ANALİTİKA

01 Yanvar
5

Sığorta fırıldaqları tarixi-2

Sığorta ilə bağlı fırıldaqlar, demək olar ki, sığortanın özü ilə birlikdə yaranıb. Artıq neçə əsrlərdir ki, fırıldaqçılar sığortadan varlanmaq üçün istifadə etməyə çalışırlar. Sığorta dələduzluğu dünyada ən çox yayılmış və ən gəlirli cinayət növü sayılır. Bəziləri buna nail olur, amma əksər hallarda işin üstü açılır. Fins.az dünyada sığorta fırıldaqlarının tarixini təqdim edir.
(Əvvəli http://fins.az/node/148#.UoIyMfmSKaQ)

Dəmir Mayk
XIX əsrdən başlayaraq, sığorta təkcə varlı tacirlərə və gəmi sahiblərinə deyil, həmçinin orta təbəqədən olan insanlar üçün də əlçatan oldu. Həmin dövrün ən populyar sığorta növü yanğından sığorta idi, ona görə də fırıldaqçılar əsasən öz əmlaklarını yandırmaqla sığorta şirkətindən pul almağa çalışırdılar. Bina və mağaza yanğınları daha çox ABŞ-da baş verirdi, çünki buradakı sığorta şirkətləri bir-birilə fəal rəqabətdə idilər. Onlar “müştərilərini aldadan şirkət” damğasını almamaq üçün şübhəli yanğına görə ödəniş etməyi daha üstün tuturdular. Bunun axırı yaxşı olmadı. Belə ki, əmlak sahibləri bilərəkdən yanğın təhlükəsizliyi barədə düşünmək əvəzinə sığorta ödənişləri barədə düşünməyi daha üstün tuturdular.
Həyat sığortası sistemi isə dələduzlar üçün geniş imkanlar yaradırdı. Hər bir sığorta agenti potensial müştərisinə onun yaşı, sağlamlıq durumu haqqında suallar verməyə borclu idi. Müştərinin keçmişdə və hazırda hansı xəstəliklər keçirdiyini, qohumlarının hansı yaşda vəfat etdiklərini və s. öyrənmək mütləq idi. Yaşlıları və xəstələri adətən sığortalamırdılar. Ona görə də çoxları öz yaşı və sağlamlığı barədə yalan danışırdı, bu isə, sığorta agentinin ancaq ürəyincə idi. Çünki xəstə və yaşlıları 10 yaş cavan kimi qələmə verib sığortalamaqdan asan heç nə yox idi. Sığorta şirkətləri bu hərəkətlərin qarşısını almaq üçün şahid qismində ixtisaslı həkimlərin köməyindən istifadə etməyə başladılar.
Sığorta dələduzluğunun digər populyar növü ölüm hadisələrinin uydurulması idi (əsas etibarilə öz ölümünün). Bununla bağlı hətta yeni – “qəbirstanlıq sığortası” termini yaranmışdı. Adətən dələduzlar qəbirdən təzəcə ölmüş adamın cəsədini çıxararaq sığorta şirkətlərinə onların mərhum müştərisi adıyla təqdim edirdilər. Burada adətən həyat yoldaşının ölümündən pərişan olan dul, “mərhum”un dostları, bəzən isə ağlayan övladları iştirak edirdilər. Bir çox dələduzlar üçün “öz dəfninə” gəlib məzara bir ovuc torpaq atmaq hətta şərəf idi.
Sığortaçılar bu hiyləni başa düşdüklərindən belə şübhəli hadisələr məhkəmə tərəfindən çox vaxt rədd olunurdu. Lakin bəzən vicdanlı insanlar da bunun qurbanı olurdu. 1879-cu ildə Kanzas ştatından olan Con Hillmon adlı bir fermer öz həyatını üç sığorta şirkətində 25 min dollar məbləğində sığortalamış və ortağı ilə birlikdə qoyun ferması üçün münasib yer axtarmağa yollanmışdı. Günlərin birində ortağı Hillmanı təsadüfən güllə ilə vurduğunu xəbər verdi. Hillmonun cəsədi həkim tərəfindən müayinə olundu və hətta dəfndən öncə şəkilləri də çəkildi. Lakin sığorta şirkəti mərhumun həyat yoldaşı Salli Hillmona sığorta ödənişi etməkdən imtina etdi. Sığorta şirkəti hesab edirdi ki, ölüm hadisəsi uydurulub. Belə ki, sağ olduğu vax Hillmonun boyunun hazırkı cəsədin boyundan 5 sm daha hündür, dişlərininsə cəsədinkindən fərqli olaraq çürük olduğunu iddia edən şahidlər də tapıldı. Con Hillmonu dəfndən sonra sağ-salamat görənlərin olduğu barədə məlumatlar da yayılmışdı. Bununla bağlı məhkəmə işi fasilələrlə 10 ildən çox, yəni 1890-cı ilədək uzadıldı, lakin sonda Salli Hillmon öz pullarını ala bildi. Yeri gəlmişkən, müasir kriminalistlər də Con Hillmonun həyatda ikən olan şəkillərinin məlum cəsədlə müqayisə edərək cəsədin həqiqətən də Hillmona məxsus olduğu və 1879-da öldüyünü təsdiqləyiblər.
Bəzən isə "uydurma ölülər" yaradıcılıq möcüzələri nümayiş etdirirdilər. 1924-cü ilin iyul ayında Cənubi Kaliforniya sahillərində “Katalina Flayer” adlı gəzinti gəmisində bədbəxt hadisə baş verdi. Sərnişinlər əvvəlcə bərk guruldu eşitdilər, daha sonra isə bir qadın qışqıra-qışqıra həyat yoldaşının dənizə düşdüyünü dedi. Hadisə yerinə tələsən sərnişinlər göyərtədə Los Ancelesli Con Dekster Uilinin şlyapasını gördülər, Conun özü isə görünmürdü. Sərnişinlərdən kimsə boğulanın dalınca suya tullanmağa cəhd etmək istəyirdi, lakin gəmi kapitanı Jozef Makafi qəzəblə dedi: “Ağlınıza belə gətirməyin, mister, dəniz köpək balıqlarıyla doludu”.
Əslində isə Con Uili sağ-salamat idi. O, öz həyatını 20 min dollar məbləğində sığortalayıb, öz həyat yoldaşı Nelli və iki dostu – Corc və Hyuzla əlbir olub bədbəxt hadisəni səhnələşdirmişdilər. Con Uili hüquqşunas idi, üstəlik, sığorta şirkətləriylə əməkdaşlıq edirdi, ona görə də dələduzlar nə etdiklərini yaxşı bilirdilər. Fırıldaqçılar kapitan Makafiyə 2 min dollar təklif edərək öz tərəflərinə çəkmişdilər, o isə öz növbəsində məsələyə gəminin zabit heyətini cəlb etmişdi. Təyin olunmuş vaxtda zabitlər sərnişinlərin diqqətini yayındıraraq Uiliyə gizlənmək imkanı yaratdılar. Bu vaxt fırıldaqçılardan biri dənizə iki ağır kreslo atdılar, buna görə də insanlar gurultu səsi eşitmişdilər. Lakin zabitlərdən birinin polisə xəbər verməsi bütün planı məhv etdi. Corc və Uili San-Fransiskoya qaçmaq üçün avtomobilə minməyə hazırlaşarkən saxlanıldılar. Bütün komanda məhkəmə qarşısında cavab verdi.
Lakin bütün fırıldaqlar bunun qədər zərərsiz deyildi. 1933-cü ilin qışında Nyu-Yorkda gizli içki meyxananın sahibi Toni Mario bir nəfəri qətlə yetirmədən “öldürmək”qərarına gəlir. O, sadəcə 60 yaşlı evsiz əyyaş Mayk Malloya müəssisəsindəki içkilərdən pulsuz istifadə etmək imkanı verdi və daha sonra onun həyatını 3,5 min dollar məbləğində (indiki kursla 61 min dollar) sığortaladı. Meyxana sahibi elə hesab edirdi ki, Malloy tezliklə içkiyə qurşanacaq və bir gün hansısa hasarın dibində öləcək. Səfil hər gün içməyə davam edirdi, lakin ölüm ona yaxın belə gəlmirdi. Bu zaman Marino işə avara dostlarını – Jozef Mörfi, Frensis Paskua, Herşi Qrina və Deniel Krisberqi cəlb etmək qərarına gəldi. Cinayətkarlar Malloyu içinə antifriz qatılmış viskiyə qonaq etdilər, lakin yenə də ona heç nə olmadı. Daha sonra Malloyun içkisinə mütəmadi olaraq zəhərli maddələr, hətta siçan zəhəri belə qatıb verdilər, lakin o, hələ də sağ idi. Cinayətkarlar artıq öz aralarında onu Dəmir Mayk adlandırırdılar. Onlar Maykı bu dəfə də ağlını itirəcək qədər içirtdilər və onu gecələməkçün çölə atdılar. Çöldə mənfi 26 dərəcə şaxta var idi, lakin o, səhər yenə də Marinonun yanına qayıtdı və yenə içki istədi. Bir neçə həftə sonra inadkar qatillər Maykı avtomobillə vurdular və ölümünə əmin olduqları üçün sığorta şirkətinə ödəniş almaq üçün getdilər. Bu dəfə də Maykın ölmədiyini və xəstəxanada müalicə olunduğunu öyrəndilər. Qatillərin səbri tükəndi. Onlar Malloyun ağzına qaz borusu saldılar və dəm qazıyla zəhərlədilər. Dəmir Mayk öldü, cinayətkarlar da faydalanan şəxs kimi sığorta ödənişini aldılar. Lakin onlar hər yerdə Maykı necə öldürdükləri barədə danışıb lovğalanmağa başladılar. Sonda onları həbs elədilər. İstintaqa kömək edən Qrini uzunmüddətli həbs aldı, digərləri isə isə elektrik stulunda əyləşdilər.

(Ardı var)