Analitika

01 Yanvar
3

Əhali üçün sığorta peyvəndi

Azərbaycanın Şəki-Zaqatala bölgəsində ötən il baş verən zəlzələ yerli sakinlərin sığortaya münasibətini dəyişməyə başlayıb.

Zəlzələdən keçən bir il ərzində həmin zonadan yüzlərlə yerli sakin daşınmaz əmlakının sığortası üçün sığorta şirkətlərinə müraciət edib. Hərçənd ölkə əhalisinin böyük əksəriyyəti hələ də daşınmaz əmlakın icbari sığortasına kifayət qədər maraq göstərmir. Risklərin reallığına, sığorta xərclərinin aşağı olmasına və maarifləndirmə tədbirlərinə baxmayaraq, vətəndaşların əksəriyyəti sığortanın bu növündən istifadə etmir. Nə qədər təəccüblü olsa da, ekspertlərin fikrincə, daşınmaz əmlakın icbari sığortasına mane olan əsas səbəblərindən biri məhz təbii fəlakətdən zərər çəkən vətəndaşlara dövlətin göstərdiyi yardımdır.

Könüllü icbari sığorta

Azərbaycanda daşınmaz əmlakın (mənzil və evlərin) icbari sığortasını nəzərdə tutan «İcbari sığortalar haqqında» qanunun qəbul edilməsindən keçən təqribən il yarım ərzində aparılan maarifləndirmə, təbliğat və izahat işlərinə baxmayaraq, ölkədəki əmlakın cüzi hissəsi sığortalanıb. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, bu gün ölkədə hərəkətdə olan avtomobillərin azı 90%-i sığortalandığı halda, mənzillərin yalnız 25%-i sığortalıdır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramovun sözlərinə görə, bunun əsas səbəbi əhalinin sığortaya aid məlumatının azlığı, əmlakın icbari sığortası prosesinə ciddi nəzarət mexanizminin olmamasıdır. Hazırda daşınmaz əmlakın icbari sığortasına nəzarət prosesi yerli icra hakimiyyətlərinə həvalə edilsə də, yerli icra hakimiyyətlərinin bu məsələyə təsir imkanları və rıçaqları yoxdur. Əmlakla bağlı əməliyyatlar (alqı-satqı, girov qoyma və s.) icra hakimiyyətlərinin səlahiyyətlərindən kənarda olduğuna görə, onların bu sahədə vətəndaşlara təsir imkanları cüzidir. Nəticədə, daşınmaz əmlakın icbari sığortasına hələlik yeganə nəzarət notariuslar vasitəsilə həyata keçirilir. Bir qədər əvvəl qəbul edilmiş qaydalara əsasən, daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması və ya icarəyə verilməsinin rəsmiləşdirilməsi zamanı notariusa evin icbari sığorta olunması barədə sənəd də təqdim etmək lazımdır. Amma bu üsul həmişə effekt vermir - evlə əməliyyat aparmayanlar bu tələbi hiss etmirlər: «Adı icbari olsa da, əmlakın sığortası əslində icbari-könüllüdür. Yəni, vətəndaş evi satmasa, girov qoymasa, notariusda hər hansı əməliyyat aparmasa, ondan evini sığortalamaq tələb olunmur».

Daşqınlardan sonra

Son illər Azərbaycanda baş verən iri təbii fəlakətlər, o cümlədən 2010-cu ildə Muğan bölgəsindəki daşqınlar və onun nəticəsində vətəndaşlara külli miqdarda ziyan dəyməsi də ölkə əhalisinin daşınmaz əmlakın icbari sığortasına münasibətinə ciddi təsir etməyib.

«AXA-Mbask» sığorta şirkətinin Cənub bölgə filialının müdiri Rəşad Əliyevin sözlərinə görə, daşqınlardan sonra daşınmaz əmlakın sığortası ilə bağlı müraciətlərin sayında dəyişiklik demək olar ki, yoxdur. Daha dəqiq, müraciətlərin cüzi - təqribən 10% artımı qeydə alınıb. Lakin müşahidələr göstərir ki, bu, əhalinin öz təşəbbüsü ilə deyil, əmlakla əməliyyatların aparılması üçün - notariusların tələbi ilə baş verib: «Başqa sözlə, daşqınlar demək olar ki, heç nəyi dəyişməyib».

Belə vəziyyətdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əsas yük dövlətin və dövlət büdcəsinin üzərinə düşür. Təqribi hesablamalara görə, dövlət son illər baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 600 mln. manat (təxminən 765 mln. dollar) vəsait xərcləyib. Bu vəsait hesabına minlərlə ev təmir edilib və ya yenidən tikilib, sakinlərə kompensasiya verilib. Ötən il Şəki-Zaqatala bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında da eyni üsul tətbiq edilib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanovun sözlərinə görə, qəzalı vəziyyətdə olan evlərin sahiblərinə FHN tərəfindən ev tikilir. Qəzalı olmayan və yalnız bərpa işləri aparılması tələb olunan evlərin sahiblərinə isə Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən 4-7 min manat yardım edilir. Sahəsi 100 kv.m-ə qədər olan evlərə 4 min manat, 100-150 kv.m olan evlərə 5 min manat, 200 kv.m-ə qədər - 6 min manat, 200 kv.m-dən artıq olan evlərin sahibləri isə 7 min manat yardım alırlar.

Sığorta bazarında zəlzələ

Bununla yanaşı, Şəki-Zaqatala zonasında baş verən zəlzələ zamanı daşınmaz əmlakın icbari sığortası mexanizmi özünü ilk dəfə göstərib – evlərini icbari sığorta etdirmiş bəzi sakinlər sığorta şirkətlərindən kompensasiya alıblar.

Şirkətin Aran bölgə filialının müdir müavini Asif Əsədullayevin sözlərinə görə, Şəki və Zaqatalada «AXA-MBask»ın sığortaladığı bir neçə ev zəlzələ nəticəsində zərər gördüyünə görə, onların sahiblərinə kompensasiya ödənilib: «Zaqatalanın Aşağı Tala kəndində zəlzələ nəticəsində yararsız vəziyyətə düşən evin sahibinə 41 min manat sığorta ödənişi verilib. Şəkidə isə bir neçə belə ev var. Onların sahiblərinə müxtəlif məbləğlərdə, məsələn, 8 750 manat, 9 300 manat, 11 200 manat kompensasiya verilib. Hətta divarının suvağı çatlamış evin sahibi də şirkətdən 200 manat ödəniş alıb».

Doğrudur, bu evlərin də əksəriyyəti alqı-satqı və ya bank əməliyyatları səbəbindən sığorta olunanlardır, onlardan yalnız birinin sahibi əmlakını könüllü olaraq icbari sığorta etdirib.

Ümumilikdə, şirkət zəlzələ nəticəsində zərər çəkmiş əmlak sahiblərinə 87 min manata yaxın ödəniş edib. Bu, dövlətin ayırdığı puldan az qala 10 min dəfə az olsa da, onun nəticələri daha ciddi ola bilər.

Belə ki, bu ödənişlərdən, ümumiyyətlə, zəlzələdən sonra əmlakın sığortası üçün müraciətlərin sayı qat-qat artıb. «Biz müştərini razı salmaq üçün əlimizdən gələni etdik və bunun nəticəsi oldu – indi bizə müraciətlərin sayı kəskin artıb», - deyə şirkət rəsmisi vurğulayıb. Ödənişləri görən əmlak sahibləri əmlaklarını sığortalamağa başlayıblar. Qısa müddətdə şirkətə 100-dən artıq müraciət edilib.

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun sözlərinə görə, ödənişlərin sayı az olsa da, əhaliyə təsir edib: «İnsanlar görəndə ki, ödənişlər var və bu mexanizm işləyir, onlar da həvəslənirlər».

Amma bütün bunlara baxmayaraq, ölkədə daşınmaz əmlakın icbari sığortası hələ də aşağı səviyyədədir və bunun əsas səbəbi - təbii fəlakət zamanı əhaliyə dövlətin yardım etməsidir.

Qayğıkeşə arxayınlıq

«Bizim qayğımıza qalan var», - regionlarda sığortanın vacibliyi barədə maarifləndirmə işi aparanlar yerli əhalidən ən çox bu sözü eşidirlər. R.Əliyevin sözlərinə görə, dövlətin yardımlarına arxayın olan əhali bu məsələyə barmaqarası baxır: «Biz əhali ilə görüşlərdə, məktəblərdə və s. yerlərdə sığorta ilə bağlı maarifləndirmə işləri aparanda prezidenti göstərib deyirlər ki, «narahat olmayın, bizim qayğımıza qalan var».

Zaqatala rayon icra başçısının müavini E.Ramazanovun sözlərinə görə, əhali ilə görüşlərdə və tədbirlərdə sakinlərə xəbərdarlıq edilir ki, bu yardımlar (yəni, zəlzələdən zərər çəkmiş evlərin dövlət hesabına təmiri və ya yeni evlərin tikintisi) istisna hallarıdır: «Bütün tədbirlərdə, o cümlədən, yeni tikilən yaşayış evlərinin açarlarının təqdimatında da yerli sakinlərə xatırlatdıq ki, bu sığorta sisteminin tam işə düşmədiyi bir şəraitdə dövlətin etdiyi yardımdır. Gələcəkdə belə bir hallar gözlənilmir – hər bir kəs öz əmlakını sığortalamalıdır».

Lakin əhali belə hal bir də baş verərsə, dövlətin yenə də vətəndaşlara kömək edəcəyinə əmindir: «Dövlətin qayğısı insanlarda arxayınlıq yaradır».

Hərçənd qanuna görə, dövlətdən yardım almaq üçün də əmlak sığortalanmalıdır. Belə ki, qanunvericilikdə nəzərdə tutulan mexanizmə əsasən, əgər təbii fəlakət zamanı zərər dəyən evin icbari sığortası yoxdursa, dövlət tərəfindən göstərilən yardım bu zərərin 20%-dən artıq olmamalıdır. Başqa sözlə, dövlət sığortasız evlərə dəyən zərərin yalnız 1/5-ni ödəməyi boynuna götürüb və bu məntiqidir, əgər vətəndaş evinin təhlükəsizliyini özü düşünmürsənsə, dövlət niyə düşünməlidir?

İcbari yoxsa könüllü

Yeri gəlmişkən, daşınmaz əmlakın icbari sığortasının tətbiqi əksər vətəndaşların diqqət yetirmədiyi maraqlı yeniliklərə səbəb olub. Müştərilər bu yeniliklərlə yalnız bilavasitə sığorta prosesində üzləşirlər. Məsələn, qanuna əsasən, evlər və ya mənzillər üzrə icbari sığorta məbləği maksimum 25 min manatdır. Yəni, hadisə baş verəndə icbari sığortaya görə, maksimum bu qədər kompensasiya almaq mümkündür. Lakin evin və ya mənzilin qiyməti yüksəkdirsə, bu məbləğ kifayət etməyə bilər. Ona görə də, qiyməti daha baha olan ev və ya mənzil sahibləri bu qanun əsasında əmlakını icbari sığorta ilə yanaşı, könüllü qaydada da sığorta edə bilərlər. Yəni, əmlakın 25 min manatlığa qədər hissəsi icbari sığortanın hesabına, bundan artıq olan hissəsi isə könüllü sığortanın hesabına qorunacaq. Nəticədə, hər hansı hadisə baş verərsə, zərərin ilk 25 min manatı icbari sığorta, bundan artıq hissəsi isə könüllü sığorta vasitəsilə ödəniləcək.

Amma bu qaydanın o biri üzü də var. Yəni, əmlak sahibi əmlakını icbari sığorta etdirmədən birbaşa könüllü sığortaya üz tutarsa, onda həmin şirkət əmlakı icbari sığortanın sığorta məbləğini nəzərə almaqla sığortalayacaq. Yəni, könüllü sığorta yalnız o zaman işə düşəcək ki, zərərin məbləği 25 min manatı keçsin - şirkət bu zərərin yalnız 25 min manatından sonrakı hissəsini ödəyəcək. Çünki qanuna görə, vətəndaş əmlakını hökmən icbari sığortalamalı idi və bunu etsəydi zərərin ilk 25 min manatını icbari sığortadan ala bilərdi.

Başqa sözlə, vətəndaş əmlakını icbari sığorta etdirmədən könüllü sığorta etdiribsə, və onun əmlakına, məsələn, 40 min manat ziyan dəyibsə, könüllü sığortanı edən şirkət bu zərərin yalnız 15 min manatını – yəni, 25 min manatdan sonrakı hissəni ödəyəcək. Burdan çıxan nəticə odur ki, əgər evi sığorta etdirmək istəyiriksə, əvvəlcə icbari sığorta edib sonra könüllüyə üz tutmaq lazımdır.

Alman təcrübəsi

İnkişaf etmiş ölkələrin əksəriyyətində hətta təbii fəlakətlər zamanı dəyən zərər əsasən sığorta şirkətlərinin hesabına ödənilir. Dövlət bu məsələyə istisna hallarda qarışır.

Məsələn, 2002-ci ildə Almaniyanın Saksoniya vilayətində daşqınlar baş verəndə məlum oldu ki, buradakı əmlakın əksəriyyəti sığortalı olsa da, sığorta riskləri arasında daşqın nəzərdə tutulmayıb, ona görə də əmlak sahiblərinin az hissəsi kompensasiya ala bildi. Nəticədə, zərər dövlət tərəfindən ödənildi. Amma elan edildi ki, bu sonuncu dəfədir və bundan sonra əmlakı daşqınlardan da sığortalamaq lazımdır. Paralel olaraq daşqınlardan və digər təbii fəlakətlərdən sığortanın əhəmiyyəti ilə bağlı geniş maarifləndirmə kampaniyası keçirildi və əhali öz əmlakını digər risklərlə yanaşı təbii fəlakətlərdən də sığortalamağa başladı.

İnzibati tədbirlər məsləhət deyil

Mütəxəssislər əhalinin sığortaya marağının az olmasını əsasən informasiya qıtlığı ilə izah edirlər: «Regionlarda hər iki nəfərdən biri hesab edir ki, sığorta şirkətlərinin əsas məqsədi aldatmaqdır». Sığortanın populyarlaşması üçün əsas yol maariflənmədir. N.Xəlilov bu sahədə əhalinin könüllülüyünün böyük rol oynadığını bildirir: «Bu sahədə məcburiyyət xarakterli tədbirlər tətbiq etmək çətindir. Ona görə də əsas diqqət maarifləndirmə və təşviqata yönəldilməlidir».

O.Bayramov da icbari sığortanın genişlənməsi üçün inzibati tədbirlərin əleyhinədir: «Sığorta bir xidmətdir və insanları bu xidməti zorla almağa məcbur etmək olmaz».

Ayrı-ayrı sığorta hadisələri də əmlakın sığortasının əhəmiyyətini daha yaxşı hiss etdirir. R.Əliyevin sözlərinə görə, məsələn, yanğın baş verəndə insanlar sığortanın vacibliyini anlayırlar: «Dəfələrlə olub ki, yanğın baş verəndən sonra həmin evin sahibləri gəlib evlərini sığortalayıblar». A.Əsədullayev isə şirkətin bir qədər əvvəl ildırım vurmuş evə kompensasiya ödəməyə hazırlaşdığını bildirir: «Evin dam örtüyünə 2200-2300 manat ziyan dəyib. Ona da kompensasiya veriləcək. Ən böyük reklam da bu hadisələrə görə kompensasiyaların ödənilməsidir».

Əhalinin ümumiyyətlə sığorta işinə münasibəti də mühüm rol oynayır. Dünya təcrübəsi göstərir ki, sığortanın bir növündə xidmətdən razı qalan, onun faydasını görən şəxslər digər növlərinə də maraq göstərirlər. Əks halda isə insanların digər növlərə də inamı itir. Bu mənada avtomobillərin və avtomobil sahiblərinin sığortasının dolayısı yolla əmlak sığortasına da təsiri var – avtomobil sahibi sığorta xidmətindən razı qalıbsa, digər əmlakının da sığortalanması haqqında düşünəcək.

Yeri gəlmişkən, mütəxəssislər əhalinin icbari sığortaya imkanının olduğunu bildirirlər. «Dövlət ona 40-50 min manatlıq ev verirsə, nəyə görə vətəndaş bu evi sığortalamağa 25-30 manat pul verməsin? Desəm ki, əhalinin buna imkanı yoxdur – düz olmaz. İnsan həyatı boyu yığıb yaratdığı əmlakın qorunması üçün 25-30 manat ayıra bilər», - deyə E.Ramazanov bildirib.

Dövlət zəmanəti

O.Bayramovun sözlərinə görə, icbari sığortanın genişlənməsi üçün xarici ölkələrdə maraqlı üsullar tətbiq edilir və nəzərdən keçirilir. Gələcəkdə belə mexanizmlərin Azərbaycanda da tətbiqi mümkündür. Məsələn, hazırda Qazaxıstanda «sığorta daxılı» adlanan fondun yaradılması müzakirə edilir. Təklifə görə, əhalinin öz əmlakını sığortalamaq üçün ödədiyi sığorta haqları (yəni, Azərbaycandakı 25 manatlıq ödəniş) sığorta şirkətinə deyil, bu fonda daxil olur. Bu zaman sığorta şirkətləri agent rolunu oynayır – yəni, əhalidən pulun yığılıb fonda köçürülməsini təmin edirlər. Sığorta sertifikatını da şirkət deyil, fond verir və bu fondun işinə dövlət zəmanəti verilir.

Sığorta hadisəsi baş verdiyi halda, fond əmlak sahibinə müəyyən məbləğ – məsələn, 25 min manat ödəyir. Əgər bu pul zərərin ödənilməsi üçün kifayət etmirsə, qalan hissəni dövlət ödəyir. Yəni, dövlət əhaliyə dəyən zərərin hamısını deyil, yalnız bir hissəsini ödəməli olur. Həm dövlətin xərcləri azalır, həm sığorta sistemi işləyir, həm də əhalinin sığortaya inamı artır.

Bundan başqa, əhalinin sığorta haqqını ödəməsini asanlaşdırmaq üçün dünyada müxtəlif üsullar tətbiq edilir. Bunlardan biri inkişaf etməkdə olan ölkələrdə – Çin, Hindistan, Braziliya və s.-də tətbiq olunan «microinsurance» üsuludur. Bu üsulda sığorta haqqı vətəndaşlardan bir dəfəyə deyil, hissə-hissə olaraq digər ödəmələrin tərkibində tutulur. Məsələn, kommunal xidmət haqlarını ödəyəndə hər ay 2 manat da sığorta üçün tutula bilər – sonda bu, illik 25 manata çatır və s. Və ya insanların mobil telefon danışıqlarının haqqını ödəməsi zamanı onunla birlikdə əmlakın sığortası xərci də tutulur. Hazırda belə mexanizmlərin tətbiqi məsələsi müzakirə olunur.