 2010-cu və 2011-ci illər üçün aqrar sığorta məqsədilə dövlət büdcəsindən yenə 750 000 manat vəsait ayrılmışdır.

Kənd təsərrüfatı üçün ayrılan sığorta dəstəyindən cüzi istifadənin başlıca səbəbləri, dövlət dəstəyi ilə bağlı fermerlərin məlumatlılığının aşağı səviyyədə olması və bu sahədəki xidmətlərin, təbliğ və təşviqinin aşağı səviyyədə təşkil edilməsidir. Məsələn, 2012-ci ildə sığorta bazarında fəaliyyət göstərən şirkətlər tərəfindən kənd təsərrüfatı məhsullarının sığortası növü üzrə yığılmış sığorta haqlarının (1 047 130 manat) sığorta sektoru üzrə daxil olmuş ümumi sığorta haqlarındakı (342 519 350 manat) xüsusi çəkisi 0,31%-dir.

Kənd təsərrüfatı məhsullarının sığortasının faydaları

- Sığortanın kənd təsərrüfatı sektoruna faydaları

Kənd təsərrüfatı məhsulları istehsal vahidlərinin böyüməsi

Ölkədə kənd təsərrüfatı sahəsində ən böyük problemlərdən biri, istehsal vahidlərinin optimal ölçüdən çox kiçik olmasıdır. Hazırda kiçik torpaq və ya az sayda heyvan sahibliyi sektordakı məhsuldarlıq artımının önündəki başlıca maneələrdən biridir. Aqrar sahədə sığortaçılıq fəaliyyətinin geniş yayılması ilə bu problemin ortadan qalxması arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, böyük istehsal vahidlərinin sabit xərcləri azalacağına görə sığortaya ayıra biləcəkləri vəsaitlər artacaqdır. Bu vəziyyət sığortanı cəlbedici hala gətirəcəkdir. Eyni zamanda kənd təsərrüfatı məhsullarını sığorta etdirmək istəyən fermerlər məhsuldarlıq artımına nail olmaq üçün geniş miqyaslı istehsala yönəlmək məcburiyyətində qalacaqlar.

Azərbaycanda mövcud vəziyyət

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı qismində fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları çıxış edir. Hazırda sektorda istehsal edilən məhsulun təqribən 95%-i adı çəkilən təsərrüfatların üzərinə düşür.

Cədvəl 3. Kənd təsərrüfatı (bitkiçilik və heyvandarlıq) məhsullarının təsərrüfat kateqoriyaları üzrə strukturu (%)

İllər

1995

2000

2005

2009

2010

2011

Kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar

32.7

2.3

4.0

6.0

5.0

5.2

Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları

67.3

97.7

96.0

94.0

95.0

94.8

Mənbə: AR Dövlət Statistika Komitəsi.

Cədvəl 4-dən göründüyü kimi, Azərbaycanda fərdi sahibkar təsərrüfatlarının orta ölçüsü 10.2 hektardır. Bu göstərici, inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Belə ki, anoloji göstərici, ABŞ-da 180 ha, Avropa İttifaqında (Bolqarıstan və Rumıniya istisna olmaqla) 17 ha, o cümlədən, Çexiyada 84 ha, Böyük Britaniyada 55 ha, Danimarkada 54 ha, Lüksemburqda 53 ha, Fransada 45 ha, Almaniyada 44 ha, İsveç 42 ha, Finlandiya və İrlandiya 32 ha, Estoniya 30 ha, Belçika və Slovakiya 27 ha, Hollandiya 24 ha və nəhayət İspaniyada 22 ha-dır.

Cədvəl 4. Orta hesabla müəssisə və təsərrüfat başına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi (ha)

İllər

2000

2005

2008

2009

Kənd təsərrüfatı müəssisəsiləri

155.4

107.6

74.6

76.6

Fərdi sahibkar təsərrüfatları

9.4

8.4

9.3

10.2

Mənbə: AR Dövlət Statistika Komitəsi.

Say etibarı ilə şəhər əhalisinə nisbətən daha sürətlə artan kənd təsərrüfatı əhalisinin artımı, onsuz da kiçik olan torpaq sahələrinin miras və başqa yollarla bölünməsi ilə daha da kiçilir. Artan kənd təsərrüfatı əhalisinin başqa sektorlarda məşğulluq imkanlarının məhdud olması da bu nəticəni doğurur. Bu kiçik təsərrüfatlar da keçmişdən qalmış texnologiya, texnika və metodlarla məhsul istehsal edirlər ki, bunun özüdə rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Dolayısıyla ölkə potensial xarici valyuta qazanclarından məhrum olur. Eyni zamanda aqrar sahədəki gerilik sonradan sənayeyə istiqamətləndirilə biləcək kapital yığımını da əngəlləyir. Qısacası, aqrar sahədə kiçik və bölünmüş istehsal quruluşu aşağı məhsuldarlıq səviyyəsi, gəlirlərin ədalətsiz bölgüsü və ictimai inkişaf dinamikasının yetərsiz səviyyədə qalması ilə xarakterizə olur.

Aqrar sektorda ümumi uçot sisteminin qurulması

Hazırda kənd təsərrüfatı istehsalında mühasibatlıq və profilaktik tədbirlərin uçot sisteminin tətbiqi lazımi səviyyədə deyil. Bu problemin həllində sığorta ciddi rol oynaya bilər. Belə ki, aqrar məhsulların sığortalanması zamanı sığorta şirkətləri risklərin düzgün qiymətləndirilməsi baxımından dəqiq uçot sisteminin aparılmasını tələb edirlər. Bu tələb baş verən sığorta hadisələrinin səbəbini doğru müəyyənləşdirmək baxımından da vacibdir.

Sektorda professionallaşma səviyyəsinin yüksəlməsi

Kənd təsərrüfatında professionallaşma səviyyəsi olduqca aşağıdır. Sığorta aqrar sektorda baytarlıq, aqronomluq, aqrotexniklik və s. xidmətlərin istifadəsinin geniş yayılmasını stimullaşdıra bilər. Çünkü həm kənd təsərrüfatı məhsullarının sığortalanması, həm də baş verən sığorta hadisələrinin tənzimlənməsi zamanı adı çəkilən xidmətlərə ciddi tələb yaranacaqdır.

- Dövlət büdcəsinə düşən yükün azalması

Kənd təsərrüfatı sektorunda sığortaçılıq fəaliyyətinin genişlənməsi, katastrofik hallarda dövlətin vətəndaşlara dəyən zərərlərə görə ödədiyi kompensasiya ödənişlərinin məbləğini də azaldacaqdır. Bu yolla büdcə vəsaitlərinə qənaət edilər və bu vəsaitlər digər əhəmiyyətli sahələrə istiqamətləndirilə bilər.

- Sığortanın fermerə faydası

Banklar kredit qarşılığında fermerlərdən əmlakını girov qoymağı tələb edirlər. Bu tələb, xüsusilə əmlakın paytaxtda olması ilə bağlı olduqda, fermer üçün böyük çətinlik yaradır. Bu isə, fermerin kredit almaq şansını azaldır. Aqrar sığorta zamanı bu problem ortadan qalxa və fermer ehtiyacı olan krediti əldə edə bilər.

Həmçinin hadisə zamanı, məhsulunu itirən fermer, eyni zamanda banka təminat olaraq girov qoyduğu əmlakını da itirmək təhlükəsi ilə qarşılaşacaq. Halbuki, kənd təsərrüfatı məhsullarının sığortası zamanı əmlak fermerin mülkiyyətində qalacaqdır.

- Kənd təsərrüfatı məhsullarının sığortasının kreditora faydası

Sığortanın kreditlər üzrə orta faiz dərəcələrini aşağı salması

Azərbaycanda kənd təsərrüfatı sektorunun ehtiyac duyduğu kreditlərin həcmi təxminən 1 milyard ABŞ dolları səviyyəsindədir. Hazırda aqrar sektor bu məbləğin cəmi 15-20%-ini əldə edir. Bunun ən böyük səbəbi, aqrar sektorun çox riskli olması səbəbilə bankların verdikləri kreditlər qarşılığında yüksək təminatlar (girovlar) tələb etmələridir.

Banklar haqlı olaraq təminatsız kredit verməkdən çəkinirlər. Çünkü təminatsız kreditlərin problemli kreditə çevrilmə ehtimalı çox yüksəkdir. 2013-cü ilin 9 ayı ərzində, vaxtı keçmiş (zamanında ödənilməyən, problemli) kreditlərin həcmi bankların ümumi kredit portfelinin 5,4%-inə (795 milyon manat) çatmışdır.(Mənbə: AR Mərkəzi Bankı) Cədvəl 5-dən də göründüyü kimi, bu vəziyyət kreditlər üzrə orta faiz dərəcəsinin minimum 6,5-7,5% bahalaşması deməkdir.

Cədvəl 5. Problemli kreditlərin kredit faizlərinə təsiri

Problemli kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi

Bankların əldə etmək istədiyi nominal faiz gəliri səviyyəsi

15%

20%

25%

30%

1,00%

16,16

21,21

26,26

31,31

2,00%

17,35

22,45

27,55

32,65

3,00%

18,56

23,71

28,87

34,02

4,00%

19,79

25,00

30,21

35,42

5,00%

21,05

26,32

31,58

36,84

5,40%

21,56

26,85

32,14

37,42

6,00%

22,34

27,66

32,98

38,30

6,50%

22,99

28,34

33,69

39,04

7,00%

23,66

29,03

34,41

39,78

7,50%

24,32

29,73

35,14

40,54

8,00%

25,00

30,43

35,87

41,30

8,50%

25,68

31,15

36,61

42,08

9,00%

26,37

31,87

37,36

42,86

9,50%

27,07

32,60

38,12

43,65

10,00%

27,78

33,33

38,89

44,44

Bu baxımdan, kənd təsərrüfatı məhsullarının sığortalanması, aqrar sektorla bağlı problemli kreditlərin həcmini qismən azalda bilər. Bu isə, fermerlərin kreditləri daha aşağı faizlə əldə etməsi deməkdir. Kredit faizlərinin aşağı düşməsi, fermerlərin sığortaya ayıra biləcəkləri maddi vəsaitlərin də artmasına səbəb olacaqdır.

Ekstensiv böyümə

Kənd təsərrüfatı məhsullarının sığortası, kredit qarşılığında banka girov qoya biləcəyi əmlaka sahib olmayan fermerlərin də bankın müştərisi olmasına səbəb ola bilər. Bu hal banklar üçün potensial müştəri portfelinin (bazasının) genişlənməsi mənasına gəlir.

Yüksək likvidlik dərəcəsi

Fermer kreditini ödəyə bilmədiyi zaman, əmlakla bağlı sərəncam hüququ banka keçir. Əgər əmlak regionda yerləşirsə, bu zaman likvidlik səviyyəsi xüsusilə aşağı səviyyədə olur. Qısaca, bank əlindəki girov əmlakı satmaqda çətinliklərlə qarşılaşır. Lakin kənd təsərrüfatı məhsulları sığortalanarsa, sığorta hadisəsi baş verdikdə kredit təşkilatı debitor borcunu sığorta şirkətindən alacaq və girov əmlakı satmaq prosedurasından qurtulacaq.

(Ardı var)