ANALİTİKA

01 Yanvar
3

Sığorta fırıldaqları tarixi-3

Sığorta ilə bağlı fırıldaqlar, demək olar ki, sığortanın özü ilə birlikdə yaranıb. Artıq neçə əsrlərdir ki, fırıldaqçılar sığortadan varlanmaq üçün istifadə etməyə çalışırlar. Sığorta dələduzluğu dünyada ən çox yayılmış və ən gəlirli cinayət növü sayılır. Bəziləri buna nail olur, amma əksər hallarda işin üstü açılır. Fins.az dünyada sığorta fırıldaqlarının tarixini təqdim edir.

(Əvvəli: http://fins.az/node/148#.UoIyMfmSKaQhttp://fins.az/node/176#.Uo8R6RqSKaQ )

Brayton-Biç fırıldağı

XX əsrin ikinci yarısında sığorta fırıldaqlarının yeni növləri yaranmağa başladı, hərçənd ki, köhnə növlərindən də istifadə edilirdi. 1970-ci ilin ortalarında ABŞ-da sığorta ilə bağlı qanlı cinayətlər baş verirdi. Özü də qan insan qanı deyildi.

1981-ci ildə Floridada çox zəngin bir ailədən olan 17 yaşlı Liza Drak adlı qız yaşayırdı. O, çox sevdiyi “Qırğı Henri” ləqəbli qaçış atı ilə birlikdə çoxlu uğurlar əldə etmişdi. Yeniyetmənin meneceri, həm də atın sahibi Lizanın öz atası Ceyms Drak idi. Drak hüquqşunas idi və sığorta şirkətlərinə müştərilərə sığorta ödənişini verməkdən imtina etməyə kömək edirdi. Lakin Ceymsə gözlənilmədən böyük məbləğdə pul lazım olur. Ona görə də o, Henrini satmaq qərarına gəlir. Ceyms ata görə 150 min dollar almağı düşünürdü, ancaq ona 125 min dollardan yuxarı təklif gəlmirdi. Onda o, öz atını arzuladığı məbləğə sığortaladı və planını həyata keçirəcək insan axtarışına başladı. Hüquqşünas Tommi Berns adlı pul üçün hər şeyə hazır birini tapır. Drak Bernsə elektrik boşaldıcısı verir və ondan istifadə qaydalarını öyrədir. Berns Henrini cərəyanla öldürür, amma sığorta şirkətinin agentləri atın öz əcəliylə öldüyünü düşünür. Bununla da Drak öz pulunu alır, Berns isə “Qum adamı” ləqəbini alır və cins atların öldürülməsində “peşəkar”laşır. Berns adətən bir atın ölüdürülməsinə görə ümumi sığorta ödənişinin 10%-ni, yəni təqribən 5–40 min dollar arası pul alırdı. Sifarişlər də çox idi, çünki at sahibləri heç də həmişə atlarının nəticələrindən razı qalmırdılar. Bəzən atın qalib gələcəyini gözləməkdənsə, onu bu üsulla öldürüb sığorta ödənişi almaq daha real və asan idi. Bəzən atların baha qiymətə alırdılar və bu məbləği geri qaytarmağın yeganə üsulu Berns və ya onun həmkarlarından biri ilə sövdələşmək idi.

1989-cu ildə tanınmış atçı Baddi Braun və onun həyat yoldaşı Donna öz Stritvays ləqəbli atlarını öldürmək üçün Bernslə razılığa gəlirlər. Bu dəfə Berns atın ayaqlarını şikəst etməliydi, lakin uzun müddətdir ki onun izinə düşən polis Stritvays ölən kimi dərhal Bernsi həbs edir. O, əlbir olduğu adamların haısının adını polisə deyir. Onun ifadəsi nəticəsində 35 nəfərə hökm oxunur, o isə yalnız 1 il müddətinə azadlıqdan məhrum olur. Ceyms Drak o vaxt artıq öldüyünə görə təbii ki cəza almır. 1970-ci illərin ortalarından bu yana yüzə yaxın at öldürülmüşdü. Onların çoxu isə tövlə ilə birgə yandırılmışdı ki, sığortadan həm də yanmış əmlaka görə əlavə pul alsınlar.
Bu müddətdə ABŞ-da sığorta işi elə bir həddə gəlir ki, sığorta fırıldaqlarının baş verməməsi mümkün olmur. 1965-ci ildə 65 və daha yuxarı yaşlılar və ağır xəstəlikdən əziyyət çəkənlər üçün nəzərdə tutulmuş Medicare adlı tibbi sığorta növü tətbiq olunmağa başlayır. Qocalar tibbi xidmət alırdılar, xəstəxanalar isə sığorta polislərinin nömrələrini dövlətə təqdim edərək onlardan pullarını alırdılar. Sistem sığorta dələduzları üçün ideal idi. İlk illərdə Medicare hesabına vicdansız həkimlər varlanmağa başladılar. Bunun üçün onlar sadəcə hər hansı bir xəstənin müayinə və müalicə olunduqları barədə yalan məlumat verməkləri kifayət edirdi. Artıq 80-ci illərin ortalarından ABŞda iri cinayətkar dəstələr fəaliyyət göstərməyə başladı. Bu biznesdə SSRİ-dən gəlmə immiqrantlar üstünlük təşkil edirdilər.
Medicare ilə bağlı iri dələduzluqlardan biri Kaliforniyada məskunlaşmış David və Mixail Smuşkeviç qardaşlarına aid idi. 80-ci illərin ortalarından başlayaraq onlar yüzə yaxın “səyyar laboratoriya” şəbəkəsi yaratdılar. Saxta laboratoriyalarda qocalara sığorta polislərinin nömrələri müqabilində pulsuz tibbi müayinə təklif olunurdu. Təqaüdçüləri müayinə edərək onlara bir neçə əhəmiyyətsiz məsləhətlər verirdilər, xəstələrin şəxsi məlumatlarını isə Smuşkeviç qardaşlarına ötürürdülər. Daha sonra fırıldaqçılar “xəyali xəstə”lərin müalicəsi üçün gərəkən vəsaiti yalançı həkimlər vasitəsilə rəsmiləşdirirdilər. Bu üsulla Smuşkeviç qardaşları ümumilikdə 50-80 milyon dollar qazandılar. Onlar bu pulu “naməlum ölkə”yə köçürdülər və o pulların yerini tapmaq mümkün olmadı. Qardaşlar isə 1991-ci ildə həbs olundular. Mixail 22 illik, David isə sadəcə 41 aylıq həbs cəzası aldı.
1996-cı ildə Pzo ləqəbli erməni “qanuni oğru”Armen Kazaryan Rusiyadan ABŞ-a köçür. 2010-cu ildə Kazaryan və onun 72 ortağına qarşı tibbi sığortada o zaman üçün ən iri dələduzluq iddiası qaldırılır. Fırıldaqçılar bir neçə min amerikalının şəxsi məlumatlarını oğurlayaraq yalançı həkimlər və klinikalar adından “xəstə”lərin müalicəsi üçün pul tələb edirdilər. Cinayətkarlar bunun hesabına 163 milyon dollar əldə etsılər də, Kazaryan cinayətə görə cəmi 37 aylıq həbs cəzası aldı.
90-cı illərdə avtomobil fırıldaqçılığı məşhurlaşmağa başladı. Dələduzlar qəsdən qəza vəziyyəti yaradırdılar, daha sonra isə aldıqları xəsarətin müqabilində sığorta şirkətlərindən pul tələb edirdilər. Bu, çox təhlükəli iş idi, çünki, bəzən belə qəzalar nəticəsində zərərçəkmişlər, eləcə də dələduzların özləri həyatlarını itirirdilər. Lakin vaxt keçdikcə fırıldaqçılar bu qəzaları Smuşkeviç qardaşlarının etdikləri fırıldaqlarla birləşdirmək qərarına gəlirlər. 2000-ci ilin ortalarında Ukraynadan ABŞ-a köçən Mixail Zemlyanskiy fəaliyyət göstəməyə başladı. Ona Rus Maykı ləqəbini vermişdilər. O, ilk öncə poker üzrə peşəkar oyunçu kimi pul qazanmağa başlasa da, daha sonra daha rahat yolla varlana biləcəyini anladı. Zemlyanskiy Nyu-Yorkda 10 nəfər diplomlu həkim, 3 hüquqşunas və “təcili yardım ovçu”larından ibarət cinayətkar dəstə formalaşdırır. Qeyd olunan “ovçu”ların əsas işi yol nəqliyyat hadisələrinin baş verdiyi ərazilərə vaxtında yetişərək orada xəsarət alanları lazım olan xəstəxanaya və lazım olan həkimə yönləndirməkdən ibarət idi. Lazımi həkimlər isə öz növbəsində xəstələrə saxta diaqnoz təyin edərək onlara əhəmiyyətsiz müalicə prosedurları yazırdılar və sığorta şirkətlərindən pul qoparırdılar. Fırıldaqçılar 113 milyon dollar qazanmışdılar, lakin 2012-ci ildə onların fırıldaqlarının üstü açılır. Hal-hazırda onları məhkəmə gözləyir.
ABŞ-da satqın tibb işçilərinin iştirakı ilə baş verən cinayət hadisələrini “Brayton Biç” fırıldaqları adlandırmağa başlayırlar. Çünki bu tip cinayətlərin arxasında çox zaman keçmiş MDB ölkələrindən gələnlər üstünlük təşkil edirdi. Lakin bu tip sığorta fırıldağına görə ən böyük cəzanı amerikalı Şolam Vays alır. Bu Nyu-Yorklu ravvin 1996-cı ildə National Heritage sığorta şirkətinə rəhbərlik etməyə başlayır. Rəhbər vəzifəsinə gəlməyə ona şirkətin hüquqşünası Maykl Blyutriç kömək edir. Əslində Vays ciddi iş adamları və hüquqşünasların da əlbir olduğu böyük bir dəstənin bir hissəsi idi. Dələduzlar bir neçə ilə National Heritage şirkətinin fondundan 450 milyon dollara qədər pul oğurlayırlar. Belə vəziyyət alınır ki, sığorta şirkətini aldatmağın ən uğurlu yolu onun rəhbərliyinə keçmək olur. 2000-ci ildə Vays 845 illik həbs cəzası alır.

(Ardı var)