ANALİTİKA

01 Yanvar
3

Səyahət sığortası köməyimizə çatırmı? - ARAŞDIRMA

Xaricə səyahət edən Azərbaycan turistlərinin ən çox məruz qaldığı sığorta hadisələri əyləncə zamanı zədələnməsi və əşyalarını itirmələridir. Xüsusilə akvaparklarda alınan zədələr və onların müalicəsi, xəstənin Azərbaycana gətirilməsi həmyerlilərimizin səyahət zamanı ən çox üzləşdiyi bədbəxt hadisələrdir.

Turistlərin 90-95%-i sığortalanır

Əvvəla, qeyd edək ki, xaricə səyahət edənlərin əksəriyyəti - 90-95%-i sığortalanır. Bu barədə fins.az-a "R&R Travel" şirkətinin rəhbəri Rüstəm Əhmədov bildirib. Bunun 60-70%-də sığorta avtomatik alınır, 25-30%-də isə müştərinin istəyi ilə təqdim edilir. Adətən Azərbaycan vətəndaşları İran , Türkiyə (İstanbul və s), Gürcüstan və MDB ölkələrinə gedəndə səyahət sığortası almağa maraq göstərmirlər.

Əvəzində Şengen ölkələrinə, ABŞ-a gedənlərin həmişə sığortası olur, çünki bunu səfirlik tələb edir - bunsuz viza verilmir. Özü də bu ölkələr üzrə sığorta turistin səfər müddətindən 2-4 gün artıq olmalıdır. Məsələn, 10 gün səyahət edəcəksə, 14 günlük sığorta almalıdır, 2 gün əvvəldən, 2 gün də sonradan.

Sığorta qiymətləri - ölkədən və peşədən asılıdır

Səyahətin özünün xərclərini nəzərə alanda səyahət sığortasının xərcləri qəpik quruşdur. Ümumiyyətlə, sığortaların qiymətləri sığorta şirkətləri tərəfindən ilk növbədə zonalar üzrə müəyyənləşir. Bu mənada ölkələr bir neçə qruplara bölünüb - Avropa regionu, MDB, Baltikyanı ölkələr, Türkiyə, Kipr, İsrail, Misir, BƏƏ, Tunis və s. bağqa ölkələr üzrə qiymətlər fərqlənir.

Bundan əlavə sığorta haqları turistlərin hansı risk qruplarına aid olmalarından asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxlərə (məsələn şaxtada, tikintidə və s.-də işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri böyük olduğuna görə, sığortaya görə də daha çox pul ödəyirlər.

Hər günə 49 qəpik sığorta haqqı

Sığorta haqları səyahətin müddətindən asılı olaraq da dəyişir. Məsələn, 5 günlük səfər üçün 5000 dollarlıq və ya avroluq sığorta sığortası 4,7 dollar və ya 4,7 avrodur. sığorta ödənişi 30 minə (dollar və ya avro) qalxdıqda, sığorta haqqı da 7,1 dollar və ya avro olur. Məbləğ 75 minə qalxanda sığorta haqqı 9,5 olur və s.

Səyahət müddəti artdıqca, sığorta haqları da artır. Məsələn, 1 aylıq (30 günlük) səyahət üçün sığorta haqqı 5 günlük səyahətə nisbətən 3 dəfə baha olur. 1 aylıq səyahət üçün 5 minlik sığorta 14,7 dollara başa gəlir. Orta hesabla belə səyahət üçün 5 min dollara sığortalanan vətəndaş səyahətinin hər günü üçün sığortaya 49 qəpik ödəyir. 75 minlik sığortada isə bu qiymət 99 qəpiyə qalxır. Turistlər yuxarıda qeyd olunan risk qruplarına aid olduqda isə qiymətlər təqribən 15-20% artıq olur.

Səyahət sığortası zamanı franşizalar adətən 50 manat (dollar, avro) həcmində olur. Bu məbləğə qədər sığorta predmetinə aid olan xərcləri turist özü ödəyir - məsələn 25 dollarlıq dərman alınıbsa, xərcini turist çəkir. Amma 50 manadan yuxarı xərclərə görə sığorta şirkəti məsuliyyət daşıyır.

Səyahət zamanı akvaparklardan qorunun

Səyahət zamanı Azərbaycanlı turistlərin ən çox üzləşdiyi hadisələr yıxılaraq hansısa ətrafını sındırması və əşyalarını itirməsidir. R.Əhmədovun sözlərinə görə, yıxılma halları ən çox əyləncə zamanı akva-parklarda sürüşərkən baş verir. Əşyaların itirilməsi də geniş yayılıb - adamlar yüklərini əsasən aeroportlarda itirirlər. Bundan əlavə səyahət zamanı yol qəzaları, iqlim və qidalanma zəhərlənmələri, allergik qida və ya günəş faktorları da baş verir.

Müqavilələri diqqətlə oxumaq lazımdır

Səyahət sığortası ilə bağlı turistlərin ən çox rastlaşdığı problemlər ümumiyyətlə, sığorta müqaviləsi bağlayanda başlayır. Bəzi sığorta şirkətləri şərtləri müqavilənin şərtlərini elə kiçik şriftlərlə yazırlar ki, müştərilərin çoxu bunu sadəcə oxuya bilmir, nəticədə dərhal imzalayırlar. Bundan başqa, müqavilələrdə ortaya çıxa biləcək sığorta halları ilə bağlı problemlər axıradək izah olunmur. Məsələn, bəzi sığota şirkətlərinin təqdim etdiyi müqavilələrdə səyahətin ləğv edilməsi halından sığorta da nəzərdə tutulur. Amma burada göstərilmir ki, bu hal hansı səbəbindən baş versə, sığorta qüvvəyə minir. Ona görə də, müştərilər sığopta müqaviləsini imzalayanda onu hökmən dəqiqləşdirməlidirlər ki, hansı hallar sığorta hadisəsi sayılır.

Çünki sığorta şirkətləriin öz öhdəliklərini yerinə yetirməsi bu müqavilələrdən çox asılıdır. Belə ki, müqavilədə nəzərə alınmayan istənilən detal sığorta ödənişinin verilməməsi ilə nəticələnə bilər.

Qaynar xəttə zəng çatmayanda...

Bəzi sığorta şirkətlərinin müqavilələrində qeyd olur ki, şirkətin servis mərəzi ilə razılaşdırılmayan tibbi xərclər sığorta şirkəti tərəfindən ödənilməyəcək. R.Əhmədovun sözlərinə görə, sonradan belə şirkətlər vətəndaşların SOS qaynar xətt nömrələrinə müraciət etməməsini əsas gətirərək, bundan faydalanır və ödənişdən imtina edirlər. Yəni vətəndaşın məlumatsızlığından sui-istifadə edirlər: "Məsələn bu yaxınlarda Türkiyəyə səfər edən bir şəxsin uşağı ayağını sındırmışdı, adam 5 dəfə qips dəyişmək üşün taksi və digər xidmətlərdən istifadə edib, klinikaya pul ödəyib və bütün xərclərinin qəbzləri əlində olsa da, sığorta şirkəti pulu verməkdən imtina edir ki, sən gərək həmin vaxt bizim qaynar xəttdə zəng edəydin. Halbuki turist səyahət sığortasını klinikaya təqdim etmişdi. Amma həkimlər bildirib ki, qaynar xətt cavab vermir. Ona təklif ediblər ki, ya belə vəziyyətdə sığorta nümayəndəsindən cavab gələnə qədər gözləyin, ya da ödəniş edin müalicəyə başlayaq. Adam ödənişlərini edib, indi isə sığorta pulunu ala bilmir".

Zəng çatmasa da, ödənişləri edənlər var

Amma R.Əhmədovun sözlərinə görə, bəzi şirkətlər də var ki, vətəndaşın hətta qaynar xəttə zəng etməyibsə belə, əlindəki faktiki ödəniş qəbzlərinə əsasən kompensasiyaları ödəyir. Yəni bu şirkətlərin nüfuzundan və etibarlılığından asılıdır: "Məsələn, elə bu mövsüm, turistlərdən biri Türkiyədə sürüşmə nəticəsində kəllə beyin zədəsi almışdı, Beynəlxalq Sığorta Şirkəti yetirib. Oxşar zədə alan digər turistin müalicə xərcini AXA Mbask da tamamilə ödəyib".

Bundan başqa, bu mövsüm Türkiyədə oteldə liftin trosunun qırılması nəticəsində Azərbaycan vətəndaşı olan qadının ayaqları sınıb. Sığorta şirkəti onun müalicə xərclərini dərhal ödəyib.

Azərbaycanda səfər sığortası olacaq

Yeri gəlmişkən, qanunvericiliyə edilən dəyişikliklərdə yaxın vaxtlarda Azərbaycanda səfər sığortası sinfi yaradılacaq. Bu, "Sığorta fəaliyyəti haqqında" Qanuna təklif edilən və Milli Məclisin qəbul etdiyi əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Səfər sığortası sığorta olunanın ölkə daxilində və xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar yaranan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutacaq.

Qeyd edək ki, indiyədək Azərbaycanda səfər sığortası sinfi yox idi. Doğrudur, xaricə səfərə gedənlər səyahət sığortası üzrə sığortalanırdı, amma bu sığorta müştərini yalnız səyahət zamanı sağlamlığına dəyən zərərdən sığortalayırdı və faktiki olaraq tibbi sığorta idi. Halbuki səyahət zamanı müştərilər başqa hallarla da rastlaşa bilərlər. Məsələn, müştəri oteldə şüşəni sındıra, hər hansı əşyanı korlaya bilər və s. indiyədək belə hallardan sığorta demək olar ki, nəzərdə tutulmurdu. Bu mənada yeni tətbiq olunan səfər sığortası daha geniş riskləri, məsələn müştərinin yükünün və ya sənədinin itirilməsindən və ya korlanmasından tutmuş, başqalarına vurduğu zərərə görə ortaya çıxan xərcləri əhatə edir.