Analitika

01 January
2

Avtomobil sahibləri üçün «qara siyahı»

Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə Bonus-Malus sisteminin tətbiqinə başlanıb

Yaxşı sürücü kimdir? Yol hərəkəti qaydalarını pozmayan, qəza törətməyən və ...sığorta haqqını aşağı tariflə ödəyən. Bəli, Azərbaycanın sığorta sektorunda bir qədər əvvəl tətbiq olunmuş yeni sistemə görə, yaxşı, yəni qəza törətməyən sürücülər daha az, problemli sürücülər isə daha böyük məbləğdə sığorta haqqı ödəyəcəklər. Yəni nə qədər sığorta haqqı ödəmək sürücünün özündən asılı olacaq.

Ədalətli sığorta

Bu il yanvarın 15-dən İcbari Sığorta Bürosu “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Bonus-Malus sisteminin tətbiqinə başlayır. Adı bir qədər gülməli səslənən bu sistem avtomobil sürücüləri, ümumiyyətlə ölkənin sığorta bazarı üçün mühüm əhəmiyyət daşıyır. Məlumat üçün deyək ki, Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.
Daha sadə desək, Bonus-Malus sisteminin tətbiqindən sonra pis sürücülər yüksək, yaxşı sürücülər isə daha az sığorta haqqı ödəyəcəklər. Və bu - ədalətlidir.

Hər şey sizin öz əlinizdədir...

Əslində hələ bir neçə il əvvəl sığorta mütəxəssisləri avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasından danışanda sığorta haqqının sürücülərin məsuliyyətindən asılı olmasının vacibliyini dönə-dönə qeyd edirdilər. Doğrudan da, qəzaya meylli, yəni əvvəllər qəza törətmiş sürücünün yenidən qəza törətmək ehtimalı nisbətən sakit sürücüdən böyükdür. Yeni tətbiq edilən yeni sistem də bu ehtimalların dəqiq hesablanmasına əsaslanır.
Nəticədə, indi avtomobil sahiblərinin mülki sığortası zamanı ödənilən sığorta haqqı avtomobilin növü (minik, yük və ya avtobus olmasından), mühərrikinin həcmi, fiziki və ya hüquqi şəxsə məxsus olması ilə yanaşı avtomobil sahibinin əvvəllər sığorta hadisəsi yaradıb-yaratmaması, yəni qəza törədib-törətməməsindən də asılıdır.

Sığorta sinifləri - lap orta məktəbdəki kimi

Bonus-Malıs sistemi Azərbaycanda 2012-ci ilin əvvəlindən sonundan qüvvəyə minmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması» Qaydasında nəzərdə tutulub. Bu qaydalara əsasən sığortalılar əvvəlki il ərzində qəza-törədib törətməməklərindən asılı olaraq VM siniflərinə bölünürlər. Bunu avtomobil sahiblərinin etibarlılıq dərəcəsi də adlandırmaq olar. Siyahıda 17 sinif və hər sinifə uyğun əmsal var. Avtomobil sahibi sığorta haqqı ödəyəndə sığorta məbləği bu əmsala vurulur. Avtomobil sahibi nə qədər etibarlı olsa, onun daxil olduğu sinif də bir o qədər yüksək olacaq və ödədiyi sığorta haqqı aşağı düşəcək. İlk dəfə sığorta olunan avtomobil sahibi 6-cı sinifə daxil edilir. Burada əmsal 1-dir. Ən sərfəli sinif, yəni sığorta haqqının ən aşağı olduğu sinif 17-cidir, burada əmsal 0,45-dir. Ən çox sığorta haqqını isə 1-ci sinifə daxil olanlar ödəməli olacaqlar, burada əmsal 3-dür (Cədvəl 1). Məsələn, Bakı cavanları arasında məşhur olan «VAZ 2107»-nin sahibi mülki məsuliyyətini sığorta etdirəndə ilk dəfə (yəni əmsal 1 olanda) 75 manat ödəməli olacaq. 1-ci sinifə daxil olan (yəni ən problemli) sürücülər üçün bu məbləğ 3 dəfə artıq, yəni 225 manat təşkil edəcək, 17-ci sinifə daxil olanlar üçün isə belə avtomobilin sığortası 33,75 manata başa gələcək. Bir sözlə, etibarlı sürücülərin ödədiyi sığorta haqqı problemləri sürücülərdən təqribən 7 dəfə az olur.

Etibarı qazanmaq çətindir, itirmək asan

Amma necə deyərlər, bu etibarı hələ qazanmaq lazımdır. Bonus-Malus sisteminə əsasən hər bir avtomobil sahibinin hansı sinifə daxil olması ötən ilin nəticələrinə görə müəyyən edilir. Birinci dəfə sığortalanan sürücü 6-ci sinifə daxil olur. Sığorta hadisəsi,yəni qəza törətməyənlər, orta məktəbdəki kimi hər il növbəti sinifə keçirlər.
Yəni Bir il ərzində sığorta hadisəsi, yəni qəza törətməyibsə, gələn il artıq 7-ci sinifə keçirilir. Burada isə əmsal 0,95-dir və sığorta haqqı 71,25 manat olacaq. Yəni avtomobili bir il qəzasız sürənlər gələn il 5% az sığorta haqqı ödəyəcəklər. Qəzasız keçirilən hər il sürücünü bir sinif yüksəldəcək. Bu qayda isə 2 ildən sonra sığorta haqqı 67,5 manat, 4 ildən sonra 60 manat, 6 ildən sonra 52,5 manat və s. davam edəcək. 10 illik qəzasız müddət sürücünü 17-ci sinifədək yüksəldəcək ki, bu da sığorta haqqının birinci ildəkinə nisbətən 2 dəfədən də çox azalması deməkdir.
Qəza törədəndə isə vəziyyət dəyişir. Qəzanın baş verməsi nəticəsində sürücünün sinfi sürətlə azalmağa başlayır. İlk dəfə sığorta olunmuş sürücü il ərzində bir qəza (yəni sığorta hadisəsi) törətsə yerini 30% itirir, yəni 4-cü pilləyə düşür. İki qəza hadisəsi törətsə, 50% geriləyərək 3-cü pilləyə, üç qəza törədənlər isə 80% geriləməklə 2-ci pilləyə düşəcəklər. İl ərzində dörd və ya daha çox qəza törədənlər isə avtomatik olaraq 1-ci sinifə keçirilir, yəni sığorta haqqını ən böyük tariflərlə ödəməli olurlar.
Başqa sözlə, etibarlı sürücü kimi tanınıb 17-ci pilləyə qalxmaq üçün 10 il vaxt tələb olunursa, il ərzində 4 dəfə qəza törədib ən problemli sürücü «titulunu» qazanmaq olar. 17-ci sinifə daxil olanlar hər il bir qəza törətsələr cəmi 6 ilə ən aşağı pillədə olacaqlar.
Başqa sözlə, sığorta agentləri sürücülərə «Hər şey öz əlinizdədir» deyəndə təkcə sükanı yox, həm də sığorta haqlarını nəzərdə tuturlar.

Cədvəl 1. Bonus-Malus sinifləri və əmsalları

BM siniflər

BM əmsallar

17

0,45

16

0,50

15

0,55

14

0,60

13

0,65

12

0,70

11

0,75

10

0,80

9

0,85

8

0,90

7

0,95

6

1,00

5

1,25

4

1,60

3

2,00

2

2,45

1

3,00