ANALİTİKA

01 Yanvar
1

Mallarınızı sığortalamısınız?

Fins.az ticarət obyektlərində malların sığortalanması şərtlərini və qiymətlərini təqdim edir. Bir neçə gün əvvəl Sumqayıtdakı "Karvan" ticarət mərkəzində baş verən yanğın və onun nəticəsində onlarla sahibkara böyük zərər dəyməsi iş adamlarına sığortanın vacibliyini bir daha xatırlatdı.

Böyük risklərdən qoruyan kiçik məbləğ

"Karvan" Tm-də baş verən hadisə göstərdi ki, vaxtında ehtiyat tədbirləri görülməsə, sahibkar bir anda böyük zərərə düşə bilər. Bunlardan çıxış yolu isə təbii ki, sığortadır. Azərbayanın sığorta şirkətləri sahibkarlara öz bizneslərini müxtəlif risklərdən sığortalamaq üçün xidmətlər göstərirlər. O cümlədən, hər hansı obyekti icarəyə götürüb, burada ticarətlə məşğul olan iş adamları da satdığı malları belə hadisələrdən, məsələn yanğından sığortalaya bilərlər. Cüzi bir məbləğ (malın dəyəri ilə müqayisədə) ödəməklə alınan sığorta sahibkarları bəzən bütün bizneslərinin batmasından sığortalaya bilər.

Amma sığorta şirkətlərinin də öz şərtləri var. Bu dəfə fins.az malların sığortalanması ilə bağlı sığorta şirkətlərinin şərtləri və sığorta tariflərini təqdim edir.

Hansı obyektləri sığortalamırlar?

Əvvəla, sığorta şirkətləri heç də bütün obyektlərdəki malları sığortalamırlar. Sığorta şirkətlərinin əksəriyəti obyekti və ya ordakı malları sığortalamazdan əvvəl onun vəziyyətini, yəni nə qədər riskli obyekt olduğunu araşdırırlar. "AXA Mbask" sığorta şirkətinin departament direktoru Əli Nağıyevin sözlərinə görə, burada müxtəlif amillər nəzərə alınır: "Məsələn, obyektdə yanğına qarşı mühafizə cihazlarının (sensorların) olması, obyektdəki yanğınsöndürmə qurğularının sayı və növü və s. Yalnız bütün bu amilləri qiymətləndirəndən sonra obyektdəki malların sığortalanması barədə qərar veririk".

Ən mühüm məsələlərdən biri obyektin yanğın söndürmə məntəqəsindən hansı məsafədə yerləşməsidir. Sığorta şirkətləri üçün bu məsafənin az qala hər metrinin əhəmiyyəti var. Yerləşmə baxımından ən təhlükəsiz obyektlər şəhərin mərkəzinə daha yaxın olanlardır - çünki bura yanğınsöndürənlərin vaxtında çatması imkanı daha böyükdür. "Ona görə də mərkəzdə olan binalar, şəhər kənarındakılara nisbətən daha az riskli sayılırlar"-deyə "Buta sığorta" şirkətinin layihə rəhbəri Orxan Sadiqov bildirir.

Əgər obyekt yanğın təhlükəsizliyi tələblərinə cavab vermirsə, sığorta şirkətlərinin bir hissəsi onları sığortalamaqdan ümumiyyətlə imtina edirlər. Ə.Nağıyevin sözlərinə görə, "sığortalanan obyektə yanğınsöndürənlərin gəlməsi üçün maneələr mövcuddursa, belə obyektləri sığortalamaqdan çəkinirik, çünki belə obyektlər yüksək risk qrupuna aiddir".

Araşdırma zamanı obyektin yeri ilə yanaşı, onun sürüşmə zonası olub- olmaması da yoxlanır. "Qarant Sığorta" şirkətinin şöbə müdiri Emil Tahirovun sözlərinə görə, bu xüsusilə anbarlara aiddir: "Hətta anbarda malların necə yığılması da riskləri artırıb azaldır. Çünki ola bilər ki, anbarı su bassın və bu zaman mallar düzgün yığılıbsa, zərər az olacaq". Yeri gəlmişkən, subasma baxımından daha təhlükəli obyektlər metro və keçidlər sayılır.

Bununla yanaşı, elə obyektlər, yəni ticarət mərkəzləri var ki, orada çalışan sahibkarlar mallarını sığortalamaq üçün müraciət etsələr, şirkət buna dərhal razılaşar. Söhbət "Metropark" və ya "Park Bulvar" kimi müasir ticarət mərkəzlərindən gedir.

Doğrudanmı həmin mallar yanıb?

Sığorta şirkətlərinin digər maraqlı tələbi hadisə, məsələn yanğın zamanı obyektdə olan malların təsdiqlənməsidir. Belə ki, mallar sığortalananda onların şirkətin dövriyəsində olması barədə təsdiqləyici sənədlər tələb olunur. Məsələn mağazada yanğın baş veribsə, sahibkar burada korlanan malların miqdarını bildirəndə həmin malların doğrudan da yanın zamanı mağazada olduğun sübut etmək üçün onların sənədlərini təqdim etməlidir. Bu tələbə görə sığorta şirkətlərini qınamaq lazım deyil: obyekti qəsdən yandırıb pul qazanmaq üsulu az qala sığortanın özü ilə birlikdə yaranıb və fırıldaqçılar bundan indiyədək geniş istifadə edirlər.

Ən xatalı mallar hansıdır?

Obyektdəki malların sığortalanması barədə qərar və tarif dərəcələri malların növündən də asılıdır. Çünki elə mallar var ki, hətta yanğın zamanı yanğınsöndürmə briqadası vaxtında gəlsə də, odu söndürəndə ona suyun dəyməsi kifayətdir ki, o öz keyfiyyətini itirsin və ya korlansın.

Ona görə də sığorta şirkətləri bəzi malları sığortalamaqdan ehtiyat edirlər, ya da bunu daha yüksək qiymətə edirlər. Bu xüsusilə tez alışan mallara aiddir, məsələn parfümeriyaya. "Qarant Sığorta"nın şöbə müdiri E.Tahirov bildirir ki, parfümeriya mallarının tərkibində spirt olduğuna görə onlar, xüsusilə də dezodorantlar yanğına qarşı çox həssasdırlar.

"Parfümeriya kimi mallardan uzaq durmağa çalışırıq. Bundan başqa paltarlar da tez alışan olduğuna görə, yüksək riskli təbəqəyə aiddir. Amma obyektlər lazımi kriteriyalara cavab verərsə, onları da sığortalamaq olar"-deyə "AXA Mbask" sığorta şirkətinin departament direktoru Ə.Nağıyev bildirir.

"Buta sığorta" şirkətinin nümayəndəsi Orxan Sadiqov isə bu siyahıya şüşə-qabqacaq, elektronika və oyuncaqları da əlavə edir: "Şüşə mallar sınmağa çox meyillidir, elektronika məmulatları da yanğından tez zərər çəkir və böyük ziyana səbəb olur ".

Sığortalanmaq neçəyədir?

Nə qədər qəribə görünsə də, sahibkarlar belə böyük risklərdən o qədər də böyük olmayan sığorta haqqı ödəməklə qoruna bilərlər. Belə ki, sığorta şirkətlərindən verilən məlumata görə, obyektdəki malların sığortalanması üçün sığorta tarifləri maın dəyərinin 0,2-0,5%-i qədərdir. Müqayisə üçün bildirək ki, bu avtomobillərin kasko sığortasından 6-15 dəfə ucuzdur. Yəni hər hansı sahibkar öz obyktindəki malları avtomobilindən 10 dəfə ucuz qiymətə sığortaya bilər. Məsələn hər hansı obyektdə 20 min manatlıq mal varsa, onların sığortalanması sahibkara 40-100 manata, 50 min manatlıq mal olduqda isə 100-250 manata başa gələcək.

Bundan başqa, bəzi mallar üzrə ayrıca sığorta məhsulları da mövcuddur. Məsələn, "Buta sığorta"nın "Elektron cihaz" sığortası ilə satışda olan elektron cihazları - televizor, kompüter və s. malları sığortalamaq mümkündür. Sığorta haqqı cəmi 0,3%-dir. Məsələn, mağazada 20 min manatlıq cihaz varsa, onun sığortası cəmi 60 manat təşkil edir.

Malların məbləğini və hadisə baş verəcəyi təqdirdə dəyə bilən zərəri nəzərə alanda, qətiyən böyük məbləğ deyil. Üstəlik malların dəyəri artdıqca, tariflər aşağı düşür.